Bir
neçə il əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı
geniş rəy sorğusunda belə qənaətə gəlinmişdi ki, ikinci minilliyin ən
böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil.
Əsasən rəssam və «Mona Liza» əsərinin müəllifi kimi tanınan da Vinçi
zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları
heyrətə gətirir.
Nikahdankənar övlad
Leonardonun
atası Pyero Vinçi yetərincə varlı adam idi. Onlar bir neçə nəsil
notarius kimi çalışırdılar. Son dərəcə diribaş və bic olduqlarından
xeyli torpaq sahələri də vardı. Pyero eyni zamanda boylu-buxunlu,
qadınlara qarşı biganə olmayan bir kişi imiş. Ən azı dörd dəfə evli
olmuşdu və on iki uşağı vardı. Leonardo 15 aprel 1452-ci ildə Katerina
adlı bir kəndli qızından olub. Katerina Vinçi şəhərciyinin yanında
yerləşən üzüm bağları və zeytunluqlarla əhatə olunmuş Ankiano kəndindən
idi. Onun gözəl, ya çirkin, ağıllı və ya yüngülbeyin olması haqda
bioqraflar heç nə yazmır. Bəlli olan odur ki, Leonardo qanundankənar
övlad olub. Katerina sonradan bir kəndliyə ərə gedib. Deyilənə görə,
cənab Pyero da Vinçi Donna Alberiya adlı bir qadınla evlənib, amma dörd
il yaşasalar da, uşaqları olmadığından Leonardonu oğul kimi qəbul edib. O
vaxt kəbindənkənar övladı olmaq böyük qəbahət sayılmırdı..
Pyero
istərdi ki, oğlu da onun kimi notarius olsun. Amma XOŞBƏXTLİKDƏN o
vaxtın qanunlarına görə, kəbindənkənar uşaqlar notarius və həkim ola
bilməzdi.
Florensiya
Oğlunun xüsusi istedadını görən ata Florensiyaya köçür. Nəhayət,
günlərin birində Pyero da Vinçi oğlunun rəsmlərini özünün köhnə dostu,
Florensiyada ən məşhur heykəltəraş, rəssam və zərgər kimi tanınan Andrea
Verokkoya göstərir. Verokko onlara baxanda heyrətə gəlir və deyir ki,
bu uşaq özünü bütünlükdə rəssamlığa həsr etməlidir. 1466-cı ildə
Leonardo şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə başlayır. Çox
keçmədən gənc Leonardoya öz müəllimini ötmək müyəssər olur. Bu, o dövr
idi ki, artıq elm və incəsənətdə İntibah yetişirdi.
Nəhayət, Renessans gəlib Verokkonun emalatxanasına da çatdı. Burada
əl-ələ verib çoxlu rəssam, heykəltəraş, dəmirçi işləyirdi. Elementar
mexaniki işlər də görülürdü. Leonardo rəssamlıq və heykəltəraşlıqla
yanaşı, qazıntı və yük qaldırmaq üçün olan alətlərin mexanizmini də
öyrənirdi. Sonralar bunlar müxtəlif ideya və kəşflər üçün işinə
yarayacaqdı.
Qəribəlikləri
İnsan kimi qəribəlikləri də çox idi. O, bazarı gəzir, qazancı çox
olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib
azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi
də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə
yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri
bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının
sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa
müxtəlif alimlər on illər sərf ediblər.
İudanın «prototipini» harada axtarmalı
Tezliklə istedadlı bir rəssam kimi tanınan Leonardo 1482-1499-cu
illərdə Milanda hərbi mühəndis, arxitektor, heykəltəraş və rəssam
işləyir – hersoq Lüdovik Sfortsanın yanında. Sforsa İtaliyada tiran kimi
tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan hesablaşırdılar. Burdakı
iş Leonardonu təmin etmirdi. Maaşı çox az idi. Hətta deyirlər ki, saray
liliputu da ondan çox qazanırmış. Da Vinçi Milanda Sfortsanın sifarişi
ilə «Gizli şam yeməyi» əsəri üzərində işləməyə başlayır. Rəsmdə İsa
peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Peyğəmbər orada
bildirir ki, həvarilərin biri satqındır. Və təbii ki, bu sözlər
ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal
bacarığını göstərib. Rəsmdə satqın İuda da yer alır. Deyirlər ki,
İudanın sifətinin təsviri üçün Leonardo cinayətkarların toplaşdığı
pritonları gəzib axtarırdı. Amma istədiyini tapa bilmirmiş. Nəhayət, o
cinayətkar yuvalarında axtardığını… monastırda tapır. Özündən son
dərəcədə razı və zəhlətökən priorun (monastır başçısı) başını çəkir.
Bunu eşidən Sfortsa gülməkdən qəşş eləyir: «Sən tamamilə düzgün seçim
etmisən». Da Vinçi Sfortsanın at üzərində 80 metrlik bürünc heykəlini
hazırlamağa başlayır. Amma 1499-cu ildə Fransa kralı XII Lüdovikin
qoşunları Milanı ələ keçirir və orada əsl vandalizm nümayiş etdirir.
Françesko Sfortsanın tamamlanmamış heykəli də məhv edilir. Leonrado
yenidən Florensiyaya qayıtmalı olur.
«At rəssamı»
Florensiya respublikasının dekreti ilə iki böyük rəssama – da Vinçi və
Mikelanceloya (Rafael hələ çox gənc idi) Şura sarayında freska çəkmək
sifariş verilir. Süjet kimi Piza döyüşü nəzərdə tutlurdu. Da Vinçidən
otuz yaş kiçik olan Mikelancelo çox ciddi və təhlükəli rəqib idi.
1503-cü ildə onun əsəri artıq hazır idi. Da Vinçi isə 1504-də işə
başladı. Nəhayət, 1505-ci ildə karton üzərinə çəkilmiş əsərlər Şura
sarayında yanaşı qoyulmuşdu. Amma Florensiya hökuməti onlardan heç
birinə üstünlük verməmək üçün freska çəkiləsi olmayıb. Bu şəkillərin hər
ikisi itib.
Mikelancelo ilə da Vinçinin araları sərin olub. Hətta rəvayətə görə,
bir dəfə rastlaşanda (Da Vinçi ondan otuz yaş böyük olub) Mikelancelo
ona deyib: «At rəssamı! Bürüncdən bir heykəli belə tökə bilməyib biabır
oldun».
Sfumato
Leonardo sənətdə sfumato (italyanca tüstü kimi yox olan) prinsipinin
yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində
həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır,
biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır,
fantaziyaları hərəkətə təhrik edir. O, şəkil çəkərkən qəsdən işlədiyi
otağı tüstü ilə doldurardı ki, tüstü burumlarında, topalarda obrazlar
tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz
təcəssümünü tapdı. O, elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən
asılı olaraq, Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə
dişlərini qıcırdadır. Əsərin ikinci möcüzəsi odur ki, Mona Liza sanki
diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir – dodaqlarının qıraqları
yuxarı qalxır.
Cokonda kim olub
Da Vinçinin bioqrafı Vazari yazır ki, bu əsər konkret sifarişlə
çəkilib: «Leonardo fırçaya sarılıb Françesko del Cokonde üçün onun
arvadı monna Lizanın portretini çəkməyə başladı. Amma üzərində dörd il
işləyib rəsmi yarımçıq qoydu. Bu portret hazırda Fransa kralının
kolleksiyasındadır. Yeri gəlmişkən, Leonardo bu üsula əl atdı: madonna
Liza çox gözəl idi. Da Vinçi xeyli adam toplamışdı. Onlar lirada çalır,
mahnı oxuyurdular. Burada həmişə təlxəklər olurdu. Onlar melanxoliyanı
qovmaq və şən ovqat yaratmaq üçün çalışırdılar». Ziqmund Freyd yazır ki,
bu versiya özünü doğrultmur. Əgər belə idisə, Françesko del Cokondonun
arvadının rəsmi necə olub ki, Leonardoda qalıb və Fransaya aparılıb?
Cokonda üçün 1-ci Fransisk maliyyə problemləri olsa da, ona 45 000 frank
ödəmişdi.
Gülümsə bir az
Nədənsə da Vinçinin bütün rəsmlərində, freskalarında qadınlar sirli bir
tərzdə gülümsəyirlər. Bu təbəssüm və yarımtəbəssümləri kişi rəsmlərində
də görmək olar. «İsa peyğəmbərin xaç suyuna çəkilməsi» rəsmində Yəhya
peyğəmbər xaçı – gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna
Lita qıvrımsaçlı, gələcəyin peyğəmbəri olacaq körpənin üzərinə əyilib
gülümsəyir. Mona («madonna» sözünün qısaldılmış variantı) Liza gülür.
Onun gülüşü haqqında cildlərlə kitablar yazılıb. Araşdırıcılar bir
məsələdə həmrəydirlər: bunlar adi gülüş deyil. Böyük sirləri bilənlərin
gülüşüdür.
Sultan II Bəyazidə məktub
Çox da uzaq olmayan keçmişdə İstambulda Topqapı sarayında bir vərəq
tapılıb. Burada Leonardo da Vinçinin türk sultanı II Bəyazidə məktubu və
onun tərcüməsi var. Məktubun 1502-1503-cü ildə yazıldığı güman edilir.
Burada Leonardo sultana bir neçə ixtirasını təqdim edir. Bunların
sırasında böyük bir körpü layihəsi də var. O vaxt florensiyalılarla
türklər arasında gözəl münasibətlər vardı. Da Vinçi sultana yazır:
«Eşitmişəm, İstambulla Qalatanı birləşdirən körpü tikdirmək istəyirsən,
amma bacarıqlı usta tapmırsan». Da Vinçi altından yelkənli gəmilərin
rahatlıqla keçəcəyi böyük bir körpünün layihəsini yaratmışdı. Leonardo
körpünün ölçülərini qeyd kitabçasında belə verib: eni 40 dirsək, sudan
hündürlüyü 70 dirsək, uzunluğu 600 dirsək – bunun 400-ü su üzərindən,
iki yüzü quruda. Körpünün cızmaqarası da var. O vaxt bir Florensiya
dirsəyi 0,586 metr olub. Beləliklə, körpünün ölçüləri belə olmalı idi:
eni 23,75 metr, sudan hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu
layihə o vaxt həyata keçməyib.
Amma beş yüz il sonra - cəmi bir neçə il bundan əvvəl Norveçdə bu
layihə ilə möhtəşəm bir körpü tikilib. Körpünün təşəbbüskarı olan
Vebyürn Sand yazır ki, öz gözəllliyinə görə da Vinçinin layihəsi çox
cazibədardır. Onun yanında 20-ci əsrin yetmişinci illərinin layihələri
köhnə dəbli görünür.
İxtiraçı da Vinçi
Da Vinçinin maraq dairəsi universal idi. Buraya rəssamlıq,
heykəltəraşlıq, arixitektura, pirotexnika, hərbi və mülki mühəndislik,
riyazi və təbii elmlər, tibb və musiqi daxil idi.
Quşların necə uçmasını araşdıran Leonardo hətta uçmaq qərarına
gəlmişdi. Bunun üçün qanadlar da düzəltmişdi. Uçuş Qu dağı adlanan yerdə
baş tutmalı idi. Yəqin, Qərb Renessansının dahisi ondan hardasa beş yüz
ilə əvvəl – düz 1000-ci ildə Nişapurda məscidin günbəzinə çıxıb
düzəltdiyi cihazla quş kimi uçmağa cəhd edən və yıxılıb ölən dilşünas və
ixtiraçı əl-Cövhəri haqqında eşidibmiş… Yeri gəlmişkən, 15-ci əsrdə
anonim fransız rəssamının çəkdiyi bir rəsmdə İsa peyğəmbərin çağa vaxtı
fırfıra ilə oynaması təsvir olunur. Oyuncağın oxuna propellerə bənzər
nəsə bərkidilib. Görünür, o vaxt belə oyuncaqlar var imiş..
Da Vinçinin maraqlı ixtiralarından biri otuz altı lüləli topdur. Üç
yarusda yerləşən lülələrdən biri atanda o biri soyumalı, üçüncü cərgə
isə doldurulmalı idi. Bu, avtomatik silahların və raket qurğularının
sələfi idi. Bundan başqa o, vertolyotun, sualtı qayığın, skafandrın,
deltaplanın, hətta velosipedin çertyojunu çəkib.
Leonardo Fransada
Leonardo ömrünün qürub çağlarını Fransada keçirib. 1516-cı ildə böyük
rəssam kral 1-ci Fransisk tərəfindən Fransaya dəvət olunur. Ona kralın
baş rəssamı, arxitektoru və mexaniki vəzifəsi təklif olunur. Şahidlərin
dediklərinə əsəasən, o, sarayda müşavir və məsləhətçi kimi fəaliyyət
göstərir. İxtiralarını yenə davam etdirirmiş. Rəvayətə görə, sarayda
olanda Leonardo yayla hərəkət edən mexaniki şir düzəldibmiş. Bir dəfə
msiteriya zamanı şir krala doğru hərəkət edir – sanki üstünə cumacaq.
Fransisk əsa ilə şiri vuranda onun sinəsi açılır və oradan kralın
ayağının altına zanbaq tökülür.
Vazari yazır ki, da Vinçi xəstə olanda kral onu yoluxurmuş. Bir dəfə o
bayılır və Fransisik onu qaldırıb başını dizinin üstünə qoyur. Elə həmin
anda da böyük rəssam canını tapşırır. Bu, 2 may 1519-cu ildə Fransanın
Turen şəhərindəki Klu qəsrində baş verib.
Aforizmləri
*Elm sərkərdə, təcrübə əsgərdir.
*Dəmir istifadə olunmayanda paslanır. Su duranda iylənir, soyuqda donur. İnsan ağlı da istifadə olunmayanda vərəmləyir.
*Orda ki rəssamın əlini ruh idarə etmir, orda sənət olmur. Orda ki fikir əllə birgə işləmir, orada rəssam yoxdur.