Hansı
qadın bədən quruluşunu vurğulayan gözəl və mükəmməl paltar geyinmək
istəməz ki? Məsələn, başda Beyons olmaqla, Şeron Stoun, Salma Hayek,
İrina Şeyk kimi Hollivud ulduzları hesab edirlər ki, qadın qarderobunda
azı 10 belə paltar olmalıdır. Bunun üçün "Herve Leger by Max Azria”
mağazasına daxil olub bandaj donlar almaq kifayətdir. Əlbəttə ki, dəb
sənayesində öz işinin ustası olan yüzlərlə peşəkar dizayner var. Lakin
onların heç biri qadın bədənini Erve Lajer qədər yaxşı tanımırlar.
Maraqlıdır ki, həmin geyimlərin müəllifinin kişi olması heç kimi
təəccübləndirmir.
"Herve
Lager by Max Azria” çimərlik və qadın geyimləri, ayaqqabılar,
aksessuarlar və ətriyyat istehsalında ixtisaslaşan amerikan brendidir.
1985-ci ildə təsis edilən brendin vizit kartı isə bədənə kip yapışan
bandaj donlardır.
Brendin qurucusu haqqında
Brendin
qurucusu Erve Lajer 1957-ci ildə Fransanın Bapoma qəsəbəsində anadan
olub. Məktəbi bitirdikdən sonra Erve bir müddət bərbərlik edib. Lakin
aşıb-daşan yaradıcılıq eşqini bununla öldürə bilməyib. O, incəsənətlə
daha ciddi məşğul olmaq üçün 1973-ci ildə Parisə köçüb. Moda sənayesinə
daxil olmaq üçün əvvəlcə baş geyimləri istehsalı ilə məşğul olub.1976-ci
ildə isə "Venus et Neptune” butikinin sifarişi ilə Elza Skyaparellinin
işlərinin motivləri əsasında şlyapa kolleksiyasını yaradıb.
1977-ci
ildə trikotaj paltar istehsalı ilə məşğul olan "Tan Guidecelli” italyan
moda evində assistent vəzifəsində işləyib. 1981-ci ildə yaxın dostu və
ustadı Karl Lagerfeldlə tanışlığı onun həyatında böyük rol oynayıb.
1984-cü ildə o, Erveyə "Fendi” moda evində assistent vəzifəsində
işləməyi təklif edib. Həmin vaxt Erve "Cadette”, "Lanvin” və "Diane von
Furstenberg” kimi brendlərlə ştatdan kənar əməkdaşlıq edib.
Moda evinin yaranması
Erve
Lajer qeyri-adi qabiliyyəti ilə qısa müddət ərzində moda dünyasında
şöhrət qazanıb. Nailiyyətlərindən həvəslənərək öz şirkətini qurmağa
qərar verib və 1985-ci ildə məqsədinə nail olub. O, həm öz adı ilə qadın kolleksiyaları yaradıb,
həm də "Herve Lager” brendini rəsmi qeydiyyata aldırıb. Elə həmin
ildə dizayner Parisin məşhur ticarət küçəsində ilk butikini açıb.
Dizaynerə böyük şöhrət gətirən orijinal ixtirası
Erve qeyri-adi kolleksiya yaratmaq üzərində uzun müddət baş sındırsa da, 1989-cu ilə qədər buna nail ola bilməyib. Həmin il dizayner bütün dünyada məşhur olan adlı-sanlı bandaj donlar ixtira edib. Ona
dünya şöhrətli dizayner statusunu qazandıran həmin donlar təsadüf
nəticəsində yaranıb. Eyni ilə Nyutonun alma rəvayəti kimi. O,
qeyri-ixtiyari olaraq rezin lentləri manekenin ətrafına dolayıb. Elə bu
vaxt onun ağlına müxtəlif üsullarla lentlərdən sarğı tərzində paltar
yaratmaq kimi parlaq fikir gəlib. Materiallar qismində Erve elatsan
parçadan istifadə edib. Bandaj geyim kolleksiyasının nümayişindən sonra
onlara böyük tələbat olub. Dizaynerin orijinal ixtirası nəinki Fransada,
dünyanın ən qabaqcıl ölkələrində də modapərəstlərin rəğbətini qazanıb.
Dəb tənqidçiləri Erve Lajer ilə bağlı: "Bandaj donlar onsuz da istənilən qadını mükəmməl göstərəcək!”.
Dəb tənqidçilərinin onunla bağlı fikirləri birmənalı olmayıb. Tanınmış
dəb tənqidçisi Syuzi Menkes dizaynerin bu kəşfini moda dünyasının böyük
uğuru kimi qələmə verib. "Vogue” jurnalının tanınmış dəb tənqidçisi
Tim Blanks isə bu paltarı geyinmək üçün ideal bədən quruluşuna ehtiyac
olmadığını, dizaynerin qadın bədənindən başı çıxdığını söyləyib:
Ancaq
dizayneri bu ideyanı Azedina Alayidən oğurlamaqda ittiham edənlər də
tapılıb. Bəzi mənbələrdə bandaj donların Misir kraliçası Kleopatranın
üslubundan qaynaqlandığı göstərilib.
Lakin
bu iddiaların heç biri Erve Lajerin bandaj geyim kolleksiyasını gözdən
sala bilməyib. Xüsusi ilə hippi üslubunun tərəfdarları bandaj donları
böyük məmnuniyyətlə geyinib və öz seksuallığından böyük zövq alıblar.
Müxtəlif üsullarla bir-birinə bərkidilən sarğılar qadın siluetini ideal
şəkildə vurğulayıb. Bu xüsusiyyətlərinə görə, bandaj donları sözün hər
iki mənasında "bomba effekti” adlandırıblar.
Yeri gəlmişkən qeyd edək ki, bandaj donların qiyməti 1000, 2000 və 3000 ABŞ dolları arasında dəyişir.
Dizayner
beynəlxalq dərəcəli dəbə çevrilən bandaj donların tarixinə dair muzey
açmağı düşünməsə də, yaradıcılığını kitab şəklinə salıb: "İncəsənətə
münasibətim kifayət qədər qeyri-adidir. Muzeyləri xoşlamıram, onlar məni
stresə salır. Və beləliklə yaradıcılığımı kitab şəklinə salmaqla
kifayətləndim”.
Qeyd
edək ki, dizayner "Qu gölü” və bir çox teatr tamaşalarının səhnə
geyimlərini yaradıb. Bundan başqa, Devid Bou ilə ailə quran super
model İmanın gəlinlik paltarını da Erve Lajer hazırlayıb.
Moda evinin üstündə qara buludlar
90-cı
illərdə moda evi müflisləşmək təhlükəsi ilə qarşı-qarşıya qalıb. Hətta
1992-ci ildə səhmlərinin 50 faizini "Seagram Group” korporasiyasına
satmaq məcburiyyətində qalıb.
"Hervé Léger by Max Azria”
1998-ci ildən brend "BCBG Max Azria Group” korporasiyasının tərkibinə daxil olub. Beləliklə, Fransız brendini bir Amerika şirkəti alıb. Bu, moda tarixində ilk hadisə olub. Birləşmədən 6 ay sonra Erve Lajer istefaya göndərilib, yerinə isə Cerom Dreyfuss təyin olunub.
2005-ci
ildə brendin ətriyyat xətti işə salınıb. Daha sonra "Herve Lager”
brendi adı altında kəmər, ayaqqabı, çanta, alt paltarı başqa ətir və
ənənəvi bandaj tərzində çimərlik geyimləri istehsalına başlanılıb.
Bandaj donlar möcüzələr yarada bilər
2006-cı ildə markanın kreativ direktoru vəzifəsinə Maks Azriya təyin olunub:
"Markanın
tarixinə çox hörmət edirəm. Bu donları öz tərzimə uyğunlaşdırmaq üçün
texnikanı bir qədər dəyişdirmişəm. Nəticədə qadın siluetini ideal
şəkildə vurğulayan geyimin üslubuna heç bir xələl gəlməyib. Ən əsası,
bandaj donları qlamurluq rəmzinə çevirə bilmişəm. Məhz buna görə də
"Herve Lager” paltarlarına bütün qadınlar heyrandır. Bandaj
donlar möcüzələr yarada bilər. Bu donlar qadın bədəninin cəlbedici
formalarını vurğulayır, qüsurları məharətlə gizlədir. Bütün uğurun əsas
sirri də bundadır!”
Maks
Azriya materiala ipək və ya yun qarışığı əlavə etməklə, donların
keyfiyyətini daha da artırıb. Yarandığı gündən brendin əsas qürur
mənbəyi olan bandaj geyimlər sonuncu kolleksiyalarda tamamilə fərqli
formada təqdim olunub. Dizaynerlər zolaq yamaqlarının yerlərini qurama
tikiş texnikasının köməyi ilə yeni həndəsi naxışlar, saçaqlar, daşlar,
mürəkkəb tikmələr və heyvan naxışlarını xatırladan təsvirlər və digər
dekorativ elementlərlə bəzəyib, nadir konstruksiyalardan istifadə
ediblər. Hər obrazı dana və ya piton dərisindən tikilən kəmər, həmçinin
botilonla tamamlayıblar.
2008-ci
ildən moda evi Nyu-Yorkda təşkil edilən moda həftələrində iştirak etmək
hüququ qazanıb. Elə ilk iştirakı moda evi haqqında dəb jurnallarında
müsbət rəylərin çıxmasıyla nəticələnib.
Əgər siz lezbiyan olduğunuzdan əminsinizsə, onda bu cür don almayın!
Ötən
il "Herve Leger” moda evinin Londondakı nümayəndəsi Patrik Kuderkin
açıqlaması böyük qalmaqala səbəb olub. Dizayner "Mail on Sunday”
qəzetinə verdiyi müsahibə ilə xanımları qəzəbləndirib. O, Kuderk bandaj
donun dolu bədənli, kiçik sinəli və böyük ombalı xanımlar üçün uyğun
olmadığını deyib. Paltarı geyinməyi lezbiyanlara da qadağan edib: "Əgər
siz lezbiyan olduğunuzdan əminsinizsə, onda bu cür don almayın. Çünki
lezbiyanlar kişisayağı paltarı daha çox xoşlayırlar. Sinənizin bir qədər
sallandığını görməyə bilərsiniz. Amma yaşınız 50-55-i haqlayıbsa,
onları nümayiş etdirməyə dəyməz. Özünüzü 23 yaşlı gənc qızlar kimi
aparmayın!”
Xanımların narazılığına səbəb olan bu bəyanata görə, brendin rəhbərliyi üzr istəməklə kifayətlənməyərək Kuderki işdən çıxarıb:
"Şirkət
Kuderkin açıqlamalarından şoka düşüb və hiddətlənib. Biz Londondakı
həmkarlarımızla vəziyyəti aydınlaşdırmağa və növbəti addımlar atmağa
hazırlaşırıq. Mister Kuderkin sözləri brendin ideyası ilə uzlaşmır. Biz
heç bir ayrı-seçkilik qoymadan qadınların öz zərifliyini, həssaslığını,
qlamurluğunu vurğulamağın tərəfdarıyıq”.
Heç
nəyə baxmayaraq, modapərəstlər istənilən kişini valeh edən bandaj
donlardan imtina etmək fikrində deyil. Hillari Daff, Haydi Klum, Mişel
Uilyams, Keti Perri, Cennifer Lopez, Kristina Aqilera, İrina Şeyk, Bleyk
Layvli, Alessandra Ambrosio, Rouz Makqouen, Bar Rafael, Şarliz Teron,
Beyons, Cessika Alba, Paris Hilton, Miranda Kerr, Viktoriya Bekhem, Yeva
Lonqoriya, Nikol Şerzinger, Mila Kunis və başqa məşhurlar qırmızı xalı
mərasimləri üçün bandaj donları sevə-sevə geyinirlər. Bir sözlə, moda
evi beynəlxalq dərəcəli brend olması, eləcə də, böyük müştəriləri cəlb
etməsi, nəhayət, xüsusi tikiş texnikası və bənzərsiz üslubu ilə, sözün
əsl mənasında, öyünə bilər.