O çantanı alanda soyuq tər tökdüm

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 125
Səs ver:
(səs: 0)
Diana Kryuger aktrisalıq karyerasına bundan 14 il öncə başlasa da, çoxları onu 2014-cü il istehsalı olan "Troy” filmindəki Helen obrazı ilə tanıdı. O, hazırda Hollivudun ən çox axtarılan, ən cazibədar aktrisalarındandır.
 
Londonda qırılan xəyallar
Əslində, Diananın uşaqlıq xəyalları səhnə ilə bağlı olsa da, aktrisalıq deyildi. O, balerina olmağı arzulayırdı. Elə bu arzu da onu Almaniyadan Londona apardı. Burada yerləşən "Royal Ballet School”da təhsilə başlayan Diana dərslər zamanı yaralanaraq balet xəyalından vaz keçməli oldu.
 
Parisdə cücərən arzular
Balet arzusu ilə Almaniyadan Londona üz tutan Diana bu hadisədən sonra bu şəhərdə qala bilməyb Parisə getdi. Əvvəlcə, fransız dilini öyrənməyə başladı. Həyatını dəyişdirən hadisələrlə də məhz Parisdə qarşılaşdı.
 
Modellik müvəqqəti çıxış yoludur
Modellik təklifi pul qazanmaq üçün cəlbedici görünürdü. Hətta 1992-ci ildə "Elite Model Look” yarışmasında qalib də gəldi. Lakin modelliyin uzunömürlü peşə olmadığını bildiyi üçün 2001-ci ildə kino sahəsinə addım atdı.
 
Elə ilk filmlə məşhurlaşdı
Onu məşhurlaşdıran "Troy” filmindən sonra Kventin Tarantinonun resissorluğunu etdiyi "Inglorious Basterds” filminə çəkildi. Bu filmlə də uğurunu davam etdirdi.
 
Uğurlarında stilinin payı
Bir çox Hollivud ulduzu kimi Diananın da karyerada yüksəlməsində cazibədarlığının və zövqlü stilinin rolu az deyil. Elə bu səbəbdən qırmızı xalı gecələrinin ən zərif aktrisasının dəb sirrini Publika.az-ın "Onların stili” layihəsində təhlil etmişik.
 
Qu quşu kimi zərif
Diana nə geyinməsindən, necə makiyaj etməsindən asılı olmayaraq, daim zərif görünür. Çoxları onu "Qırmızı xalıda süzülən Qu quşu” adlandırır. Dekolteni çox sevsə və demək olar ki, bütün libaslarında bu detala diqqət etsə də, həddən artıq seksual, bəsit görünmür. Əslən alman olan aktrisanın ruhuna sanki Parisin havası hopub.  O da eynən Paris qadınları kimi, sadəliklə şıqlığın balansını qoruya bilir.
 
Gözəl geyinmək də sənətdir
Dediyinə görə, stilisti yoxdur. Yalnız mükafatlandırma gecələrinə, film təqdimatlarına gedərkən stilistlərlə əməkdaşlıq edir. Ancaq onda da stilistin diqtəsi ilə deyil, öz istəyi ilə geyinir. Daimi stilisti olmasa da, Karl Lagerfeld və Fransisko Kosta kimi məşhur dizaynerlərlə dostdur. Onların məsləhətlərini almaqdan çəkinmir.
 
Gözəl geyinməyin sənətkarlıq olduğunu düşünən Diana libaslarını seçərkən trendlərə yox, ruh halına, özünü necə hiss etmək istədiyinə önəm verir. Məsələn, gecənin əsas qadını olmaq istəyəndə sinə dekoltesinə, geyimini ön plana çıxarmaq istəyəndə isə kürək dekoltesinə üstünlük verir.
 
Diana müsahibələrindən birində deyir ki, geyimdə onun diqqətini çəkən əsas ünsür zövqlü kəsimdir. Klassik kəsimləri xoşlayır.
 
Qırmızı xalı üçün seçdiyi geyimlərinə nəzər salsaq, görərik ki, aktrisa belini vurğulayan modellərə üstünlük verir. O, əsasən, bej və ağ rəngdə geyinir. Ancaq mavinin, narıncının, çəhrayının solğun çalarlarını da özünə yaraşdırır. Libaslarının çoxunda gipür və tül detalları olur. Bu da aktrisanın zərif görünmək üçün əl atdığı hiylələrdən biridir. 
 
Küçə stilində Oksford tipi ayaqqabılara üstünlük verən Diana qırmızı xalıda isə daim hündürdaban, iddialı ayaqqabılarla görünür.
 
Bahalı çanta alarkən əzab çəkən ulduz
 
Diana Kryuger geyinib-kecinməyə əhəmiyyət versə də, israfçılıq etməyi sevmir. Məsələn, bu yaxınlarda verdiyi müsahibəsində bildirib ki, axırıncı dəfə 6 il öncə israfçılıq edib:
 
"Axırıncı dəfə 6 il öncə, moda üçün çılğınlıq etmişəm. Həmişə "Hermes Constance”dan bir çantam olmasını arzulamışam. Ona görə də, "Calvin Klein” ilə müqavilə imzaladıqdan sonra bir çantaya bu qədər pul verə biləcəyimi düşündüm. Ancaq pulu ödəyərkən soyuq tər tökdüm”.
 
Diananın ən sevimli  brendləri "Chanel”, "Calvin Klein”, "Jason Wu”, "Vivienne Westwood”, "Giambattista Valli”, "Jimmy Cho”dur.
 
Təbiətdən ilham alan makiyaj
 
Diana Kryugerin makiyajında qəhvəyi, solğun mavi, açıq yaşıl, gül qurusu kimi təbiət rəngləri üstünlük təşkil edir. O, makiyajda, demək olar ki, daim gözlərini vurğulayır. Bunun üçün qəhvəyi və ya mavi göz kölgəsindən istifadə edir. Yanaqlarına şaftalı rəngində ənlik çəkən aktrisa dodaqlarını bej və ya qəhvəyi dodaq boyası ilə rəngləndirir. Onu çox nadir hallarda da olsa, qırmızı dodaq boyası ilə görmək mümkündür.
 
İpək kimi yumşaq, qızıl parıltılı saçlar
Aktrisanın saçları da qüsursuzdur. Daim parıldayan, gözəl forma verilmiş saçları onun Paris qadını obrazını tamamlayır. Diana müxtəlif saç formalarına müraciət etməyi xoşlayır. Demək olar ki, hər cür modeli sınaqdan keçirir. Çünki mükəmməl üz quruluşu buna imkan verir. Dalğalı saçları daha çox sevir. Bundan başqa, qeyri-adi hörüklər və dağınıq toppuzları da xoşlayır.
 
Dianadan xanımlara dərs: sevgilisinin stilini necə dəyişdirdi?

13 yaşında ikən anası və böyük qardaşı ilə birgə atasını tərk edən Diana çətin günlər yaşayıb. Aktrisa uşaqlıq dövründə atası üzündən çəkdiyi əzabların acığını həyatına daxil olan kişilərdən çıxardığını bildirir. O, erkən yaşda evlənib-boşanıb. İndi isə heç kimə bağlana bilmir. Azadlığına düşkün olduğu üçün evlilik həyatından qorxduğunu düşünür. Diana bir dostunun məsləhətini əsla unutmayacağını deyir:
 "İnsanlar yolun sonunda evlənməlidirlər, yolun başında yox”.
 
Bütün bunlara baxmayaraq, o, 7 ildir ki, kanadalı aktyor Coşua Ceksonla sevgilidir. 40 yaşlı aktrisa özündən 3 yaş kiçik olan sevgilisi ilə münasibətlərinin heç də qüsursuz olmadığını hər fürsətdə dilə gətirir. O, "Marie Clarie” jurnalına verdiyi müsahibədə belə deyib:
 
"Münasibətləri davam etdirmək üçün terapevtlə görüşmək lazımdır. Psixoloji dəstək almasam, bu qədər uzun müddət birlikdə ola bilməzdik”
 
Diana evdə öz sözünü keçirməyi sevən xanımdır. O, hətta sevgilisinin geyim stilini də dəyişdirib. Zövqlü görünməyi həyat tərzinə çevirən aktrisa sevgilisinin şıq və xarizmatik görünməsi üçün əlindən gələni edib.
 
Diana ilə sevgili olduqdan sonra daha şıq geyinməyə məcbur qalan Coşua deyilənə görə, halından məmnundur.
 
Diana eqosit olduğunu gizlətmir və kişiləri olduğu kimi qəbul etməyin axmaqlıq olduğunu düşünür:
 
"Münasibət yaşadığınız insanın sizin sevdiklərinizi xoşlamasını istəyirsiniz. Bəlkə sizə qəribə gələ bilər, ancaq mənim üçün bu, mütləqdir. Biz alış-verişə birlikdə gedirik, Coşuanın bundan zövq aldığını düşünürəm. Mən onun düz 1 il yarım dayanmadan geyindiyi mavi rəngli idman ayaqqabısından nifrət edirdim. Kişilərə "Bu sənə daha çox yaraşır”,- deyərək, zövqünüzə uyğun geyinmələrini təmin edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri