Yazıçı
– dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral
1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə
mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci
ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət
İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir(1887-1897).İlk
məlum bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini,
«Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur)
povestini də bu dövrdə yazmışdır. 1896-cı ildə ilk ailə həyatını
qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə
xanım vəfat etmişdir.
1895-ci
ilin yayında Moskva və Sankt-Peterburqa getmiş, bu şəhərlərin mədəni
həyatı ilə tanış olmuşdur. 1904-cü ildən Tiflisdə nəşr edilən «Şərq –
Rus» qəzetinin redaksiyasında işləmişdir. Cəlil Məmmədquluzadənin yazıçı
və jurnalist kimi püxtələşməsində «Şərqi – Rus» qəzetinin və onun
redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 12 noyabr 1903-cü ildə
"Poçt qutusu” əsərini yazmışdır. 1904-cü ildə həmən əsər "Şərqi-Rus”
qəzetində çap olunmuşdur., «Kişmiş oyunu», L.Tolstoydan tərcümə etdiyi
«Zəhmət, ölüm və naxoşluq» hekayələri əvvəlcə bu qəzetdə dərc
edilmişdir.
1904-cü
ilin noyabrından Cəlil Məmmədquluzadə «Şərqi – Rus» qəzetinin müvəqqəti
redaktoru olmuşdur. 1905-ci ilin əvvəllərində «Şərqi – Rus» bağlananda
Cəlil Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər
tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona «Qeyrət»
adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı
uşaqlar üçün məktəb və pansion açmışdır.
7
aprel 1906-cı ildə, Tiflisdə "Molla Nəsrəddin” jurnalının ilk nömrəsi
çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci
illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə,
1922-1931-ci illərdə isə Bakıda nəşr olunmuşdur.
«Molla
Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə
Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını
qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» adı ilə
məşhur oldu. Ö.F. Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi,
Ə.Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş
rəssam O.Şmerlinq, J.Rotter, Ə.Əzimzadə və b. ilə Cəlil Məmmədquluzadə
arasında möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı. Jurnalda təbliğ
olunan dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq
məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdı.
Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə «Molla Nəsrəddin məktəbi» adlı
qüdrətli mətbuat məktəbi yaratmışdılar. Jurnalın Rusiya ilə yanaşı,
Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.
Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun «Molla Nəsrəddin»
jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai
fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir
göstərmişdir.
15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş və oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.
Cəlil
Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novator və
demokratik mahiyyətindədir. O, publisistikası, nəsr və dram əsərləri ilə
Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da
zənginləşdirmişdir. Cəlil Məmmədquluzadə, xüsusilə kiçik hekayə janrının
misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial
mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək
baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
Cəlil
Məmmədquluzadə «Yeni yol» qəzetinin redaktoru, Umumittifaq Mərkəzi Yeni
Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının
təşkilatçılarından olmuş, «Maarif və mədəniyyət», «Yeni kənd», «Şərq
qadını» və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir.
Onun
«Poçt qutusu», «Usta Zeynal», «İranda hürriyyət», «Qurbanəli bəy» kimi
hekayələri, məşhur «Ölülər» komediyası Azərbaycan realizmi və satirası
tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur («Anamın
kitabı», 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi («Danabaş
kəndinin məktəbi», 1921) problemlərinə geniş yer verilmişdir. «Dəli
yığıncağı» (1936-cı ildə nəşr olunmuş, 1977-ci ildə tamaşaya
qoyulmuşdur) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm
kəskin tənqid atəşinə tutulmuşdur. Cəlil Məmmədquluzadənin realizmi
böyük bədii ümumiləşdirmə və tipikləşdirmə qüvvəsinə malikdir. 4 yanvar
1932-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qəbri "Fəxri Xiyaban”dadır.