İmadəddin Nəsimi

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 619
Səs ver:
(səs: 0)
Nəsiminin həyatı haqqında geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər.

Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şerlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şer və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqani Şirvaninin əmisi - alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.

Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Səfərlərinin hamısında özünün şeyx mürşidi Nəimi ilə yol yoldaşı olmuş və onun qızı ilə evlənmişdir.

Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamın və xristianlığın əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şerlər yaza bilirdi. Onun azərbaycanca şerlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeri nümunələri olan bayatılara çox yaxındır.

Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərmək olar.

Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsiminin edamı haqqında İbn əl-İmad Hənbəli yazır: "O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi".

Nəsimi öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir.

Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. Bəzən şair şerlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur. Məsələn:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam.
Gövhər-i lâ-məkan mənəm, kövn ü məkana sığmazam.


Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirir. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun təlimi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən allaham!" Bu cür küfr sayılan fikirlərinə görə Həllac Mənsur daim təqiblərə məruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi təlimini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mənada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq: "Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan etibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı təlimin eynilə təkrarı deyil."

Qeyd etmək lazımdır ki, Nəsiminin divanı Azərbaycanda 1972-ci ildə Həmid Məhəmmədzadə tərəfindən çap olunmuş və İranda da bir dəfə "Gecə qaranlığında Simurq" adıyla Seyid Əli Salehinin təşəbbüsü, 1968-ci ildə Hüseyn Ahi, 1980-ci ildə Foruği nəşriyyatı vasitəsi və 1972-ci ildə isə Nəşri Nei tərəfindən Cəlal Pendərinin səyi ilə çap edilmişdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri