Estetik əməliyyatların görünməyən tərəfləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 567
Səs ver:
(səs: 1)
Martın 18-də Azərbaycanda burun əməliyyatı zamanı ölüm hadisəsi baş verib

Hadisənin yaşandığı özəl klinikanın - "StarMed”in fəaliyyəti dayandırılıb. Hekayəyə diqqət: Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı burnundan əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Həmin faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindiriliblər. Və bu, Azərbaycanda ilk belə hadisə deyil. Ölkəmizdə uğursuz, eləcə də ölümlə nəticələnən plastik cərrahiyyə əməliyyatları dəfələrlə baş verib və bunun səbəbləri hər zaman müzakirə mövzusu olub.  Yadınızdadırsa, müğənni Reyhan Müslümova artıq çəkidən azad olmaq istəyərkən dünyasını dəyişmişdi. Mərhum müğənni şəkər xəstəsi olduğu üçün əksər həkimlər bu əməliyyatdan imtina etmişdilər. Amma əməliyyata razı olan cərrah 2002-ci ildə mart ayında Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirməyə çalışmış və nəticədə sənətçinin şəkəri yüksələrək komaya düşmüş, həyatını itirmişdi. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılmışdı.  İngiltərənin 34 yaşlı modeli Alisiya Douvall 71 dəfə plastik əməliyyata girib və 1 milyon funt-sterlinq xərcləyib. O, anesteziya olmadan 260 dəfə botoks etdirib. Lakin istədiyi nəticəni hələ də əldə edə bilməyib. Model xanım bu qədər əməliyyatdan sonra özünü gözəl hesab etmədiyini deyib. Model onu dayandırmadığına görə həkimləri günahlandırıb. Araşdırmalar müəyyən edir ki, ümumiyyətlə, ölüm riski bütün əməliyyatlar üçün keçərlidir. Amma bu risk estetik əməliyyatlarda da özünü göstərir. Burun, döş və üz gərdirmə kimi əməliyyatlar zamanı əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Amma liposaksiya, yəni yağ aldırma əməliyyatlarında bu faiz mində bir, ya da mində iki ola bilər. Liposaksiya əməliyyatlarında yağ parçacıqlarının damarları tıxaması nəticəsində yağ emboliyası baş verə bilər ki, bu da ölüm səbəbidir.  Xəstənin qan, ürək, diabet, revmatizma və damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı ola bilər ki, bu da ölüm səbəbidir. Bu problem əməliyyata qədər ortaya çıxmamış və əməliyyat onu tətikləmiş ola bilər. Xəstəni əməliyyata alanda bunları yaxşı təhlil etmək lazımdır.  Estetik cərrahlar bir qayda olaraq qeyd edirlər ki, plastik əməliyyat heç də cərrahi bıçaqla həyata keçirilən bir makiyaj deyil, ona ciddi yanaşmaq lazımdır. Bundan başqa, yağ aldırma əməliyyatını da xəfifə almaq olmaz. Çünki bu zaman insanın bədənindən 3 litrdən artıq yağın çıxarılmasından söhbət gedir. Bu isə həcm etibarilə bir insanın qolu qədərdir. Bu tip əməliyyatlarda estetik cərrahla anestezioloqun məsuliyyət payı eyni qədərdir. Emboliya təhlükəsinin yüksək olduğu əməliyyat yağ aldırmadır. Bunun qarşısını almaq üçün öncə ideal xəstəni tapmaq lazımdır. Hazırda insanlar liposaksiyanı bir çəki vermə vasitəsi kimi görür, həkimlər də artıq yağı alırlar. Bir dəfədəkindən artıq yağ alınanda emboliya, qanama, təzyiq düşməsi, ölüm riski özünü göstərir.  Estetik cərrahların gəldiyi nəticə isə budur ki, arzuedilməz nəticələrin yaşanmaması üçün düzgün həkim, düzgün xəstə və doğru diaqnoz çox önəmlidir. Bunlara diqqət edilərsə, heç bir neqativ nəticədən söhbət gedə bilməz. Əsas şərt xəstənin həkim nəzarətində olmasındadır. Məsələn, bəzi həkimlər xəstələrinə "günorta liposaksiya etdirin, axşam işinizə gedin” kimi məsləhətlər verirlər. Halbuki bu, şişirdilmiş və qeyri-ciddi yanaşmalardır. Burada həkim qədər xəstənin də günah payı böyükdür. Çünki insan öz həyatı ilə qumar oynanılmasına icazə verməməlidir.  Plastik əməliyyat keçirəcək şəxslərə aşağıdakı məsləhətlər verilə bilər: - Xəstə həm gözləntiləri, həm də əvvəldən keçirdiyi xəstəliklərlə bağlı açıq olmalıdır;
- İstifadə etdiyi bütün dərmanlar barədə həkiminə tam məlumat verməlidir; - Aspirin kimi qan durulducu dərmanlar əməliyyatdan bir həftə öncə kəsilməlidir;
- Əməliyyatı həyata keçirəcək həkim yaxşı araşdırılmalı və seçici olmalıdır; - Xəstəyə böyük vədlər verən həkimlərlə bağlı ciddi araşdırma aparılmalıdır; - Anestezioloqun da cərrah qədər önəmli olduğu yaddan çıxarılmamalı və xəstə əməliyyatdan öncə anestezioloqla mütləq görüşməlidir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 567
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri