Cazibədar şahzadə xanımlar gənc görünmək üçün hansı üsullara əl atırlar?

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 698
Səs ver:
(səs: 3)
Kral ailələrinin nümayəndələri bütün dövrlərin ən gözəl xanımları və modapərəstləri hesab olunublar. Çünki yüksək mövqeləri onları gözəl görünməyə, dəbli geyinməyə məcbur edir. Müasir dövrün kraliça və şahzadə xanımları da bu ənənəni davam etdirirlər. Ancaq bir fərq var. Əvvəllər kraliçaların gözəllik sirri yalnız onların qulluqçuları və yaxın rəfiqələrinə məlum olurdusa, indi mətbuatın gücü sayəsində hər kəs kraliçasayağı gözəlliyə yiyələnə bilər.

I Yelizaveta - ağ dərini qadın gözəlliyinin etalonuna çevirdi
Ölkəsinə sədaqəti ilə məşhur olan Yelizavetanın gözəlliyi də dillər əzbəriydi. Lakin birinci Yelizavetanın hökmranlığı dövründə kosmetikadan istifadə yaxşı qarşılanmırdı. Boya və süni bəzək-düzək şeytan əməli hesab olunurdu. Taleyin qəribə ironiyasıdır ki, 1-ci Yelizevata pudradan həddindən çox istifadə etməklə ağ dəri dəbinin və yeni gözəllik etalonunun başlanğıcını qoyur.

Kraliçanın gözəlliyinə pərəstiş  edən qızlar onun kimi ağ dəriyə malik olmağa çalışır, bunun üçün üzünə zərərli maddələrdən hazırlanan kirşan çəkirdilər. Tərkibində yumurta ağı, qurğuşun tozu, şərab, hətta alma sirkəsi olan kirşandan bakirə şahzadənin özü də geniş istifadə edirdi. O, öz dövrünün digər kübar qadınları kimi alnını təraş edirdi. Bu, onların yüksək nüfuza malik olduqlarının əlaməti sayılırdı. Biz isə əlbəttə ki, bu cür üsullara əl atmağı qətiyyən məsləhət görmürük.

Mariya Antoanettanın istifadə etdiyi maska indiyədək populyardır
Fransa kraliçasının istifadə etdiyi maska indiyədək populyardır. Onu hazırlamaq çox asandır. Belə ki, iki çay qaşığı konyak, 1 çay qaşığı quru süd, bir yumurta ağı və limon suyu ilə qarışdırılır. Bu maska qan dövranını stimullaşdırır, məsamələri daraldır, həmçinin, dərinin bərpasına kömək edir. Süd turşusu dərinin həddindən artıq yağlılığını aradan qaldırır. Limon isə dərini ölü hüceyrələrdən ideal şəkildə təmizləyir.

Mariya Antoanetta vanna qəbul edəndə mütləq suya şirin badam yağı, şam qozları, kətan toxumu, gülxətmi kökü, su zanbağının soğanağını qarışdırıb tökərdi. O, əllərinin də qayğısına qalırdı. Yatmazdan əvvəl əlinə mütləq şirin badam yağı ilə gülab çəkirdi. Üstündən isə mum hopdurulmuş əlcək geyinərdi.

2-ci Yelizeveta dodaq boyası icad edib
Britaniya kraliçası dodaq boyalarına pərəstiş edib. O, bir qayda olaraq "Clarins” markasının məhsullarına üstünlük verib. Bundan əlavə, 1952-ci ildə kraliça öz tacqoyma mərasimi üçün donu ilə ideal şəkildə uyğun gələn dodaq boyası icad edib. Tünd qırmızı dodaq boyası əlahəzrətin şərəfinə "The Lipstick Balmoral” adını alıb.

Qreys Kelli ömrünün sonuna qədər çantasında əl kremi gəzdirib
Qadının əsl yaşını əllərindən bilmək olur. O isə yaşını gizlətmək üçün ömrünün sonuna qədər çantasında əl kremi gəzdirib. Yaşlanmanın ən tez hiss olunduğu bölgələrə - oyun və sinə dərisinin də qeydinə qalmağı unutmayıb.

Şahzadə Diana – gözəl qalmaq üçün sutkada 8 saat...
Şahzadənin vizajisti işləyən Meri Diana haqqında bu sözləri deyirdi: "Diana mavi gözləri eyni rəngli karandaşla vurğulamağı sevmirdi. Makiyaj məsələsində həddindən artıq təvazökar idi. O, alkoqoldan imtina etdikdən sonra dərisi inanılmaz dərəcədə yaxşılaşmışdı. Dərisi gözəlləşəndən sonra  makiyaja, demək olar ki, ehtiyacı olmurdu. Ona əsəsən, kirpiklərinə qulluq etməyi məsləhət görürdüm”.

Şahzadə Diana alkoqolu tərgitdikdən sonra öz dərisinin qayğısına qalır, yatmazdan qabaq mütləq makiyajını təmizləyir və gündə iki dəfə nəmləndirici krem çəkirdi. Yeri gəlmişkən, sağlam yuxu da Diananın gözəllik sirlərindən biri idi. Şahzadə yaxşı bilirdi ki, gözəl qalmaq üçün sutkada ən azı 8 saat yatmaq şərtdir.

Keyt Middleton  gəncliyindən bəri bərbərini dəyişməyib
Universitetdən bəri bərbərindən imtina etməyən Keyt saçlarının sağlam görünməsi üçün onları iki aydan bir kəsdirir. Ağ saçları çıxmağa başlayan Keyt bitki mənşəli boyadan istifadə edir.

"Lancome”-dan olan "Hydra Zen” kremi Keyt Middletonun sevimli gündəlik baxım kremidir. Hersoginyanın gözəllik vasitələrinə İsveçrə markası "Karin Herzog” kremləri də daxildir. Yaşı otuzu haqladıqdan sonra onun kosmetoloqu Keytin dərisinə qulluq üçün xüsusi proqram hazırlayıb. Bura, xüsusilə, 2 ayda bir dəfə edilən qlikolik pilinq, mimik qırışları azaldan bal maskaları daxildir. Yay aylarında da qoruyucusuz çölə çıxmayan Keyt Middleton dırnaq baxımına da xüsusi fikir verir. O, qısa və kvadrat dırnaq formasını sevir. Şahzadə əsəsən, "Bourjois” markasının 28 nömrəli ya da "Essie”-nin 423 nömrəli laklarından istifadə edir.

Kyagina Şarlin
Monako knyazı II Alber müsahibələrinin birində sevimli həyat yoldaşı barədə bunları etiraf edib: "Mənə elə gəlir ki, Şarlin səhərlər yuxudan oyananda makiyajsız halda hər zamankından daha gözəl olur”.

Knyaginya buna görə təbii "3Lab” gözəllik vasitələrinə borcludur. Şarlin bu kosmetikanın böyük pərəstişkarıdır. Onun baxım kremləri arasında  "Perfect Neck Cream”, "Super Serum” və "Super Eye Cream” məhsulları xüsusi yer tutur.

Kraliça Raniyə bəzi cizgilərini vurğulayan yüngül makiyajdan istifadə edir

İordaniya kraliçasının əsl şərq gözəli olduğu heç kimə sirr deyil. Bəs, o, belə gözəl görünmək üçün hansı üsullara əl atır? İlahi gözəlliyini nəyə borcludur?

Gözəl görünmək üçün xüsusi heç nə etməsə də, bəzi cizgilərini vurğulayan yüngül makiyajdan istifadə edir. Gözlərini qəhvəyi göz kölgəsi ilə vurğulayır, təbii rəngli dodaq boyalarına üstünlük verir. Kraliça Raniyə saç düzümündə də sadəliyə üstünlük verir. Onun saçları həmişə səliqəli və parıltılı olur.

Burnu özünün olmayan Kraliça Letisiya
Kraliça Letisiya Keyt Middletonun əsas rəqibi kimi tanınır. O da Keyt kimi bir donu bir neçə dəfə geyinməyi dəb xətası hesab etmir.

Yaşıl gözlər isə İspaniya kraliçasının əsas qürur mənbəyidir. Onların qeyri-adi rəngini vurğulamaq üçün ülyahəzrət zeytun və ya tünd-yaşıl rəngli karandaşdan istifadə edir.

Kraliça incə bədən quruluşu ilə diqqət çəkir. Buna səbəb isə meyvə-tərəvəzin onun rasionunun əsasını təşkil etməsidir. Deyilənlərə görə, idmanla məşğul olmağı sevən kraliça üçün sarayda  trenajor zalı tikilib.

Yeri gəlmişkən, qeyd edək ki, kraliçanın kiçik burnu özününkü deyil. O, 2008-ci ildə burun əyriliyini düzəltdirmək üçün cərrah masasına uzanıb.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri