Toyu olacaq xanımlar üçün bu proses çox vaxt xoş həyəcan içində keçir. Qabarıq yoxsa dar, sadə yoxsa işləməli, dekolte yoxsa ipli–bu tipli gəlinliklər içindən birini seçmək lazımdır. Amma hansını?
Əlbəttə ki, gözəl görünmək dəbdə olan bir gəlinliyi geyinmək deyil, özünüzə uyğun olan modeli və parçanı seçməkdir. Seçim zamanı isə bədən fiquranızı, boyunuzu və çəkinizi nəzərə almağınız məsləhətdir.
Bu dəfə sizə gəlinlik seçimində kömək olmaq üçün bir neçə gəlinlik modeli haqqında məlumat verəcəyik.
İlk olaraq qabarıq və göstərişli gəlinlik: Bu gəlinliklərin əsas özəlliyi beldən qabarıq başlayıb, valanlı şəkildə aşağıya qədər enməsidir. Belə gəlin paltarları əslində ən klassik gəlinlik modellərindən biridir və demək olar ki, hər kəsə yaraşır. Xüsusilə, bu modeldə boy vurğulandığı üçün uzun boylu xanımlara daha çox uyğundur. Qabarıq və göstərişli gəlinliklərdə ətək hissə çox qabarıq olduğuna görə xanımlar hədsiz bəzəkdən çəkinməlidirlər.
Dar model gəlinlik: Dar modelləri incə xanımların geyinməsi məsləhətdir. Çünki bu cür gəlin paltarları bədənə tam olaraq oturur. Dar gəlinliklərdə parçaya da xüsusi diqqət etmək lazımdır. Bədənin üzərində artıqlıq yaratmayan parçalar seçməyiniz məsləhətdir. Dolu bədən quruluşuna malik xanımlar belə modellər seçərkən diqqətli olmalıdırlar.
Yüksək bel, dar ya da həcimli ətək: Kiçik sinəyə və qalın belə sahibsinizsə, bu model tam sizlikdir. Bu tipli gəlinliklərin ətək hissəsi dar ya da qabarıq ola bilər. Əlbəttə ki, bu da sizin bədən formanızdan asılıdır.
Romantik və təbii: Bu model gəlinliklər son illər çox istifadə olunur. Görünüş olaraq zərif ziyafət paltarlarına bənzəyir. Belə gəlin paltarları, xüsusilə, açıq havada, dostlar arasında keçirilən toylar üçün daha çox uyğundur. Qeyd edək ki, tökülən və bədənə yapışmayan parçalar bu modeli bel hissəsində artıqlığı olanlar üçün ideal hala gətirir.
Ümid edirik bu məsləhətlər sizə gəlin paltarları seçimini etməkdə yardımçı olacaq.