Baharın dəb proqnozu ilə tanış olun

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 986
Səs ver:
(səs: 1)
Baharın astanasındayıq. Bu isə o deməkdir ki, artıq qarderobu yeniləmək vaxtı gəlib. Dəb ekspertlərinin fikrincə, dizaynerlər yaz-yay mövsümü üçün romantik, rəngarəng və olduqca zərif  kolleksiyalar təqdim ediblər.
  
Hər mövsüm dizaynerlər yeni-yeni trendlər təklif edir: bəzi trendlər modapərəstlər tərəfindən sevilir, digərləri isə tez, həm də nəzərə çarpmadan unudulur. Çox vaxt üslubun dəyişməz qaldığı, trendlərin isə hər saniyə dəyişdiyi deyilir. Buna baxmayaraq, moda dünyasında baş verən yeniliklərə diqqət yetirməmək mümkün deyil. Çünki onun təsiri hər yerdə hiss olunur. Hər halda boz kütlənin içində itib-batmaqdansa, dəblə birinci ayaqlaşanlardan olmaq daha yaxşıdır. Əlbəttə ki, burada söhbət trendlərə kor-koranə əməl etməkdən getmir. Biz aşağıdakı siyahı arasında yalnız sizə yaraşan yenilikləri seçməyi təklif edirik.
 
Alt paltarı
Alt paltarlarını xatırladan geyimlər artıq bir neçə mövsümdür ki, müzakirə olunur. Bu yaz bir çox aparıcı dizaynerlər ənənəvi donları tamamilə dəyişdirmək qərarına gəlib. Onlar kolleksiyasında  zərif krujeva ilə atlası birləşdirməklə qadın seksuallığını maksimum vurğulamağa və gündəlik geyim halına salmağa çalışıb.  Havalar isinənə qədər nazik asqılı, krujeva ilə işlənmiş atlas dona bənzər toxunma jaketlər geyinməyi tövsiyə edirik. Jaketlər belə donların gecə geyimi təsirini maksimum azaldacaq. Bu iddialı dəb tendensiyası idman və bohem üslubu ilə çox yaxşı uzlaşır.
 
Açıq çiyinlər
Əgər qüsursuz çiyinlərə sahibsinizsə, onda bu dəb tendensiyası 100 faiz sizin üçündür. Klassik dekolte və toplar yeni mövsümdə aktual deyil. Yeni mövsümdə dizaynerlər yay gecələri üçün çiyin dekoltesini daha incə və orijinal variantda təqdim edib. Ancaq yadda saxlayın ki, büstqalterin çiyinbağıları, hətta şəffaf olsa belə görünməli deyil. Yalnız bu halda sizin çiyinlərinizi nümayiş etdirməyə tam haqqınız çatır.
 
Mavi cinslər
Sizcə, cinslərdən təngə gəlmək olar? Hər kəsin bir ağızdan "Yox!” deyəcəyinə əminəm. Bütün dizaynerlər demək olar ki, hər kolleksiyasında cinslərə böyük yer verib. Yaz və yaylarında qalın cinsləri bir qayda olaraq yüngül və açıq rəngli cinslər əvəz edəcək. Yüngül cins parçadan tikilən kombinezonlar, ətəklər, şortlar, şalvarlar, hətta jaketlər o qədər rahatdır ki, bütün sutka onlarda gəzmək olar. Belə görünür ki, göy cinslərin 50 çaları bu il modapərəstlər arasında xeyli populyar olacaq. Şükürlər olsun ki, heç kim bunun əleyhinə deyil. Bu ruhda davam edin!
 
Həcmli qollar
Artıq həcmdən qorxursunuz? Onda bu qeydi diqqətlə oxuyun. Kağız Çin fənərlərini xatırladan iri qollar çiyinləri vizual olaraq daha kövrək, daha zərif göstərir. Viktoriyan dövründən ilhamlanan  dizaynerlər baharın zərif tərzini daha teatral versiyada təklif ediblər.
 
Zolağa diqqət!
Bir neçə mövsümdür ki, ardıcıl olaraq dünya podiumlarında yer alan zolaq naxışı modapərəstləri çoxdan usandırmalı idi. Amma yox, o hələ də aktual olmağa davam edir. Dizaynerlərin fikrincə, xanımların zolaqlı geyimlərə tələbatı azalmır. Lakin indi seçim daha böyükdür. Belə ki, sizin xətləri həm şaquli, həm üfüqi, həm nazik, həm də daha qalın seçmək şansınız var. Ümumiyyətlə, hər bir modapərəst bu trendin öz zövqünə uyğun olan növünü tapa biləcək.
 
Dəbdə xlor effekti
Bu yaz modapərəstlərin dəb lüğətinə daha bir termin əlavə olunacaq. "Dye tie!”. Sadə dillə desək, "ağarmış"  geyimlər populyarlıq zirvəsindədir! Özü də bu effekt təkcə cinslərə tətbiq olunmayıb, dizaynerlər bu dəfə daha mürəkkəb material seçib. Bu, trikotaj, şifon, ipək və hətta dəri ola bilər. Belə effektlərin obraza maraqlı təsir bağışlayacağından şübhə etməyin.
 
Viktoriyansayağı volanlar və büzmələr
 
Elə bil İspaniyanın qızmar günəşi bir neçə dizaynerə birdən təsir edib. Yaz-yay kolleksiyalarında dizaynerlərin boleroya, toreador kostyumunu xatırladan paltarlara üstünlük verməsini, ümumilikdə volanlı və büzməli geyimlərin bolluğunu başqa cür izah etmək mümkün deyil.
 
Siz təbiətcə romantik olsanız da başdan-ayağa büzmə və volanlara bürünmək istəmirsinizsə,  onu sadə geyimlə birləşdirin. Əlavə olaraq bu məlumatı da yadınızda saxlayın ki, volan və büzmə detalları insanı vizual olaraq kök göstərir. Odur ki, bu dəb tendensiyası ilə ayaqlaşmazdan əvvəl bədən quruluşunu nəzərə alıb volan detalının harada istifadə edilməsinə düzgün qərar verin. Bəlkə də bu ideyadan, ümumiyyətlə, imtina eləmək lazım gələcək...
 
Açıq tonların hakimiyyəti
 
Baharın gəlişi ilə rənglər, naxışlar əməlli-başlı canlandılar: müxtəlif gül və bitki motivləri paltarlarda, şalvarda, hətta üst geyimlərində çox incə görünürlər. "Pantone” rəng təşkilatının fikrincə, açıq çəhrayı ilə mavi bu ilin əsas rəngləri olacaq. Rəng təşkilatı gözəl variantlar təklif edir, elə deyilmi?
 
Dağınıq stil
Dağınıq küçə üslubu dəbə yenidən öz qaydalarını diktə etməyə başlayıb. Bu bahar rahatlığını hər şeydən üstün tutanlar susacaq, əvəzində  geyimləri danışacaq, hər yerdə "sərbəstlik, azadlıq səsi eşidiləcək”.  Dizaynerlər dağınıq gözəllər üçün bol həcmli kombinezonlar, maykalar, şalvarlar və.s  idman geyimləri təklif edir.
 
Gümüş parıltısı
Gümüş parıltısı dəb dünyasına yenə hökm edir. Belə görünür ki, iddialı modapərəstlər parıldamaqdan vaz keçmək istəmir.  Hər halda başdan-ayağa dəmir ledi olmaqdan qorxmurlar!
 
Ulduzlu gecə
Dizaynerlər ulduzlar kimi bərq vurmaq istəyənləri də unutmayıb. Əgər brilyantların parıltısı kifayət etmirsə, onda zərli, biserli donlar sizin dadınıza çatacaq. Zər və biser detalı tək geyimlərdə yox, digər aksessuarlarda da qarşımıza çıxacaq. "Disko" üslubunda tədbirlər üçün ideal variantdır!
 
Çimərlik mövsümü
Kimin ağlına gələrdi ki, çimərlik paltarı mövsümün əsas tendensiyası olacaq. Amma fakt göz qabağındadır! Əlbəttə, belə geyimləri küçəyə çıxanda geyinmək olmaz. Çimərlik mövsümündə bikini əvəzinə kupalnik seçin.
 
Tor
Torlar yaz kolleksiyalarını bəzəməyə, eləcə də qadın seksuallığını vurğulamağa davam edir. Bu mövsüm torların populyar olacağı gözlənilir. Bayağı görünməmək üçün torun altından geyinməyə düzgün geyim seçin.
 
Bütün yükü qulaqlar "daşıyacaq”
Bu bahar bütün yük qulaqların üzərinə düşüb. İndi dizaynerlər sırğaların daha böyük modellərini təklif edir. Biz isə öz növbəmizdə qulaqları təhlükəyə atmağı məsləhət görmürük. Bu dəb tendensiyasını gündəlik paltarlar ilə tətbiq etməyin. İri sırğaları axşam tədbirlərində taxmaq daha məqsədəuyğun olacaq.
 
Açıq siyasət
Üstü açıq ayaqqabılar da baharın trendləri siyahısına daxildir. Onların yüngül yay geyimlər ilə dueti mükəmməldir.
 
Qırçın detalı
Qırçın yubka və donlar hələ də populyardır. Ötən ildən fərqli olaraq dizaynerlər bu il qırçınlı ətəkləri daha çəkici rənglərdə təqdim ediblər.
 
Qeyri-adi köynəklər
Hamımız yaxşı bilirik ki, ağ köynəklər qarderobun klassik əşyasıdır.  Onlar bu mövsüm xeyli dəyişikliyə məruz qalıb. Qeyri-ənənəvi tərzdə biçilmiş köynəklər bu il ən orijinal trend olmağa iddialıdır. Düymələri kürəkdə bağlanan köynəkləri geyinmək üçün çılğınlıq tələb olunur.
 
Xalta boyunbağılar
 
Boyunu ehtiyatla "qucaqlayan” boyunbağılar bu ilin ən çox tələb olunan aksessuarı olacaq. Belə aksessuarın qalın və ya nazikliyinə sizin boynunuzun uzunluğu qərar verəcək. Əgər boynunuz gödəkdirsə, nazik boyunbağı seçin. Yox, uzundursa, onda boyunbağının qalın və ya nazik olmasının ciddi əhəmiyyəti yoxdur.
 
Bantlar
Bantlar baharın  ən xoşagəlimli trendləri siyahısında liderlik edir. Qeyd etmək lazımdır ki, bantın qalın və nazik olmasına siz yox, boynunuzun ölçüsü qərar verəcək.
 
Alçaq daban
Hündürdaban ayaqqabılara nifrət edənləri təbrik edə bilərik. Bu mövsüm alçaq dabanlı ayaqqabılar hakimiyyətdə olacaq. Dikdaban həvəskarları isə üzülməsin. Çünki dizaynerləri onları nəzərə alıb orta dabanlı modellər də təklif edib.
 
Saç aksessuarı
İsti günlərdə gur saçlarınızı şlyapa altında gizlətmək istəmirsinizsə, "abadok” taxın. Bər-bəzəkli saçlar bu bahar aktual olacaq.
 
Qeyd: Mağazada dəbdə olan hər hansı geyimi alanda özünüzə həmişə belə suallar verməyə çalışın: Bu əşya mənim qarderobumda mövcud olan geyimlərlə necə görünəcək? Görəsən, o, bədən quruluşuma uyğundurmu? Ancaq bu suallara cavab tapandan sonra bəyəndiyiniz geyimi alın
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri