Xanım,neçə yaşınız var?

Şərhlər: 5
Baxılıb: 3 533
Səs ver:
(səs: 1)
Müəyyən yaşdan sonra bu sualda düşmən münasibəti görməyə başlayırsan. Zamanın axınına qarşı getmək mümkün deyil, amma bəzi hiylələri bilməklə daha cavan görünmək olar. Məncə, hər bir xanımın həyatında yaşından cavan və ya yaşlı görünmək istədiyi vaxtlar olur. 15 yaşımda olarkən 30 yaşlı qadınlara müdriklik etalonu və gözəllik nümunəsi kimi baxır, həmin yaşa çatmağı arzulayırdım. İndi isə 30-a doğru yol aldığım zamanda illərin görkəmimə yalnız müdriklik və gözəl zövq əlavə etməsini diləyirəm. Ona görə də saytın Baş Redaktoru Xəyalə xanım məndən yaş amili barədə bir yazı istəyəndə beynimdə bütün sujeti canlandırmağa başladım.
"Qoca arvada oxşamıram ki?”, "Bax-gör, bu don məni çox yaşlı göstərir?”.Tanış gəlir? 30-dan sonra bu məsələ çoxumuzu düşündürür. Bəzən özümüz də bilmədən yaşımızın üzərinə bir neçə il əlavə edirik. Bəzi rəfiqələrim artıq 25-də yaşlı görünməkdən ehtiyat etməyə başlayıb. Həqiqətən də, düşünmürəm ki, kimsə bu mövzuya barmaqarası yanaşa bilər. Ona görə də bizi yaşlı göstərən bəzi geyim xətalarını bir araya toplamağa çalışdım. Burada yazılanların üzərinə daha bir neçəsini əlavə edə və ya ümumiyyətlə razılaşmaya bilərsiniz, seçim sizindir.

Bədənini tanımamaq
Dünyada iki tip qadın var: özünü vaxtından tez qocaldanlar və heç cür yaşını qəbul etmək istəməyənlər. Birincilər çox tez uzun ətəklər, klassik kardiganlar və boş şalvarlara keçir, ikinciləri isə qısa donlar, parıltılı pencəklər və hədsiz hündür ayaqqabılardan 50-də də çəkindirmək olmur. Bir də istənilən yaşda bədənini tanımadan geyinənlər var. Hansının daha pis olduğunu demək çətindir. Bir o dəqiqdir ki, bununla barışmaq lazım deyil. Vaxtından əvvəl "bağlanmaq” və özünü nümayişə çıxarmaq arasında yeganə çıxış yolu dəbli və tərzli geyinməkdir. 16 yaşındakı qızlar kimi, qısa ətək geyinib işə gəlirsənsə, birmənalı münasibətə ümid etməsən yaxşıdır. İdeal ayaqların, zərif bədənin olsa, o qısa ətək sənə heç kimə yaraşmadığı qədər yaraşsa da yaş amili bu gözəl obrazı kölgədə qoymağı bacaracaq. Dəbli ətəklər, trenddə olan ayaqqabılar diqqəti yaşına deyil, zövqünə çəkəcək və hətta yaşca kiçik olanlar da obrazını təkrarlamağa çalışacaq.
Olar - 


Olmaz -


Trendləri düzgün anlamamaq
Bəli, tendensiyalardan azca da olsun baş açan istənilən şəxs deyə bilər ki, retro geyim tərzi dəbdədir. Amma bu o demək deyil ki, özünü əntiq mağazasından qaçmış eksponata bənzətməlisən. Keçən günlərdə Bakıda keçirilən dəb nümayişlərində bir xanıma rastladım. Hədsiz makiyaj, enli şlyapa, həcmli ətək, qalın layner – bir sözlə, filmlərdə gördüyümüz klassik retro obraz yaratmışdı! Hər zaman bir qızıl qaydanı yadda saxlamaqda fayda var: dəstləşdirmək artıq dəbdə deyil! Köhnə obrazları təkrarlamaq yox, bir-birilə kontrast təşkil edən, uyuşmayan geyimləri daşımaq nə qədər dəbli olduğundan xəbər verir. Geyimində retro elementlərdən istifadə etmək istəyirsənsə, onları müasir geyim tendensiyaları ilə qarışdırmağa çalış. Və çox xahiş edirəm, az makiyaj et. Cavanlıq və təravətin bir nömrəli "düşmən”i qalın tonal qatıdır.

Olmaz - 


Olar -


Tvid geyimlər
Chanel məni bağışlasın, amma həqiqətən də tvid geyimləri dəstləşdirərkən çox diqqətli olmaq lazımdır. Başdan-ayağa tvid geyimə bürünmək isə +10 yaş effektinə imza atmağa bərabərdir. Şəxsən mən, tvidləri çox sevirəm, amma əminəm ki, onları ümumi obrazda bir dəfə istifadə etmək lazımdır. Yəni əgər tvidlərin pərəstişkarısansa, onları "təkləməyə” çalış, cins şalvar, nazik T-shirt, dəbli ayaqqabı ilə dəstləşdir, daha gündəlik obraz yarat.

Olmaz -


Olar -


Nənəmin ayaqqabısı
Hündürdaban ayaqqabını ilk dəfə mütəmadi olaraq universitetin birinci kursunda oxuyarkən geyinməyə başlamışam. Əvvəl-əvvəl onlar mənə özünəəminlik bəxş etsə də, çox keçmədi ki, ayaq ağrısı və yaralardan başqa heç nəyi görməz oldum. Odur ki, onları gündəlik qarderobumdan çıxarıb atmaq qərarına gəldim. Sözümün canı ondadır ki, rahatlığını ön plana keçirməyin normaldır, amma bu sənə iyrənc ayaqqabılar geyinməyə haqq vermir. Buna ehtiyac da yoxdur. İndi demək olar, bütün brend mağazalar fərqli dizaynlı rahat ayaqqabılar istehsal edir. Asanlıqla özünə uyğun olan, ətrafdakıların isə ayaqqabı zövqünü korlamayacaq modellər seçə bilərsən.

Olmaz -


Olar -


Altda qalanlar
Qadının real yaşını amansızcasına "üzünə vuran” üç nahiyə var: əllər, boyun və sinə! Onlara hər zaman xüsusi qulluq tələb olunur. Chanel demiş, sinən sənin xarici passportundur. Məhz buna görə də büstqalter seçimini ikinci plana keçirməyi məsləhət görməzdim. Təcrübə göstərir ki, 10 qadından 8-i alt paltarı seçərkən səhvə yol verir. Əksəriyyətimiz alt geyimini önəmsəmir, yüz ildə bir dəfə hansını gəldi seçir və onu hər şeylə geyinirik. Digərləri üçün alt paltarı seçimi yanlız rənglə eksperiment kimi qarşılanır. Amma nəzərə almaq lazımdır ki, büstqalterləri il-ildən formasına və funksiyasına görə dəyişmək lazımdır. Məhz səhv seçilmiş büsthalter ucbatından sinən illərlə daha çox sallana və gözəlliyini itirə bilər. Üstəlik, əyninə ideal uyğun büstqalter səni daha qamətli, əynindəki geyimi daha gözəl, yaşını isə daha az göstərir. Seçimindən əmin deyilsənsə, satıcı-konsultantların köməyini istəməkdən çəkinmə.



Səhv seçilən cins şalvar
Xalq arasında "beli aşağı model” kimi tanınan cins şalvarları boykot etmək lazımdır! Ciddi sözümdür! Yaş artdıqca yediyin bütün artıq kilolar omba hissəndə toplanır. Beli çox aşağı olan cinslər isə bu faktı nümayiş etdirməkdə bir nömrəli vasitədir. Bir məsələni də unutma ki, cins şalvar ikinci dəri, ideal saç və tonal kremi rəngi qədər vacibdir. Ucuz cinslərə qaçma, əyninə ideal oturanı seçməyə çalış. Çünki cins geyimlər heç vaxt dəbdən düşmür və uzun müddət bizə xidmət edir.

Olar -


Olmaz -


Yanlış çanta seçimi
Qızlar, çanta dəbi çox sürətlə olmasa da, istənilən halda dəyişir. Aylarla pul yığıb aldığın o bahalı, brend çanta da nə zamansa dəbdən düşəcək (dəbdən düşməsə də gözündən düşəcək). Bir halda ki, çantanın köhnəldiyini özün də anlayırsan, onu gələcək nəsillərə nümayiş etdirmək üçün qutuya yerləşdir və qarderobunun bir küncündə gizlət. İnan mənə, əgər vaxtı yetişibsə, ona nə qədər pul verdiyin heç kimin vecinə olmayacaq. Ona görə də mən hər zaman dəbli demokratik brendlərin aksessuarlarını dəstəkləyirəm. Çünki həqiqətən də geyimə nə qədər pul ödədiyin deyil, nə dərəcədə dəbli görünməyin vacibdir.

Olar -


Olmaz - 
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri