Qrass – Fransız ətirlərinin paytaxtı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 973
Səs ver:
(səs: 0)
Qrass Fransanın Aralıq dənizi sahillərində yerləşən kiçik şəhərdir. Patrick Suskind-in “Parfümer” romanını oxumusunuzsa, yəqin ki Jan Batist Qrenuyun ətriyyat sənətinin sirrlərinə yiyələnmək üçün məhz bu şəhərə üz tutduğunu xatırlayırsınız.

Qrass – Fransız ətirlərinin paytaxtı

Gözəl və rəngarəng Qrass şəhərinin əsası hələ 11-ci əsrdə qoyulub, lakin parfumeriya paytaxtı kimi XIX əsrdə məşhurlaşıb. Artıq XIII əsrdə parfümerlərə gül essensiyalarının distillə texnologiyası məlum idi. O vaxtlar bu daha çox həvəskar məşğuliyyət idi. XVI əsrdə Qrass şəhərində italyan sənətkarları məskunlaşmağa başladılar. Onlar qızıl saplarla işlənmiş müxtəlif rəngli dəri əlcəklər hazırlayırdılar. Lakin bu sənət nümunələrinin istehsalı dəhşətli üfunət qoxusu ilə müşaiət olunurdu. Elə əlcəklərdən istifadə edən modabazlardan da iy gəlirdi. Xoşbəxtlikdən əlcək fabrikinin işçilərindən biri pis qoxunu məhv etmək üçün, onlara ətirli yağ sürtmək ideyasını irəli sürür. O vaxtdan əlcəktikənlər qısa vaxt ərzində sənaye əsasında ətriyyat istehsalına başladılar. Şəhəri jasmin, qızılgül, lavanda, tuberoz sahələri dövrəyə aldı. Səhərlər gənc qızlar uzun donlarda tər çiçəkləri səbətlərə yığmağa başladılar. Bütün Avropanı ətir və xammalla təhciz edən fabriklər tikilməyə başladı. Əvvəlcə ətirli maddələri günümüzdə də istifadə olunan “anfleraj” – distillə yolu ilə alırdılar. Sonralar XIX əsrin sonlarında, inkişaf sayəsində gül ekstraktlarını orqanik sintez yolu ilə də əldə etməyə başladılar.



Baxmayaraq ki, şəhər memarlıq abidələri ilə zəngin deyil buraya gələn turistlərin sayı heç də az deyil. “Sevgi vadisi” adlandırılan Qrass şəhəri indi parfumeriya dəbinin əsas şəhəri sayılır. Burada hər birinin maraqlı tarixi olan 20-yə yaxın ətriyyat fabriki yerləşir. Qrassa gələn turistlər uzun müddət şəhərin sehrindən çıxa bilmirlər. Qrass şəhərinə səyahət etmək ətriyyat sənətinə dəyər verən hər bir kəsin arzusudur. Burada parfumeriya fabriklərinə ekskursiyalar təşkil olunur. Bəzi fabrikalarda ziyarətçilər özlərini parfümer kimi sınayıb, öz zövqlərinə uyğun ətir hazırlaya bilərlər. Beynəlxalq Parfumeriya Muzeyində isə ətirlər və 400 il ərzində onların hansı müxtəlif üsullarla hazırlanması ilə tanış olmaq olar.



Hazırda Qrass şəhərində tanınmış ətirlər üçün tərkib hissələri hazırlayan 3 məşhur ətriyyat zavodu yerləşir: Fragonard, Molinard, Galimard. Şəhərdə hər il 10000 ton gül distillə olunur. Hər bir fabrikin ziyarətçilər üçün açıq olan istehsal sexi və öz tarixçəsinin kiçik muzeyi var. Burada nəinki müxtəlif ətirlə tanış olmaq olar, həmçinin məhşur brendlərin ətirlərini mağaza qiymətindən ucuz almaq olar.



Dağın yamacında yerləşən Qrass kilometrlərlə uzanan gül plantasiyaları ilə əhatə olunmuşdur və təəccüblü deyil ki burada hər il çiçəklərə həsr olunmuş bayramlar keçirilir. Ən sevimli bayramlarından biri Fete du Jasmin – Jasmin Festivalıdır. Qrassda çox çiçəklər becərilir, lakin jasmin yığımı çox zəhmətli işdir və illərdir bayramın əsas mövzusu olaraq qalır. Jasmin Festivalı 1946-cı ildən bəri hər yay keçirilir və şəhəri musiqi, ətir və gülüşlərə qərq edir. Karnaval 3 gün davam edir, avqust ayının ilk həftə sonu, cümə günündən bazar gününədək. Bayramın əsas günü şənbə axşamı sayılır, bütün şəhər tərəfindən Jasmin kraliçası seçilir, parad və rəqslər həmin gün keçirilir.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri