Sağlam saçların sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 461
Səs ver:
(səs: 4)
Saçlara düzgün qulluq vasitələri

"Saç qadının yaraşığıdır” deyirlər. Hər bir xanımın gözəl görünməsində onun saç düzümü də xüsusi yer tutur. Ancaq hər qadın saçına doğru qulluq etməyi bacarırmı? Məhz düzgün qulluq qaydalarını bilməmək nəticəsində saçlar daha da gücsüzləşir, elastikliyini itirir.

Saçlara qulluğun əsas hissəsindən biri onların yuyulması ilə bağlıdır. Alimlərin saçların yuyulma müddəti barədə uzun mübahisələrindən sonra nəhayət ki, bir nəticə alınıb - saçları çirklənmə müddətinə görə, ancaq təbii ki, doğru yumaq lazımdır. Konkret rəqəm demək çətindir, çünki bu, dərinin və saçın tipindən, onun uzunluğundan, fəsildən, xarici təsirlərdən və s. asılıdır. T. M. Prostakovun "Gözəl olmaq sənəti" kitabında saçın qaynadılmış su ilə yuyulmasının daha məqsədəuyğun olduğu deyilir. Suyun yumşaldılması üçün ona soda (1 litrə 1 çay qaşığı), naşatır spirti (2 litr suya 1 çay qaşığı) və ya qliserin (1 litr suya 1 çay qaşığı) qatmaq olar.

Saçlar yuyulan zaman istifadə olunan digər çox yayılmış bir səhv də qaynar sudan istifadə etməkdir. Belə su piy vəzlərinin aktivliyini artırır deyə saçlarda həddən artıq yağlanma əmələ gələ bilər. Həm də qaynar suyun təsiri ilə şampunun tərkibinə daxil olan sabun "bişir” və saçlara yapışaraq çətin yuyulan bir təbəqə əmələ gətirir. Saç nə qədər yağlı olsa, su bir o qədər sərin olmalıdır. Saçları tam yuduqdan sonra soyuq su ilə yaxalamaq xeyirlidir.

Saçların durulanmasını onun möhkəmləndirmə prosesi ilə eyni hesab etmək olar. Tipindən asılı olmayaraq, saçlarınızın daha parlaq olması üçün onları turş qarışıqla durulamaq lazımdır. Sarışınlar üçün 1 litr suya yarım ədəd limonun suyu, tünd rəngli saçlar üçün 1 litr suya 1 xörək qaşığı 6%-li sirkə əlavə edin.

Saçları isti dəsmalla qurulayandan sonra, havada quruması üçün sərbəst buraxmaq daha yaxşıdır. Fendən istifadə etmək arzuolunmazdır, çünki saçları çox qurudur.

SAÇI MÖHKƏMLƏDƏN VASİTƏLƏR. Gənəgərçək yağı hələ qədimdən saçı möhkəmlədən və saç bitirən vasitə kimi tanınır. 1 yumurta, 4 çay qaşığı gənəgərçək yağı, yarım xörək qaşığı üzüm sirkəsi, 1 çay qaşığı qliserini qarışdırın və yaxşıca çalaraq saçın dibinə sürtün. Sonra başınızı dəsmala bürüyüb müəyyən vaxt buxar üzərində tutduqdan sonra yuyun. Bu proseduradan sonra sizin saçlarınız daha da sıx, parlaq, yumşaq və düzümlü olacaq.

ZƏNCƏFİL KƏPƏYİ YOX EDİR. Zəncəfil sadəcə ətirli ədviyyat deyil. O həmdə effektli antiseptik vasitədir, saçın diblərini qanla təchiz edir, başın dərisini nəmləndirir, saçlara yumşaqlıq və parlaqlıq gətirərək kəpəyi yox edir. Zəncəfilin təzə sıxılmış şirəsi kosmetik məqsədlərlə istifadə olunur. Şirəni küncüd yağı ilə qarışdıraraq saçın diblərinə sürtün. Bir qədər masaj etdikdən sonra 10 dəqiqə saxlayın və başınızı yuyun.

YAĞLI SAÇLAR ÜÇÜN LOSYON. 4 çay qaşığı çökə ağacı çiçəklərinin üzərinə 2 stəkan qaynar su tökülür. Bu qarışığı 2-3 dəqiqə od üzərində saxladıqdan sonra soyudulur və süzgəcdən keçirilir. Bu həlimə 1 ədəd limonun şirəsi və ¼ stəkan əsmə çiçəyi tinkturasını əlavə edilir. Əmələ gələn losyonu saçın uzunluğu boyunca sürtmək lazımdır.

SAÇIN TÖKÜLMƏSİNƏ QARŞI VASİTƏ. Bu, saç tökülməsinin qarşısını almaq, onun gözəlliyini və qüvvəsini bərpa etmək üçün sınaqdan keçmiş bir vasitədir. "Tibbnamə” saça qulluq etmək üçün soğandan istifadə etməyi məsləhət görür. Müasir kosmetoloqlar da həmin fikirdədir. 1 baş soğanın şirəsi, gənəgərçək yağı, 1 ədəd yumurta sarısını yaxşıca qarışdırmaq lazımdır. Gənəgərçək yağını zeytun yağı ilə əvəz etmək olar. Bu qarışığı saçlarınızı yumamışdan 45 dəqiqə əvvəl saça sürtün, sonra başınızı sellofanla örtüb, üstündən dəsmalla bağlayın. Proseduranı ayda 1 dəfə yerinə yetirmək lazımdır.

GİCİTKƏN SAÇLARI MÖHKƏMLƏDİR. Gicitkən həlimi ilə saçınızı daim yumaq saçın dibini möhkəmlədir və tökülməsinin qarşısını alır. Proseduranın hər 5-7 gündən bir uzun müddət təkrarlamaq lazımdır. 5 xörək qaşığı quru gicitkən otu, 2 stəkan su və 2 stəkan alma sirkəsini qarışdıraraq yarım saat qaynadır, sonra isə sıxıb süzürsünüz.

KƏKLİKOTU İLƏ SAÇ ÜÇÜN DƏMLƏMƏ. Kəklikotunun bioloji aktiv maddələri müxtəlif növdə saçları effektli surətdə möhkəmləndirir. Əvvəlcə saçları yuyurlar, sonra saçın dibinə kəklikotu dəmini sürtüb yedirdirlər və başı dəsmalla yarım saatlıq bürüyürlər. Bu dəmi hazırlamaq üçün yarım stəkan kəklikotu lazımdır. Onun üzərinə iki stəkan qaynar mineral su töküb, 30 dəqiqə saxlayın.

ÇOBANYASTIĞI SAÇLARI YUMŞALDIR. 30 qr çobanyastığı çiçəyinin üzərinə yarım stəkan qaynar su tökərək, 1 saat saxladıqdan sonra süzürlər və 1 desert qaşığı bal qatırlar. Yuyulmuş və məhrəba ilə qurulanmış saçları bu məhlulla bolluca isladın, 30-40 dəqiqədən sonra saçı ilıq su ilə yaxalayın. Saçlar quru olduqda, bu proseduranı 2 həftədən bir, saçlar yağlı olarsa - həftədə 1 dəfə edirlər.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 3 461
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri