Saçlarımızı itirməyək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 345
Səs ver:
(səs: 3)
Başın dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna görə də saçların daimi olaraq tökülməsi tam normal və təbii olan bir prosesdir.
Əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, tökülən saçlar əsasən, qocalmış, ölmüş, tökülmək üçün nəzərdə tutulmuş saçlar olur. Hesab edilir ki, bir gün ərzində tökülən saçların sayı 50-100 sayda olur. Saçların tökülməsi, adətən, yaz və payız aylarında artır. Bununla eyni bir zamanda yeni tüklər də inkişaf etməyə başlayır – onların bu dövrlərdə inkişaf etməsi qış və yay fəsillərinə nisbətən daha sürətli olur.
Əgər siz saçlarınızın get-gedə daha sürətlə tökülməsini müşahidə etsəniz, mütləq həkim-trixoloqa (saçlar üzrə mütəxəssis) müraciət etməlisiniz. Saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bu halda sizə digər mütəxəssislərin məsləhəti lazım ola bilər.
Saçların tökülməsinin ən əsas və çox təsadüf edilən səbəbləri - irsi meyllik, immunoloji və endokrin xəstəliklər (qalxanvari vəzinin xəstəlikləri, diabet, yumurtalıqların polikistozu və s.), anemiyalar, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlıqları, müxtəlif dietalara aludə olmaq, qeyri-düzgün qidalanma və s. ola bilər. Ağır, xüsusən də infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər.
Bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra hormonal fonda olan dəyişikliklər səbəbindən də baş verə bilər.
Şübhəsiz ki, bir çox hallarda saçların tökülməsinin səbəbi hər hansı bir xəstəlik deyil, saçlara düzgün olmayan qulluq göstərilməsi olur: müvafiq tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, isti fenlə tez-tez və uzun müddət ərzində qurudulması və s.
Saçların tökülməsi bəzi dərmanların (hamiləliyin qarşısını alan, yüksək təzyiqə qarşı olan həblər, sidikqovucular, antidepressantlar, steroidlər və s.) uzun müddət ərzində qəbul edilməsindən də ola bilər. Dərman qəbul edərkən əks göstərişlərə diqqət yetirin, əgər orada saçların tökülməsi də qeyd olunubsa, həkimlə məsləhətləşərək onu hansı dərmanla əvəz etməyin mümkün olduğunu öyrənin.
Saçların tökülməsi müvəqqəti və ya daimi (keçəlləşmə) olur. Saçların müvəqqəti tökülməsi zamanı saçın kökü və soğanağı saxlanmış olur. Bir müddət keçdikdən sonra saç yenə də uzanmağa başlayır. Saçların davamlı tökülməsi zamanı saçın kökü və soğanağı tam şəkildə məhv olaraq çapıq toxuması ilə əvəz olunur. Bu halda saç artıq inkişaf edə bilmir və onun bərpa edilməsi də mümkün olmur. Saçların davamlı tökülməsi bir sıra ağır göbələk xəstəliklərindən, dərinin irinli və digər xəstəlikləri nəticəsində baş verir ki, bu zaman bütün saç aparatı iltihabi prosesə qoşulur. Bu xəstəliklər təcili və düzgün müalicə tələb edir. Baxış zamanı həkim-trixoloq ilk növbədə saçların güclü şəkildə tökülməsinin əmələgəlmə səbəbini müəyyən etməyə çalışır. Bu zaman xüsusi laborator və digər mütəxəssislər tərəfindən (immunoloq, dermatoloq, qastroenteroloq, endokrinoloq və s.) müayinələrin aparılması da lazım ola bilər. Əsas xəstəliyi müalicə etdikdən sonra saçlar da normal hala gəlir. Əgər saçların tökülməsinin səbəbi baş dərisinin hər hansı bir xəstəliyi olarsa, həkim-trixoloq tərəfindən müvafiq müalicə təyin olunur. Ola bilər ki, ilkin olaraq siz saçlarınızı bir qədər qısaltmalı olacaqsınız – bu, baş dərisini oksigenlə kifayət qədər təmin etməyə imkan verərək, saçlara və baş dərisinə qulluq edilməsini də asanlaşdırır.
Həkim tərəfindən yazılan dərman preparatlarının qəbul edilməsi ilə birlikdə başın dərisinə maska sürtülməsi, saçların dərman otlarından hazırlanmış dəmləmələrlə yaxalanması, baş dərisinin masaj edilməsi (quru və normal saçlar üçün) də yaxşı effekt verir. Ancaq bir daha qeyd etmək istəyirik ki, heç bir maskalar və otlar, həkim tərəfindən aparılan müayinə və müalicəni əvəz edə bilməz.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri