CAVAN CİLDƏ NECƏ SAHİB OLMALI?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 836
Səs ver:
(səs: 2)

alt


Hər bir qadının arzusu, hansı yaşda olmasından asılı olmayaraq, cavan və gözəl görsənməkdir. Təbii ki, bunun yolları və üsulları çoxdur. Texnologiyanın inkişafı bu gün istənilən insana, istədiyi görünüşə nail olmağa geniş imkanlar yaradır. Amma bütün bunlar heç vaxt təbii gözəlliyin əvəzini vermir. Elə isə, cildinizin həmişə sağlam, təbii gözəl və cavan qalması üçün dərinizə vaxtında qulluq etmək vacibdir.
İlk növbədə, malik olduğunuz dəri tipini müəyyənləşdirib, ona uyğun vasitələrlə qulluq etmək məsləhətdir. Kosmetoloqların hər bir dəri tipinə uyğun sınadığı müxtəlif preparatlar və üsullar vardır. Bunların hər biri özünəməxsus nəticəyə malikdir. Hər bir dəri tipinə uyğun variantı seçib tətbiq etmək isə xanımların öhdəsinə buraxılır.

Dəriyə necə qulluq edilməlidir?
Mütəxəssislər ləkəli cildlərə üzüm çəyirdəyi, tut və biyan köklü vasitələrlə və orta dərinlikdə pilinq, quru cildlərə jojoba yağı, primula yağı (ingiliscə primrose oil - çoxillik bəzək bitkisidir), avokado yağı ilə massaj, yağlı və çivizəkli cildlərə isə ağ gil maskası və dəniz yosununun özü, lipozom maya tətbiq etməklə, gənc və sağlam dəriyə sahib olmağın mümkün olduğunu deyirlər. Normal dərilərə oksigen verən maskalar qulluğun təsirini artırır. Həssas dərilər üçün isə yaşıl çay, aloe vera, moruq, qarağat kimi sakitləşdiricilərdən istifadə etmək məsləhət görülür. Həmçinin bu vasitələr K vitamini ilə birlikdə damarları gücləndirir.

Dərimizə nələr təsir edir?
Dəri, orqanizmi xarici faktorların təsirindən qoruyur, orqanizmdə maye və istilik tarazlığını təmin edir və mayeni, istiliyi ifraz edir. Dərinin hissetmə və immunoloji funksiyası vardır. Dəri insan bədəninin təxminən 2 kvadratmetr hissəsini örtən ən böyük orqandır. Ətrafdakı dəyişikliklərdən, ilk növbədə, dəri təsirlənir. Ekoloji, mövsümi dəyişikliklərə tez uyğunlaşa bilməyən dəri, zaman keçdikcə incəlir və köhnəlir. Dəri həm də daxili və xarici mühit arasında bir səddir. Dərinin köhnəlməsinə və qocalmasına Günəş şüaları, ətraf mühit, uzunmüddətli narahatlıqlar və dərmandan istifadə, hormonlu qidalar, balanssız bəslənmə və siqaretdən istifadə çox pis təsir edir. Belə hallarda dəridə qırışlar, saralma, qəhvəyi rəngli ləkələr, incə qırmızı damarların aydın görsənməsi kimi dəyişikliklər, zəiflik və elastikliyin itməsi halları müşahidə edilir. Dəriyə uzun müddət qulluq etmədikdə isə dərinin zədələnməsi və qocalması prosesi daha da sürətlənir. Ona görə də dərini illərin və ətraf mühitin təsirindən qorumalı və vaxtında dəri tipinə uyğun qulluq göstərilməlidir.

Quru dəri qırışmağa meyillidir
Hər bir insan öz dəri tipinə uyğun vasitələrdən istifadə etməlidir. Kosmetik vasitələr, Günəş şüaları, hamiləlik zamanı və dərmanların təsirindən dəridə müxtəlif ləkələr yaranır. Belə cildlərə pretinol, vitamin C, E, üzüm çəyirdəyi, tut, biyan köklü vasitələrlə qulluq etmək məsləhətdir. Belə dərilərə tərkibində cildi ultrabənövşəyi A və B tipli Günəş şüalarından qoruyan sink-oksid və titan-dioksid filtrləri olan qoruyucular sürtülməlidir. Daha yaxşı nəticələrin alınması üçün isə orta dərinlikdə pilinq etmək tövsiyə edilir. Dermatoloqların araşdırmalarına görə, məsamələri kiçik, incə üst dəriyə sahib, yağ ifrazatı normal olan, az nəmli quru cildlər erkən qırışmağa meyilli olur. Soyuq hava, külək, ultrabənövşəyi şüalar, pis hava şəraiti dəriyə mənfi təsir göstərir. Quru dərilərə erkən yaşlardan şüurlu şəkildə qulluq göstərməklə erkən yaşlanmanın qarşısını almaq mümkündür.
Quru dərilərə qulluq etdikdə ölü dəri hüceyrələri aradan götürülür, çirk və makiyaj təmizlənilir. Vitamin E, superoxide dismutase, yaşıl çay ekstraktı, co-enzyme Q-10 aktiv tərkibli sərbəst oksigen radikalları aradan qaldırılır, allantoin, bisabolol, maya eksrtaktı kimi aktiv tərkibli maddələrdən istifadə olunur. Maskalardan dəri tipinə görə istifadə etdikdə qulluğun təsiri daha yaxşı olur. Hyaluronik turşu və qliserin quru dərini nəmləndirir, jojoba yağı, primula yağı (primrose oil) avokado yağı ilə massaj etdikdən sonra isə ultrabənövşəyi şüalara qarşı tam qoruyan sink-oksid və titan-dioksid filtrləri ehtiva edən qoruyuculardan istifadə edilir.

Yağlı dərilərdə sallanma riski daha yüksək olur
Parlaq görünüşlü yağlı dərilərdə isə parlaqlıq üzün hər bölgəsində nəzərə çarpır. Belə tip dərilərdə məsamələrin içi dolu olur, bu da qara nöqtə və sızanaqların yaranmasına şərait yaradır. Yağlı dəri quru dəriyə nisbətən daha çox canlı qalır, daha az qırışlar yaranır. Zamanında qulluq edilməzsə, yağlı dərilərdə sallanma riski yüksək olur. Yaşlandıqca qırışlardan çox dərin xəttlər nəzərə çarpır. Glikolik qarışıqlar (glycolic) cildə dəri tipinə uyğun olaraq sağlam və gənc görünüş verir, məsamələri daraldır, dolmuş məsamələri üzə çıxardır və yağ ifrazatını tənzimləməyə kömək edir. Salisilik qarışıqlar (salicylic) isə məsamələrdəki yağ qalıqlarını təmizləyir, yağlı, problemli cildlərə antimikrobik, antiseptik təsir göstərir.
Kamedon (dəridəki qara nöqtələr və sızanaqlar) təmizliyi yağlı dərilərə qulluğun əsas tərkib hissəsidir. A vitamini, laktik turşu, dəniz yosunu, lipozom maya yağlı dərilər üçündür. Gil maskası ilə yağlı, parlaq görünüş, genişlənmiş məsamələr və sızanaqlardan yaxa qurtarmaq mümkündür. Gil maskaları dərini təmizləyir və bərpa edir. Ultrabənövşəyi şüalardan qorunmaq üçün isə sink-oksid və titan-dioksid filtrlər ehtiva edən qoruyuculardan istifadə etmək lazımdır.

Dərinin ən çox qulluğa ehtiyacı olan yaş dövrü
Qadınların dərilərində adət görmənin kəsilməsi ərəfələrində hormonal dəyişiklərlə əlaqədar olaraq sızanaqların yaranması, ləkələnmə, tüklənmə və ya dəridə xətlərin çoxalması prosesi baş verə bilər. Qadınlar 40-50 yaş ərəfələrində dərilərinə xüsusi qulluq göstərməlidirlər. Dəri ölü hüceyrələrdən vaxtında təmizlənməli, E, C vitamini, co-enzyme Q-10, üzüm çəyirdəyindən hazırlanan preparatlar, yaşıl çay, papayya fermenti, retinyl palmitate aktiv məzmunlu vasitələrlə qulluq edilməlidir.

Normal cildlərə necə qulluq etməli?
Orta məsaməli normal dərilərdə isə burun və çənədə qara nöqtələr və sızanaq olur, ancaq bu, problem şəklinə düşmür. Yaş artdıqca, dərinin gözəllik və təravətinin itməməsi üçün gənc yaşlardan başlayaraq dəriyə qulluq vasitələrindən istifadə edilməlidir. Normal dəri baxımından da cild ölü hüceyrələrdən təmizlənir və vitamin E, Superoxide dismutase, yaşıl çay ekstraktı, aloe vera, co-enzyme Q-10, allantoin, bisabolol, maya ekstraktı, GM glukan aktiv vasitələrdən istifadə edilir. Dəriyə oksigen verən maskalar ilə qulluğun təsirini artırmaq olur. Avokado yağı ilə massajdan sonra ultrabənövşəyi şüalardan tam qoruma təmin edən qoruyucular istifadə edilir.

Həssas cildlər üçün K vitamini vacibdir
Açıq rəngli bədəni və rəngli gözləri olan insanlar həssas dəri quruluşuna malikdirlər. Ətrafdakı təsirlərə qarşı çox həssas olan bu dəri tipləri üçün yumşaq məhsullardan istifadə etmək məsləhətdir. Dəridəki həssaslığı dəriyə düzgün qulluq etməklə nəzarət altında saxlamaq olar. Ceramid, cholesterol, linoleik və linolenik turşu, dimethicon, cyclomethicone cildi qoruyan və epidermisi gücləndirən aktiv maddələrdir, nəmləndirici və antioksidantlar isə bu qulluğun ilkin vasitələridir. Yaşıl çay, aloe vera, qarağat, moruq kimi sakitləşdiricilərdən də istifadə edilir. K (kalium) vitamini ilə damar divarları gücləndirilir və ultrabənövşəyi şüalara qarşı tam qoruma təmin edən qoruyucular tətbiq olunur.

Çivizəkli dərilər üçün dəniz yosunu məsləhətdir
Məsamələrin içində şəffaf yağ hissələri olan çivizəkli dərilərə glikolik qarışıqlar dərinin təbii pH-ı (turşuluq səviyyəsi) ilə uyğun olaraq, həssas dəri olsa belə, sağlam, gənc bir görünüş verir. Genişlənmiş məsamələri daraldır, dolmuş məsamələri açır və yağ ifrazatını tənzimləməyə kömək edir. Salisilik qarışıqlar məsamələrdəki yağ qalıqlarını azaldan lipiddə həll edilə bilən bir soyucu kimi istifadə edilir və eyni zamanda, yağlı, problemli cildlər üçün çox lazım olan antimikrobik, antiseptik xüsusiyyəti təmin edir. Komedon təmizliyi yağlı dəri baxımının ən əhəmiyyətli hissəsisidir. A vitamini, laktik turşu, dəniz yosunu, lipozom maya da çivizəkli cildlər üçün məsləhətdir. Fransız ağ gil maskası ilə yağlı, parlaq görünüş, genişlənmiş məsamələr və sızanaqlar aradan qaldırılır, dəri təmizlənilir və bərpa olunur. Son addımda Günəş qoruyucu tətbiq olunur. Bunlardan əlavə, müasir həyatın gətirmiş olduğu stress, çirklilik, Günəş və sərbəst radikallara məruz qalan cildlər də təmizlənildikdən sonra sıx C vitamini, retinol, super oksid dismutase, co-enzyme Q-10, yaşıl çay aktiv məzmunları tətbiq olunur. Antioksidant tərkibli maskalar ilə dəriyə qulluğun təsirini artırmaq olur.

Dərini cavanlaşdırıb, gözəlləşdirən qidalar
Amerikanın Women's Health jurnalı, Sandra Bullock, Rihanna və Lindsay Lohan kimi məşhurların dərilərini gözəlləşdirmək üçün bol-bol istehlak etdiyi qidaları araşdırıb. Siyahıda 6 qızıl qida yer alıb. Beləliklə, dərinizi cavanlaşdırıb, gözəlləşdirəcək qidalar bunlardır:
1 - Somon balığı: Bu balıq malik olduğu Omeqa-3 yağ turşuları ilə dərini quru görünüşdən xilas edir və Günəş şüalarının zərərləri təsirindən qoruyur.
2 - Kök: Yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin PH dərəcəsini (turşuluq miqdarı) nizamlayır və bakteriyalardan qoruyur.
3 - Avokado: Zeytunyağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.
4 - Paxla: Antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.
5 - Üzüm: Üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.
6 - Su: Dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir.
Bundan əlavə, müxtəlif növ meyvə və tərəvəzlərdən mövsümündə və lazımi miqdarda istifadə etməyi bacarmaq nəinki cildə, bütünlüklə sağlamlığa xeyirlidir.
Dermatoloq məsləhəti: "Kosmetika insanı gözəlləşdirdiyi qədər də çirkinləşdirir”.
Uzun illər dermatoloq işləmiş Güldəstə Abbasova dərinin cavan qalmasında təbii vasitələrdən nə dərəcədə çox istifadə etməyin mühüm rol oynadığını qeyd edir. Onun fikrincə, kosmetika insanı qısa zaman kəsiyində necə gözəlləşdirirsə, bir o qədər də dərini eybəcərləşdirir. Uzun müddət kosmetikadan istifadə edənlərdə bu hal daha çox özünü göstərir. Onların təbii gözəlliyi get-gedə özünü itirir. Ona görə də hər bir qadın çalışmalıdır ki, kosmetikadan az istifadə etsin. Vacib olmadıqca süni vasitələrin istifadəsindən qaçmaq lazımdır. Keyfiyyətsiz kosmetikalar dərinin düşmənidir. Unutmayın ki, kimyəvi tərkibsiz kosmetika yoxdur. Uzun illər bundan qabaq kosmetikadan indiki kimi istifadə etmirdilər. Ona görə də keçmiş insanlar daha gec qocalır və sağlam olurdular. Onlar təbii məhsullarla qidalanır, təbiət qoynunda, təmiz havada daha çox vaxt keçirirdilər.
Mütəxəssisin fikrincə, ev şəraitində təbii məhsullardan maskalar hazırlamaqla dəriyə qulluq etmək mümkündür. Xanımlar xiyar, pomidor, müxtəlif meyvələrin qabıqları ilə üzlərinə maska çəkə bilərlər. Bütün hallarda təbii məhsullardan cildinizə uyğun məhlullar hazırlayaraq dərinizin gözəl görsənməsinə nail ola bilərsiniz.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri