Dəri ləkələri hansı daxili xəstəlikdən xəbər verir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 73 253
Səs ver:
(səs: 2)

alt

Yanaqlardakı ləkələr qaraciyər xəstəliyinin əlamətidir
Orqanizmimizin örtük təbəqəsini təşkil edən dəri müxtəlif funksiyaları yerinə yetirir. Dəri orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir. Çoxlarımızın məlumatsız olduğu bir məqamı nəzərinizə çatdıracağıq. Belə ki, dərimizdəki ləkələr müxtəlif daxili nasazlıqdan xəbər verir. Məsələn, cinsi orqanlarda dəyişiklik olanda, dəridə piy ifrazı dəyişir. Qadın cinsi hormonları dəyişəndə, dərinin ifrazı dəyişir, dəridə quruluq yaranır. Kişi hormonu – testesteron artanda, dəridə piylənmə artır. Mövzuya aid mütəxəssis fikrini öyrənmək üçün dermatoloq Zinyət Süleymanovaya müraciət etdik. Həkim daxili xəstəliklərin çox hallarda ləkələr halında özünü biruzə verdiyini bildirdi. Z.Süleymanovanın sözlərinə görə, xaricdə özünü göstərən ləkələrin ən başlıca səbəbkarı adətən mədə-bağırsaq xəstəlikləri olur: "Mədə-bağırsaq sisteminin pozuntuları, mübadilə pozğunluğu, ümumiyyətlə, bütün xəstəliklərin bir nömrəli səbəbkarıdır. O cümlədən də, dəri xəstəliklərinin. Dəri xəstəliklərinin 90% səbəbkarı mədə-bağırsaq sistemi pozulmalarıdır. Dəri xəstəliklərinin əmələ gəlməsində təmizlik və gigiyena da çox vacibdir. Kimyəvi dərman preparatlarının həddən artıq qəbulu, maddələr mübadiləsinin pozulması, piy mübadiləsində pozuntular, habelə bir çox səbəblərdən, xüsusən də antibiotiklərin çox miqdarda istifadəsi nəticəsində meydana gələn disbakterioz insanların sağlamlığına olduqca ciddi zərər vurur. Bu kimi hallar dəri xəstəliklərinin əmələ gəlməsində xüsusilə rol oynayır”. Həkim xəstəlikdən asılı olaraq, əmələ gələn simptomlar barədə də məlumat verdi. O, ləkələrlə yanaşı, daxili xəstəliklər zamanı səpkilərin yarandığını bildirdi: "Misal üçün, bağırsaq problemləri olanda, xəstələrin üzünün rəngi dəyişir. Bundan başqa, cürbəcür törəmələr, sızanaqlar, səpkilər əmələ gəlir. Disbakterioz zamanı səpkilər artır. Hətta qaşınmalar əmələ gəlir. Qaraciyər problemləri olanda, dəridəki piy vəzilərinin ifrazatı artır, məsamələr dəyişir, müxtəlif səpkilər əmələ gəlir. Öd kisəsi xəstəlikləri zamanı dəridə səpkilər yaranır. Bildiyiniz kimi, öd kisəsi qaraciyərlə sıx bağlıdır. Qaraciyərin və öd kisəsinin üzdə ayrıca ləkə zonaları var. Böyrək xəstəlikləri zamanı da dərinin rəngi dəyişir, göz altında şişkinlik yaranır. Bir də neyrofibromatoz xəstəliyi zamanı qəhvəyi rəngli xəstəliklər əmələ gələ bilər. Onu qeyd edim ki, xəstəliyin tam müalicəsi yoxdur. Törəmələr böyüyərsə, mütləq əməliyyat yolu ilə çıxarmaq lazımdır. Ümumiyyətlə, hormon dəyişikliyi olanda çox vaxt qadınların alnında səpkilər yaranır. Qaraciyər problemi zamanı səpkilər yanaqlarda olur. Əgər hormon dəyişikliyi yaranırsa və bununla birlikdə cinsi orqanlarda iltihab olursa, çənə nahiyəsində irinli səpkilər yaranır. Qurd invaziyaları da dəri törəmələri ilə müşayiət olunur. Neyrodermit, ekzematoz, dermatit də yaradır. Saç tökülmələri, aknelər, civzələr, seboriyalar, qabıqlı törəmələr və göbələk mənşəli törəmələr əmələ gəlir”. Dermatoloq bir məsələni də xüsusi olaraq vurğuladı. Həkimin dediyinə görə, baxmayaraq ki, yanaqlarda əmələ gələn ləkələr qaraciyər xəstəliyindən xəbər verir, lakin bu həmişə belə olmur. Həkimin sözlərinə görə, hər bir xəstəyə fərdi yanaşmaq lazımdır, çünki bəzi hallarda yanaqlarda əmələ gələn ləkələr böyrəyin müəyyən bir xəstəliyinin əlaməti ola bilər. Z.Süleymanova bu simptomların xəstədən xəstəyə dəyişə bildiyini söylədi.
Hörmətli oxucularımız, günümüzün aktual problemlərindən olan göz ətrafında yaranan qaralmaların səbəbini də deyəcəyik. Belə ki, bu problemin bir çox səbəbləri mövcuddur. İlk növbədə, bu qaralma irsi ola bilər. Belə insanlarda adətən göz ətrafında dəri həddindən artıq zərif olur və həmin hissələrdə damarlardan axan qan üzə çıxdığı üçün göy rəngdə olur. Əgər bu qaralmalar sizdə irsən yox, sonradan qazanılmışdırsa, onda bu qaralma aşağıdakı səbəblərdən ola bilər:
- Allergiya və ya ekzema nəticəsində – belə ki, hər hansı bir allergiya zamanı gözdə əmələ gələn sulanma və qıcıqlanma yaranır və bu zaman biz gözümüzü ovuşdurur və ya qaşıyırıq, nəticədə haqqında söhbət etdiyimiz göz altındakı zərif kapilyarlar zədələnir.
- Hər hansı bir müalicə zamanı – bəzən başqa bir xəstəlikdən müalicə aldığımız zaman müalıcə nəticəsində damarlarda genişlənmə baş verir ki, bu da haqqında danışdığımız problemə gətirib çıxarır.
- Qıdalanma – qidalanma balansının pozulması və nəzarətsiz dieta nəticəsində ola bilər.
- Hamiləlik və menstruasiya – dərinin avazıması nəticəsində də bu problem meydana çıxa bilər.
Əziz oxucularımız, dərinizdə əmələ gələn ləkələr zamanı, ilk növbədə, kosmetoloqa deyil, dermatoloqa müraciət edin. Bu zaman probleminizin daha dəqiq əlacını tapa bilərsiniz.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 73 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri