Qadın
gözəlliyinin ən əsas göstəricilərindən biri də məhz saçlardır. Sağlam
və parlaq saçlar hər kəsin diqqətini çəkə bilər. Lakin, bir çox hallarda
biz özümüz də dərk etmədən saçlarımıza ziyan vururuq. Bunu müxtəlif
vərdişlərimiz sayəsində edirik. Gündəlik həyatda bir çoxumuzun etdiyi və
saçlarımıza ziyan vuran həmin vərdişlərdən yaxa qurtarmaq lazımdır.
Qadınlar.biz sizə saçlarınızı korlayan vərdişləri təqdim edir:
Hər gün saç yumaq
Əlbəttə
təmiz görünmək və özünü təmiz hiss etmək əladır. Lakin, bu sizin
saçlarınıza ziyan vurur. Çox yağlı və ağırlaşan saçınız yoxdursa, hər
gün saçınızı yumaqla ancaq onları korlaya bilərsiniz. Saçlar
adətən 2-3 gündən bir yuyulmalıdırlar. Çünki, saçlarınıza hər gün su və
şampunun dəyməsi, saç dərisinin saçı qorumaq üçün istehsal etdiyi təbii
yağ qatının pozulmasına və saçınızın daha da ağırlaşaraq, korlanmasına
səbəb olur.
Saçların qaynar su ilə yuyulması
Saçlarınızı
çox isti su ilə də yumaq onlara ziyan vurur. Bu yağlanma və saç
tökülməsi kimi problemlərə yol aça bilər. Qaynar su saçın dərisini
qurudur və strukturunu pozur, qaşınma və qabıqlanma kimi problemlər
yarada bilir.
Saç kremindən səhv istifadə etmək
Saçlarınıza
qulluq prosedurlarında ən çox istifadə etdiyiniz məhsul da saç kremi
olur. Balzamlardan səhv istifadə edərək saçınızın dibini yumşaldır,
onların tökülməsinə yol açırsınız. Ən doğrusu az miqdarda saç kremi
götürərək, saçlarınızın ancaq uclarına çəkmək və daha sonra yaxşı-yaxşı
yaxalamaqdır. Beləliklə saçlarınızın ucları daha möhkəm və sağlam
olacaq.
Uzun müddət eyni şampun və balzamın istifadəsi
Peşəkar
saç ustalarının da dediyi kimi, eyni saç məhsullarını uzun müddət
istifadə etmək olmaz. Çünki dəriniz uzun müddət istifadə etdiyiniz
şampunun tərkibinə qarşı bir müddət sonra tamamilə təsirsiz qalmağa
başlayır. Əgər saç məhsullarından maksimum dərəcədə fayda almaq
istəyirsinizsə, özünüz üçün iki fərqli məhsul seçin və mütəmadi olaraq
dəyişdirərək istifadə edin.
Saçların yaş-yaş daranması
Bir
çoxumuz duşdan çıxan kimi saçlarımızı dərhal daramağa üstünlük veririk.
Lakin bilmək lazımdır ki, saçlar yaş olduqda daha çox qırılmağa meylli
olur. Buna görə də yaş saçları daramamaq lazımdır. Xüsusilə nazik dişli
daraqlardan istifadə etməyin. İri dişli daraqlarla saçınızı ehmalca açın
və tam quruduqdan sonra istədiyiniz kimi darayın.
Saçları dəsmalla sərt şəkildə qurulamaq
Daha
əvvəl də qeyd etdiyimiz kimi, saçlar yaş olduqca qırılmağa çox meylli
olur. Ona görə də, dəsmalla saçlarınızı quruladıqda çox ehtiyatlı olun.
Biz adətən hamamdan çıxan kimi, saçlarımızı dəsmalla möhkəm qurutmağa
çalışırıq və bu an saçlarımızı nə qədər qırdığımızı da dərk etmirik.
Vaxtaşırı saç kəsdirməmək
Uzun
saçlar bir çox qadının arzusudur. Lakin bu saçlar sağlam görünüşdə
deyilsə, onların uzun olması da gözəl görünməsinə səbəb olmayacaq.
Vaxtaşırı saçlarınızı kəsdirin və bununla da saç qırılmalarının
qarşısını alın. Bunu maksimum hər 3 aydan bir etməyə çalışın.
Fenin çox istifadəsi
Saçınıza
edə biləcəyiniz ən böyük pisliklərdən biri də, onu mütəmadi yüksək
temperatura məruz qoymaqdır. Buna görə də, hər gün saçı fenləmək kimi
bir vərdişiniz varsa, buna son qoymalısınız. Çünki fendən mütəmadi
istifadə saçın keratin bütünlüyünü pozur və saçlarınızın bioloji yaşını
sürətlə yüksəldir. Həftədə maksimum 2 dəfə istifadə etməyə çalışın.