Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir.
Hal-hazırda bu arzunu 2-3 saat ərzində, saçların süni şəkildə uzadılması
prosedurası ilə həyata keçirmək olar.
Bu proseduranın yerinə yetirilməsinə qərar verməmişdən əvvəl yaxşı-yaxşı
fikirləşmək və mütləq həkimlə də məsləhətləşmək lazımdır. Çünki
saçların tökülməsi, saçların və baş dərisinin müxtəlif xəstəlikləri, baş
dərisinin yüksək həssaslığı, bir sıra dərmanların qəbul edilməsi
(antibiotiklər, kimyəvi və hormonal preparatlar), bəzi xəstəliklər bu
proseduranın yerinə yetirilməsinə əks göstəriş hesab olunur. Öz
saçlarınız xeyli nazik və zəif olduqda da onların uzadılmasından imtina
etmək lazımdır, çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi
olur. Saçların uzadılması prosedurasından qabaq maskaların köməkliyi ilə
onları yaxşıca qidalandırmaq və möhkəmləndirmək lazımdır. Saçların
uzadılmasını mütləq yaxşı salonda və ixtisaslaşmış ustanın yanında etmək
lazımdır.
Uzadılan saçlara diqqətlə və ehtiyatla qulluq etmək (bu barədə öz
ustanızdan soruşun) lazımdır: xüsusi şampunlarla səliqə ilə yumaq və
daramaq, xüsusi balzamlardan istifadə etmək, saçların bir-birinə
dolaşmasına imkan verməmək (əks halda, sonradan onları daraya
bilməyəcəksiniz) və s. Uzadılan saçlarla saunaya, üzgüçülüyə gedərkən və
ya dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki günəş şüaları,
duzlu və xlorlu su, həmçinin hovuzda və ya dənizdə çimmək onları xeyli
dərəcədə korlayır və bir-birinə dolaşdırır.
Saçların uzadılmasını isti və ya soyuq üsulla edirlər. Bu zaman 200-dək
saç dəstini əlavə etmək olar. Uzadılma üsulundan asılı olaraq uzadılan
saçlar 6 ayadək qala bilər.
Saçların isti üsulla uzadılması zamanı artırılan saç dəsti qadının
özünün 1 saç dəsti ilə, əridilmiş keratinlə (qətran şəkilli maddə),
xüsusi isti kəlbətindən istifadə edilməklə birləşdirilir. Birləşdirilmə
yerinə xırda lövhəcik forması verilir ki, o da sonra saçların arasında
gizlədilir.
Saçların soyuq üsulla uzadılması zamanı saçların dəstələri birbiri ilə
xüsusi yapışqan və ya kiçik metal sıxaclar vasitəsi ilə birləşdirilir.
Yapışqanla birləşdirilmənin üsullarından biri saçların lentlə
birləşdirilməsidir. Bu zaman xüsusi lentin üzərinə bərkidilmiş süni saç
dəstləri qadının öz saçlarına birləşdirilir.
Əlavə edilən saçları yalnız kosmetik salonda, ən yaxşısı isə onları
uzadan ustanın özü tərəfindən çıxarmaq lazımdır. Süni saçları
çıxardıqdan sonra öz saçlarınızı kosmetik maskalarla yaxşı-yaxşı
qıdalandırın.