Hamiləlik hestozu

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 365
Səs ver:
(səs: 0)
Bəzən hamiləliyin ikinci yarısında hestoz adlanan patoloji hal yaranır ki, bu da aşağıdakılarla xarakterizə olunur: ödem; sidikdə zülal (proteinuriya); yüksəlmiş arterial təzyiq (hipertenziya). Əvvəllər bu hal hamiləliyin ikinci yarısının toksikozu adlandırılırdı.
Qeyd etmək lazımdır ki, bu üç əlamət həmişə birlikdə olmaya da bilər – iki və ya bir əlamət ayrılıqda da rast gəlinə bilər. Bu halın əsasında kiçik damarların xəstəliyi durur ki, bu da böyrəklərin funksiyasının pozulmasına, arterial təzyiqin qalxmasına və ödemlərə gətirib çıxarır.

Hamiləlik zamanı, əsasən də onun ikinci yarısında böyrəklərə düşən yük kəskin artır
Buna görə də hamilə requlyar olaraq sidik analizi verməlidir ki, ÖPH - hestoz ilkin mərhələdə aşkar olunsun və vaxtında müalicə tədbirləri görülsün.

Vaxtında müalicə olunmazsa hamiləlik həm ana həm uşaq üçün faciəvi şəkildə sonlana bilər. Bu xəstəlik çox təhlükəlidir. Qadın adətən özünü yaxşı hiss edir və həkimin onun bədənində əmələ gələn kəskin ödemlərə görə narahat olmasına fikir vermir.

Əslində isə bu ödemlər artıq böyrəklərin funksiyasının pozulmağa başladığından, kiçik damarlarda axının pozulmasından xəbər verir. Sidikdə zülal görünməyə başlayır – orqanizmdə vəziyyətin qənaətbəxş olmadığı haqda daha bir ciddi xəbərdarlıq. ÖPH - hestoz zamanı zülal mübadiləsi ilk növbədə pozulur.

Əgər təcili müdaxilə olunmazsa böyrəklərdə digər pozğunluqlar başlayır (duzların çıxarılması, sidiyin qatılaşması və s.).Qadında arterial təzyiq yüksəlməyə başlayır. Və nəhayət əgər heç bir tədbir görülməzsə ÖPH – hestoz çox ağır vəziyyətə – eklampsiyaya keçir: beyin qan dövranı pozulur, bütün kapilyarların divar keçiriciliyi kəskin artır. Nəticədə kəllədaxili təzyiq kəskin artır, beyində ödem əmələ gəlir.

Eklampsiya tutması qəflətən başlayır – bütün bədəni əhatə edən qıcolma baş verir, sonradan koma inkişaf edir. Qıcolma tutması ya dölün ya qadının ölümü ilə nəticələnə bilər. Əgər qadını xilas etmək mümkün olursa çox vaxt keçirilmiş eklampsiyanın ağırlaşmaları qalır.

Ona görə də hamilə qadınlar öz vəziyyətlərinə ciddi nəzarət etməlidirlər: əgər səhərlər üzük barmağınıza dar oldusa və ya həmişə geyindiyiniz ayyaqqabı ayağınıza olmadısa, gün ərzində sidiyə az getdinizsə və sidiyin rəngi dəyişdisə, baş ağrıları varsa, göz önündə "ulduzlar" sayrışırsa mütləq təcili həkimə müraciət etmək və məlumat vermək lazımdır.

Həkim sizə stasionara göndəriş verirsə imtina etmək lazım deyil. Stasionarda lazımi tədbirlər görülür: böyrəklərin normal funksiyası bərpa olunur, arterial təzyiq normaya düşür.

Qadının vəziyyətinin normallaşmasında müalicəvi-qoruyucu rejim böyük əhəmiyyət daşıyır. Adətən süd məhsulları və bitki tərkibli qidalar, həftədə bir -iki dəfə ət və balıq məsləhət görülür. Əgər sidiklə çox zülal itirilirsə zülali məhsulların qəbulu artırılır.

Pozğunluqlar nə qədər tez aradan götürülərsə bir o qədər gələcək uşaq üçün yaxşıdır. Bu xəstəlik zamanı uşaqlıq-cift-döl qan dövranında çatmamazlıq və dölün bətndaxili inkişaf ləngiməsi çox rast gəlinir. Ən ciddi ağırlaşmalardan biri də hamiləliyin erkən başa çatdırılması məcburiyyətidir: yüngül və orta ağırlıqlı hestozlar zamanı 8-9% , ağır hallarda 19-20%, preeklampsiya zamanı 32% hallarda hamiləlik erkən sonlandırılır. Doğulan uşaqların 30-35%-də çəki defisiti olur. Belə uşaqlara xüsusi xidmət tələb olunur, onlar nevropatik böyüyürlər, pis yeyirlər.

Bəs nəyə görə bəzi qadınlarda hamiləlik normal keçir, digərlərində hestozla ağırlaşır?
Bu xəstəliyə şərait yaradan faktorlar vardır. Ilk növbədə buna uşaqlıqda və ya digər yaş dövrlərində keçirilmiş böyrək xəstəlikləri aiddir. Hamiləlik susmuş patoloji prosesi aktivləşdirə bilir. Eyni zamanda hestoza şərait yaradan faktorlardan həddən artıq qidalanma və artıq çəki, zərərli vərdişlər, xroniki neqativ emosiyalar, çox gənc yaş və yaşın çox olması və s. göstərmək olar.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 365
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri