Hamiləlik zamanı uşaqda raxit xəstəliyinin profilaktikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 109
Səs ver:
(səs: 1)

 

Raxit kiçik uşaqlarda tez-tez təsadüf edilən təhlükəli bir haldır (daha ətraflı kitabımızın    səh. oxuyun). Bu səbəbdən raxitin qarşısını hamiləlik dövründən etibarən almağa başlamaq lazımdır.

Hamilə qadında mineral mübadilənin pozulmasının əlamətlərini aşkar etmək o qədər də çətin deyil. Kalsium duzlarının çatışmazlığını göstərən aparıcı əlamətlərdən biri hamilə qadında təbaşir, suvaq kimi maddələri yeməyə meylliyin əmələ gəlməsidir. Adətən,  kalsium duzlarının çatışmazlığı fonunda uşaqlığın tonusunun artması, ətraf əzələlərində spazmlar, ayaq barmaqlarının “keyləşməsi”, baş ağrıları da müşahidə olunur.

Qanda kalsiumun miqdarının azalması nəticəsində orqanizmin müdafiə mexanizmi işə düşür. Bu zaman orqanizm tərəfindən xüsusi hormon hazırlanır ki, onun da təsiri altında uşaq üçün çatışmayan kalsium ananın sümüklərindən və dişlərindən “sorulur”. Ancaq onu da bilmək vacibdir ki, ana orqanizminin imkanları da hədsiz deyil. Məhz bu səbəbdən dölün sümükləri kifayət qədər minerallaşmamış olur, yəni kalsium və fosfor ilə kifayət qədər təmin edilmədiyi üçün dölün sümükləri kövrək olur. Bu isə döldə bətndaxili və ya doğuş travmasının baş verməsi riskini artırır.

Raxitin doğuşa qədərki profilaktikası üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:

- 2 saatdan az olmayaraq açıq havada gündəlik gəzintilər;

- düzgün və balanslaşdırılmış qidalanma. Hamiləlik dövründə mütləq mümkün qədər çox miqdarda kalsium ilə zəngin olan qidalar qəbul etmək lazımdır. Bunlar ilk növbədə süd məhsullarıdır (pendir, kəsmik, yoqurt, xama, kefir və s.);

- hamilələr üçün nəzərdə tutulan xüsusi vitamin komplekslərinin qəbul edilməsi.

Bir çox hallarda qadınlar tərkibi kalsium ilə zəngin olan qida məhsullarını kifayət qədər qəbul etsələr də, onlarda hipokalsemiya (kalsium çatışmazlığı) əlamətləri qeyd olunur. Əgər sizin ayaq və qol əzələlərinizdə ağrılar, dartılma başlayarsa, dəridə xoşağəlməz “qarışqa yeriməsi” hissiyyatı yaranarsa, sümüklərdə ağrılar qeyd edilərsə, dişlərin dağılması prosesi sürətlənərsə, bu barədə tez bir zamanda həkiminizə məlumat verin. Tələb olunduğu halda həkim sizə əlavə olaraq kalsium preparatları, D vitamini (o, kalsium preparatlarının tərkibinə daxil olur, çünki onların daha yaxşı mənimsənilməsinə kömək edir) təyin edir.

Müstəqil şəkildə özünüzə kalsium preparatı və D vitamini "təyin etmək" olmaz, çünki bu halda siz  özünüzə əlavə bir problem yarada bilərsiniz. Qadın orqanizminə D vitamini artıq dozada daxil olduqda, uşaq orqanizmi kalsium və fosfor ilə normadan artıq dərəcədə yüklənmiş olur. Minerallar dölün sümüklərində yığılaraq onların həddindən artıq dərəcədə bərkiməsinə səbəb olur. Bu zaman ilk növbədə baş sümükləri öz elastikliyini itirir, onlarda olan əmgəklər vaxtından əvvəl bağlanır ki, bunlar da dölün başının doğuş yollarından keçdiyi zaman böyük əhəmiyyətə malikdir. Əmgəklərin olması nəticəsində dölün kəllə sümükləri bir-birinin üzərinə keçərək kəllənin ölçülərinin azalmasına səbəb olur ki, bu da dölün doğuş yolları ilə daha asan hərəkət etməsinə kömək edir. Uşaq doğulduqdan sonra əmgəklər bir növ “bufer” rolunu oynayırlar ki, bu da uşağın bir yaşına qədər olan dövrdə, onun beyninin ölçülərinin sürətli artması zamanı beyinin kəllə sümükləri tərəfindən sıxılmasının qarşısını alır. Beləliklə, hamilə qadının rasionunda D vitamininin artıq miqdarda olması, doğuş zamanı ciddi fəsadların yaranmasına və doğulduqdan sonra isə uşağın beyninin normal inkişafının çətinləşməsinə səbəb ola bilər.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri