Qadınlarımız doğuşdan niyə qorxurlar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 063
Səs ver:
(səs: 0)

Qadınların qaranlıq qorxusu, qapalı mühit qorxusu və bir sıra qorxuları ilə yanaşı, doğuş qorxusu da var. Tibbdə tokofobiya adlanan doğuş qorxusu ətrafda olan hadisələrin təsiri ilə yaranan narahatlıqdır.


Qadınlar.Biz xəbər verir ki, son zamanlar ölkəmizdə doğuş zamanı baş verən ana ölümləri hamilə qadınlarda müəyyən qorxuların yaranmasına səbəb olub. Belə ki, qadınlar doğuşa girməkdən, xəstəxanaya həkim müayinəsinə getməkdən qorxurlar. 27 yaşlı Nailə Əliyevanın sözlərinə görə, ikinci övladına hamilədir. Ancaq deyir ki, son zaman baş verən doğuş zamanı ana ölümləri ona rahatlıq vermir. "Son vaxtlar doğuş zamanı baş verən ana və uşaq ölümləri mənə təsir edir. Heç vaxt düşünməzdim ki, mən də belə xəbərlərdən qorxa bilərəm. İnanırsınız, gecələr qorxumdan yata bilmirəm. Elə hey o günü düşünürəm. Artıq hamiləliyimin 7-ci ayındayam. Mənə elə gəlir ki, doğuş zamanı öləcəyəm. Psixoloqa da müraciət etmişəm. Amma xeyri yoxdur" deyən Nailə Əliyeva hər gününü narahatlıq içində keçirdiyini bildirir.

Mütəxəssislər hesab edirlər ki, hamilə qadınlarda belə düşüncələr əsasən irsən və ya sonradan qazanılmış olur. Yaşanılan ölkənin ictimai və mədəni quruluşu, anadan qızına keçən doğum etmə qorxusu - tokofobiya nəsildən-nəslə keçə bilir. "Tokos" yunanca doğum, fobiya isə qorxu deməkdir. Belə narahatlığı olan qadınlar doğuş zamanı çox ağrı çəkməkdən, ölməkdən qorxarlar.

Psixoloq Aidə Ramazanlının sözlərinə görə, belə qadınlar həkimlərinə və özlərinə inanmaz, doğuş zamanı körpəyə bir şey olacağından qorxu keçirərlər. "Eyni zamanda, doğa bilməmək qorxusu, körpəni dünyaya gətirdikdən sonra baxa bilməmək qorxusu qadınları abort etdirməyə, narkotik və ya alkoqol aludəçisinə çevirə bilər. Uşaqlığında cinsi zorakılığa uğramış qadınların tokofobik olma ehtimalları da olduqca yüksəkdir".

Tokofobiyası olan qadınlar, normal doğuş keçirsələr də, illərlə doğum anlarını unutmaz, o anları düşündükcə narahatlıq keçirərlər. "Əslinə baxsanız, ilk doğuşuna hazırlaşan bir çox qadın nə ilə qarşılaşacağını bilmədiyi üçün bir azca qorxa bilər, amma hər bir qadın doğuşun təbii bir hadisə olduğunu bilməlidir".

Mütəxəssislərin fikrincə, tokofobiya 3 səviyyədə özünü büruzə verə bilir. Birinci səviyyədə qadın hamilə qalmadan əvvəl doğmaqla bağlı qorxulara malik olur. Bu qorxular uşaqlıq və yetkinlik yaşlarında formalaşır. Ölkəmizin vəziyyətini nəzərə alsaq, bütün qadınların tokofobiyalı olduğuna şübhə etmərik. "İkinci səviyyədə tokofobiyanı isə birinci uşağında ağrılar çəkmiş, zədələr almış, uşağı ölü doğulmuş qadınlar yaşayır. Tokofobiya, doğuşdan sonra depressiyaya səbəb olub, ciddi yuxu pozuntusu da yarada bilər".

Həmsöhbətimizə görə, üçüncü səviyyə tokofobiya depresif xəstəliklər zəminində inkişaf edən doğum qorxusudur.

"Hamilə qadınlar, heç bir tibbi ehtiyac olmadığı halda doğuşdan qorxduğu üçün qeysəriyyə əməliyyatına üstünlük verməyə can atırlar. Bu da çox zaman daha ağırılı nəticələrə gətirib çıxarır".

Psixoloqun sözlərinə görə, doğuş qorxusunu aradan qaldırmaq üçün doğuşun fiziologiyası, psixologiyası, doğum dalğalarını idarəetməni əldə saxlamaq üçün məlumatlanmaq lazımdır. "Əgər qorxularınız keçmirsə, psixoloqa müraciət edə bilərsiniz. Psixoterapiya bu qorxularınızı aradan qaldıra bilər. Bütün bunlarla yanaşı, pozitiv olmaq, yaxşı düşünmək lazımdır. Pis düşüncələri özünüzdən kənarlaşdırın. Körpənizin qarnınızda sağlam bir şəkildə böyüdüyünü və sağlam, asanlıqla su kimi doğulduğunu xəyal edin. Nəfəs məşqləri və nizamlı idman bədəninizi rahatlaşdıracaq. Rahatlamış bir bədən sizi, rahatlamış bir ruha qovuşdurar. Hamilə qadın görən digər ana olmuş qadınlar, öz doğuş hekayələrini əsgərlik xatirəsi kimi ən acı şəkildə danışırlar, çalışın dinləməyin. Hər qadının doğumu özünəxasdır, unutmayın. Hər şeydən əvvəl özünüzə, bədəninizə, körpənizə güvənin. Doğuşu siz edəcəksiniz, həkim yox".

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri