Hamilə qadınlar, antibiotiklərdən ehtiyatlanın!!!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 095
Səs ver:
(səs: 0)

alt

Son zamanların müzakirə obyektlərindən biri də antibiotiklərin zərərli olub-olmaması barədədir. Lakin o da məlumdur ki, onlardan düzgün istifadə edilməsi insanı bir sıra ağır xəstəliklərdən və onların fəsadlarından qurtara bilər. Bəzi hallarda elə bir vəziyyət yaranır ki, yalnız antibiotiklərdən istifadə edilməsi xəstənin hətta həyatının qorunmasına belə səbəb olur. Bu halda antibiotiklərin zərəri barədə düşünmək yersiz olur. Antibiotiklərin yanaşı mənfi təsirləri (allergik reaksiya, daxili orqanlara olan toksik təsirlər və s.) kifayət qədər az hallarda rast gəlinir. Bəs az olsa belə, görəsən, bunu yaradan səbəblər nədir?

"Modern Hospital” Klinikasının mütəxəssisləri Nuranə Məhərrəmova və Nərgiz Məmmədova çox zaman xəstələrin həkimlə məsləhətləşmədən, yaxud antibiotiki həkim tərəfindən təyin olunan qaydada deyil, özləri istədikləri kimi qəbul etdikləri hallarda baş verir. Mütəxəssislər əsasən xoşagəlməz halların hamilə qadınlarda, ürək çatışmazlığı olan kəslərdə və uşaqlarda düzgün tətbiq edilmədiyində yarandığını deyirlər. Antibiotikləri alarkən mütləq onların son istifadə olunma tarixlərinə diqqət yetirin. İstifadə vaxtı başa çatmış olan antibiotiklərin qəbul edilməsi çox təhlükəlidir. Çünki istifadə müddəti başa çatdıqdan sonra bir çox antibiotiklərin toksik təsiri kəskin şəkildə artır. Əgər siz daimi olaraq hər hansı digər dərman preparatı da qəbul edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin. Antibiotiklərin bir sıra dərmanlarla eyni vaxtda qəbul edilməsi bəzən onların təsirinin azalmasına, bəzən isə toksik təsirlərinin artmasına səbəb ola bilər. Beləliklə, antibiotikləri yalnız həkim təyinatı üzrə, onun dozasını və müddətini artırmadan qəbul etdikdə (savadlı həkim onları yalnız vacib olduqda təyin edir), əksər hallarda antibiotiklər heç bir zərər vermirlər. Lakin bir sıra xəstəliklər və vəziyyətlər var ki, bu hallarda antibiotiklərdən istifadə olunması insan üçün təhlükəli ola bilər. Bu xəstəliklər və vəziyyətlər hansılardır?

- Hamiləlik. Əksər antibiotiklərin inkişafda olan dölə mənfi təsir etməsi səbəbindən, hamiləlik zamanı onların tətbiq edilməsi mütləq əks-göstəriş hesab edilir. Hamiləlik zamanı antibiotiklərdən istifadə edilməsi, hamiləliyin ilk 3 ayı ərzində maksimal dərəcədə təhlükəli hesab olunur. Doğulmayan uşaq (ümumiyyətlə isə bütün uşaqlar) üçün tetrasiklin, doksisiklin, levomisetin və digər antibiotiklər xüsusilə zərərlidir.

Bəzi hallarda, hamiləlik vaxtı antibiotiklərdən istifadə olunmasına qoyulan qadağanı pozmaq lazım gəlir. Məsələn, ananın orqanizmində həm onun, həm də uşağın həyatının təhlükədə olduğu pnevmoniyanın və ya digər təhlükəli xəstəliyin inkişaf etməsi zamanı. Belə hallarda həkimlər dölə ən az toksik təsir göstərə bilən antibiotiki seçirlər.

- Uşaq əmizdirilməsi. Antibiotikdən istifadə edilməsinə nisbi əks-göstəriş hesab edilir. Bilavasitə doğuşdan sonra və ya ondan bir qədər sonra antibiotiklərdən istifadə edilməsi tez-tez rast gəlinən haldır. Bunun səbəbi doğuşdan sonra müxtəlif infeksion fəsadların baş verməsidir. Məlumdur ki, bir çox antibiotiklər aktiv şəkildə ana südünə keçərək, onun tərkibində uşaq üçün təhlükəli olan miqdarda toplanırlar. Ona görə də, uşağın əmizdirilməsi dövründə, anaya antibiotiklərin təyin edilməsi vacib olarsa, bu zaman müalicə müddəti ərzində uşağın ana südü ilə əmizdirilməsini dayandırmaq lazımdır. Əmizdirmədən imtina edilməsini, müalicə başa çatdırıldıqdan sonra daha 2-3 gün ərzində də davam etdirmək lazımdır, çünki bir sıra antibiotiklər orqanizmdə yığılaraq, onların qəbulu başa çatdıqdan sonra, yalnız bir neçə gün ərzində orqanizmdən tam şəkildə çıxarılmış olurlar.

- Uşaq yaşlarında. Uşaqlarda antibiotiklərin yalnız müəyyən qrupları istifadə edilə bilər. Pensillin, sefalosporinlər, makrolid qrupundan olan antibiotiklər uşaq orqanizmi tərəfindən daha asanlıqla tab gətirilə bilən preparatlar hesab olunur. Uşaqlarda güclü antibiotiklərdən istifadə edilməsi yalnız daha təhlükəsiz antibiotiklərlə müalicə effekt vermədiyi halda tətbiq edilə bilər. İstənilən halda, xüsusən də uşaqlarda hər hansı bir antibiotikin təyin edilməsi üzrə seçim yalnız həkim tərəfindən edilə bilər.

- Böyrək və qara ciyər çatışmazlığı olan xəstələr. Antibiotikləri təyin etməzdən qabaq böyrəklərin və qara ciyərin vəziyyətini yoxlamaq vacib hesab edilir. Məhz bu orqanlar antibiotikləri aktiv şəkildə toplayaraq emal etdikləri üçün onların təsirindən də ən çox "əziyyət çəkirlər”. Antibiotiklərin qəbul edilməsi xroniki böyrək və qara ciyər xəstəliyindən əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə də antibiotiklərdən istifadə edilməsi üçün böyrəklərin və qara ciyərin kəskin və xroniki xəstəlikləri (pielonefrit, qlomerulonefrit, hepatit), həmçinin böyrək və qara ciyər çatışmazlıqları əks-göstəriş hesab edilir. Belə xəstəlik hallarında toksik təsiri aşağı olan antibiotiklərdən (penisillin, sefalosporinlər) istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.

- Allergiyadan (növündən asılı olmayaraq) əziyyət çəkən insanlar. Antibiotiklər allergik reaksiya verə bilən dərmanlardan biridir. Allergiya yüngül halda bədəndə müəyyən miqdarda səpgilərin əmələ gəlməsi, ağır halda isə vaxtında düzgün və dəqiq tibbi yardım göstərilməməsi nəticəsində, xəstənin ölümü ilə nəticələnə bilən anafilaktik şok (ani güclü allergik reaksiya) şəklində meydana çıxa bilər. Məhz buna görə həkim qəbulunda olarkən, sizdə allergiyaya meylliliyin olması, həmçinin nə vaxtsa, hər hansı antibiotiklərə qarşı allergiyanın baş verməsi hadisəsi barədə həkimə mütləq məlumat vermək lazımdır. Həmin antibiotiklərin adını yadda saxlayaraq həkimi bu barədə xəbərdar etmək zəruridir. Qeyd etmək lazımdır ki, antibiotiklərə qarşı allergik reaksiyanın olması allergiyaya meylli olmayan adamlarda da (əlbəttə ki, allergiyalılara nisbətən daha nadir hallarda) baş verə bilər. Bu isə həmin preparata qarşı fərdi dözümsüzlüyün olması ilə izah olunur.

Bir daha yadda saxlayın – pis dərman olmur. Sadəcə olaraq, bəzi hallarda təcrübəsiz həkimlər, bəzən isə özünə "arxayın” olan xəstələr bu dərmanları "yersiz” olaraq təyin edirlər.

Fəridə Abdıyeva

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri