Anaları ən çox çaşdıran əmizdirmə məqamları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 924
Səs ver:
(səs: 1)
Əksər analar yalnız ana südü ilə qidalanan körpələrin inkişaf və böyüməsinin süni qida ilə qidalanan körpələrdən fərqli olduğunu görməkdədirlər.
Həkimlərin istifadə etdiyi körpə inkişaf və böyümə normativləri, süni qida ilə qidalanan körpələrin inkişafı müşahidə edilərək hazırlandığına görə ana südü ilə qidalanan körpələr üçün uyğun deyildir. Bu normativlərə əsaslanan bəzi analar körpələrinə yalnız ana südü verməkdənsə lazımsız yerə süni qida verməyə və ya ana südü ilə qidalandırmağı tamamən dayandırıb əlavə qidaya başlayırlar.
Körpənin əmdiyi süd miqdarının ölçülməsi və südün yetərli olub-olmadığını başa düşmək üçün lazımi qədər məlumat olmadığına görə bu cür səhv davranışlar artmaqdadır.Körpə 3-4 aylıq olana kimi ananın bədəni süd istehsalını  körpənin ehtiyaclarına uyğunlaşdırmağa başladığından döşlər və süd vəziləri doğuşdan sonra ilk günlərdəki kimi dolmaz və sərtləşməz. Döşlərin get-gedə boşalmasını bəzi analar südün azalması kimi zənn edərək əlavə süni qidaya başlayırlar.
Bu məqalədə, ana südü ilə qidalanan uşaqların çəki artma xüsusiyyətlərindən, ana südünün körpənin normal inkişafı və böyüməsi üçün yetəcək qədər olub-olmadığını necə anlayacağından, anaların südün yetmədiyini düşünərək etdiyi səhvlərdən söhbət açacağıq. Bir çox valideynlər üçün ana südünün yetərli olduğunu göstərən əsas xüsusiyyət körpənin çəki artımıdır. İlk 3-4 ayda körpənin çəkisi sürətlə artır, 5-ci ayda isə körpənin çəki artım sürəti azalır lakin analar bu vəziyyətə hazır olmurlar. Nəticədə, ana körpəsinin çəki artımı sürətinin azaldığına kədərlənərək əlavə süni qidaya başlayır.
Buna görə də, əlavə qidalara başlamaq həqiqi çəki itirilməsinə gətirib çıxarır. Ana tez-tez əmizdirmək əvəzinə az əmizdirib, əlavə olaraq süni qida verərsə, bu cür əmizdirmə tərzi körpənin çəki itirməsinə və ana südünün azalmasına səbəb olar. Bundan əlavə ana südünün azalması körpənin qida keyfiyyətini də aşağı salar.Körpənin qidalanmasında süni qidanın istifadəyə başlanılması nəticəsində ana düşündüyünün əksinə körpənin böyümə və inkişafına mane olur.
Körpənin çəkisinin necə artdığı və boyunun neçə santimetr uzandığı ümumiyyətlə həkim otağında öyrənilir, lakin, ana südünün yetib-yetmədiyini göstərən və nə qədər tezlikdə əmizdirmək gərəkdiyini göstərən üsullar var.
Körpənin altıncı ayında əlavə qida verməyə başlayana qədər ana südünün yetib-yetmədiyini göstərən əlamətlər: Əmizdirmə tezliyi, körpənin sidik və nəcisə getmə tezliyi, onun ümumi vəziyyəti və istəkləridir.
Sidiyə getmə tezliyi
Aşağıda göstərdiyimiz ana südünün yetərli olduğunu göstərən əlamət və rəqəmlər körpənin ana südündən başqa (su, sıyıq, başqa bir qadının südü) heç bir şeylə qidalanmadığı düşünülərək hazırlanmış gerçəyi əks etdirən rəqəmlərdir. Körpənin ilk günlərdə 1-2 bez çirklətməsi normaldır, bu ərəfədə körpənin sidiyə getdiyini müşahidə etmək bir az çətin olur.
Ağuz südü yetkin süd ilə əvəz olunmağa başladıqdan sonra (bədəndə südün miqdarı artmağa başladıqda) körpə daha çox süd qəbul etməyə  başlayır, beləliklə də daha çox sidiyə gedər, bezinin ağırlığı da artar.
Süd gəldikdən 4-5 gün sonra körpənin 5-6 bez çirklətməsi normaldır. 6 həftə sonra bez miqdarı 4-5-ə düşə bilər.
Hal-hazırda istehsal edilən uşaq bezləri çox miqdarda nəcis-sidik tutmaq xüsusiyyətinə malikdir, lakin marka və istehsal edilən ölkəyə görə də bezlərin əmicilik keyfiyyəti dəyişir.
İlk günlərdə körpənin nə qədər sidiyə getdiyinə nəzarət etmək üçün hər əmizdirmədən öncə eyni bezə bir neçə dəfə işəməsini gözləmədən bezini dəyişdirmək gərəkdir. Çünki, hər zaman dəyişdirilən bez sayı ilə körpənin işəmə sayı eyni olmaya bilər. (körpə 1 bezə 1 dəfə işədi anlamına uyğun olmaz, eyni bezə bir neçə dəfə işəmiş ola bilər). Körpənin işəyib-işəmədiyini bilmək üçün bezin içinə salfet qoya bilərsiniz. Beləliklə körpə işədiyi zaman salfet islanar və anlamaq asan olar.Daha dəqiq öyrənilmək istədikdə isə bir neçə gün tənzif və ya bələk istifadə edilməsi tövsiyyə edilir. Körpənin sidiyi açıq sarı rəngdə, şəffaf və qoxusuz olmalıdır.
Nəcisə getmə normaları
İlk günlərdə yeni doğulan körpənin nəcisinin rəngi çox tünd, qaraya yaxın bir rəngdədir. Yalnız ana südüylə qidalanarkən körpənin nəcisi tədricən yaşıllaşmağa başlayır, 5-ci günə qədər rəngi sarı, sarıya yaxın yaşıl, qoxusuz, püre şəkilli formada olmağa başlayır.
Nəcisə getmə tezliyinin də ancaq ana südü ilə qidalandığı təqdirdə, gündə 3-4 dəfə 2,5 sm olması normal haldır. 6-cı həftədən sonra nəcisə getmə tezliyi gündə 1 dəfə, hətta bir neçə gündə bir dəfəyə qədər azala bilər. Bu tezlik körpənin çəki artımının yaxşı olması şərtilə normaldır və körpələrin əksəriyyəti əlavə qidaya başlayana qədər nəcisə getməsi bu tezliklə olar.
Körpənin inkişaf və böyüməsinin yaxşı olduğunu anlaya bilmək üçün çəki artımı ilə eyni vaxtda sidik və nəcis tezliyi, boy artımı və baş çevrəsinin böyüməsinin də müşahidə edilməsi lazımdır. 0-1 yaş aralığında körpənin çəkisi bəzən  sürətlə, bəzən də (körpə xəstə və ya daha aktivdirsə) yavaş arta bilər. Bu səbəbdən körpənin kilosu ana südünün yetib yetmədiyini göstərməz.
Çəki artımı və böyümə
Araşdırmaların xəstəxanada doğulan uşaqların  müşahidə edilməsi ilə aparıldığını qeyd etmək istəyirəm. Doğum yeri körpənin sağlamlığına, eyni zamanda əmizdirmə keyfiyyətinə də təsir edir. Ana və körpə doğuşdan sonra bir neçə gün xəstəxanada qaldığı üçün ananın nəzərində əmizdirmə sıxlığı və müddəti ilə bağlı təsəvvür yaranır. Ümumiyyətlə xəstəxanada həyata keçən doğuş əmizdirməylə bağlı bir sıra şablon davranışlara vadar edir. Bu davranışlar körpənin böyümə və inkişafında özünü göstərir. Həm də, araşdırmaların əksəriyyətində körpə acanda ananın onu tez bir zamanda əmizdirib əmizdirmədiyi və ya nə qədər əmizdirdiyi qeyd olunmamaqdadır.Buna görə də, ana südü ilə qidalanan uşaqların böyümə normativləri orta hesab kimi nəzərdə tutulur  və bu orta hesab ana südünün yetib yetmədiyini göstərən işarələrdən biri olaraq nəzərə alınır. Halbuki, bu normativlər hər uşağa aid edilə bilməz.
 
Doğuşdan sonrakı bir neçə gün ərzində körpələrin 5-7 %-ə hətta 10 %-ə kimi çəki itirməsi də normaldır, lakin belə olan halda əmizdirmə tezliyinə daha çox diqqət etmək lazımdır. Ana südü gəlməyə başladıqdan sonra, körpələrin çəkisi artmağa başlayır və çəki artım cədvəlini ən aşağı çəkidən başlayaraq izləmək lazımdır. Ən aşağı rəqəmlər həm 2-ci həm də 5-ci gündə ola bilər. Ana südü ilə qidalanan körpələrin ilk 3-4 ayında orta hesabla çəki artımı təxminən gündə 30 qramdır.
4-cü aydan sonra çəki artım sürəti aşağı düşər və 4-6 ay arasında gündə 18 qram, 7-9 aylar arası gündəlik 12qram və 9-12 ay arası isə gündəlik 9 qram norma sayılır.Körpənin 0-12 ay ərzində boy artımı və baş çevrəsinin böyüməsi yaxşı inkişaf etməsinin çox vacib işarələrindəndir.
İlk 6 ayda körpənin boy artımının sürəti orta hesabla ayda 2,5 sm.dır, baş çevrəsinin böyümə sürəti isə ayda 64 mm.dir. Ümumiyyətlə ana südü ilə bəslənən körpənin çəkisi 5-6 aya qədər doğuş çəkisinin 2 qatına, 1 yaşa qədər isə 2,5-3 qatına çıxır, boyu 50%, başçevrəsi isə 33% nisbətində böyüyür.
Yalnız ana südü ilə qidalanan körpələrin artım cədvəlinə baxa bilərsiniz (Qız üçün artım cədvəli – Oğlan üçün artım cədvəli).
Ana südünün kifayət etmədiyinə dair səhv fikirlər
Bəzən analar döşlərindəki dəyişikliklərə və ya körpənin hərəkətlərinin dəyişməsinə görə ana südünün kifayət etmədiyini düşünürlər.Bu dəyişikliklərin səbəblərindən bəhs edək:
1. " Körpə tez-tez əmmək istəyir”: Bəzən körpə anasıyla təmas halında olmaq üçün, bəzən döşü sadəcə əmmək üçün, bəzən qarnını doyurmaq üçün döş tələb edər. Aclıqdan döş istədikdə güçlü bir şəkildə ağlayaraq tez-tez döş istəməsi südünüzün yetmədiyini göstərmir.
2. "Körpə əmdikdən 1 saat sonra yenə ac görünür”: Ana südü suni qidadan daha tez həzm olunduğu və körpənin az inkişaf etmiş həzm sisteminə daha az təsir etdiyi üçün ana südü ilə qidalanan körpənin tez-tez qidalanmağa ehtiyacı var.
3. "Körpə əvvəlki günlərə görə daha tez və ya uzun müddət əmir”: Əvvəllər körpə 45-50 dəqiqəyə doyarkən birdən birə 5-10 dəqiqəlik əmməyə başlayıbsa, körpə böyümüş və az müddətdə daha çox süd əmərək daha tez doyur.
4. "Körpə narahatdır, ağlayır və mızıldanır”: Körpələrin bir çoxunda narahatlıq yaranır, hətta ümumiyyətlə bu hər gün eyni saatda da təkrarlana bilər. Bəzi körpələr daha çox, bəziləri isə az ağlayır. Ağlamaqlarının bir çox səbəbi ola bilər.Yəni körpə sadəcə aclıqdan yox, başqa səbəbdən də ağlaya bilər. Səbəb nə olursa olsun köpəni sakitləşdirmək üçün ona döş vermək ən asan və ən sadə üsuldur.
5. "Döşdən əmizdirilmədiyində, süd az axır və ya heç axmır”: Südün axıb axmamağının ana bədənində əmələ gələn südün miqdarı ilə heç bir əlaqəsi yoxdur. Doğuşdan sonra və ya ilk aylarda süd axa bilər, tədricən bu vəziyyət dəyişə də bilər.
6. "Ananın döşü yumuşalır ”: Ana körpəsini tez-tez əmizdirirsə döşü südlə dolmaz və sərtləşməz, ona görə də yumşaq olar. Ananın bədənində süd miqdarı körpənin ehtiyacına görə əmələ gəldiyi üçün döşü sərtləşdirən süd artığı da qalmaz.
7. "Ana körpəni əmizdirərkən döşdən süd gəldiyini az hiss edirsə və ya heç hiss etmir”: Bəzi analar döşdən süd gəldiyini hiss etməz, amma körpəsinə baxaraq (körpədən udqunmaq səsi gəlirsə) bunu başa düşə bilər.
8. "Ana körpəni əmizdirmədən öncə və sonra ölçərək südün yetib yetmədiyinə qərar verir”: Ev tərəzisi ümumiyyətlə körpənin nə qədər süd qəbul etdiyini düzgün göstərə bilməz, çünki, dəqiq deyildir. Araşdırmalara görə körpənin çəkisinin tez-tez ölçülməsi lazım olmadığı halda süni qida verilməsinə və körpənin ana südündən imtina etməsinə səbəb ola bilər.
9. "Əmizdirəndən sonra körpə iştahla süd şüşəsi əmir”:Uşaqlar ümumiyyətlə tox olduqları halda süd şüşəsi əmə bilər. Əmməyə təbii ehtiyacları olduğu üçün ağızlarına girən hər şeyi əmməyə başlarlar. Bu hal körpənin az süd qəbul eydiyini göstərməz.
10. "Ana südünü sağa bilmir”: Süd sağmaq çox çətin işdir. Düzgün sağmaq üçün bu işi edə-edə öyrəşmək lazımdır. Ananın sağdığı südün miqdarı sağdıqca və sağma müddətində "südün gəlməsini” təmin etməyi öyrəndikcə artar. Sağma keyfiyyəti südsağan aparatın keyfiyyətinə də bağlıdır. Ancaq sağılan südün miqdarı ananın bədənində yaranan süd miqdarından çox fərqlidir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri