Nitqin ləngiməsi

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 3 003
Səs ver:
(səs: 0)
Ata və analar səbirsizliklə körpələrinin ilk söz söyləyəcəyi günü gözləyirlər. Nəinki söz, səbirsiz valideynlər üçün hətta balacanın çıxardığı hər bir səs böyük məna daşıyır, axı bu onu göstərir ki, uşaq yavaş-yavaş cəhd göstərir, ətrafdakıların nitqini təqlid etməyə çalışır. Ancaq belə də olur ki, artıq xeyli vaxt keçməsinə baxmayaraq, uşaq qətiyyən danışmağa başlamır. Bugünkü məqaləmizdə bu barədə söhbət açacağıq. Uşaqlar nə vaxt danışmağa başlayırlar? Nitq ləngimələri nə üçün baş verir? Körpəyə necə kömək etməli?

Mütəxəssislərin rəyi
Həkim-loqopedlər hesab edirlər ki, nitqin ən aktiv inkişaf dövrü uşağın ilk ilinin ikinci yarısından başlayır. Nitq inkişafının beş əsas yaş mərhələləri mövcuddur:

2-3 aylarında körpələr artıq ayrı-ayrı sait səsləri tələffüz edə bilirlər;

5-7 aylarında uşaqlar sammit səsləri də qavrayır və bunları təkrar etməyə çalışırlar;

7-9 aylarında körpələr artıq «ana», «ata» və bəzi asan sözləri tələffüz edə bilirlər;

9-10 aylarında uşaqlar tələffüz etdikləri sözlərin mənasını başa düşürlər, nitqin aktiv inkişafı başlayır;

12-18 aylarında kiçik cümlələrlə danışa və nə isə xahiş edə bilirlər.

Loqopedlər bildirirlər ki, oğlanlara nisbətən, qızların nitqi xeyli tez inkişaf etməyə başlayır. Bu onunla bağlıdır ki, oğlanlar daha çox müşahidə etməyi, ətraf aləmi nəzərdən keçirməyi xoşlayırlar. Halbuki qızlar ünsiyyət qurmağı daha çox sevirlər, buna görə də daha tez danışmağa can atırlar.

Nitqin ləngiməsinin əsas səbəbləri
Əgər uşağınızın iki yaşı tamam olmuşdursa, o isə hələ də danışa bilmirsə, deməli, mütəxəssisə müraciət etmək lazımdır, çünki normal halda uşaqlar artıq bir yaşlarında danışmağa başlayırlar. Nitq problemləri, əsasən, autizmdən, USİ (uşaq serebral iflici), dizartriya və alaliyadan əziyyət çəkən uşaqlarda yaranır.

Ancaq bu problem yuxarıda adları çəkilən xəstəlikləri olmayan uşaqlarda da yarana bilər. Bunun səbəbləri ananın hamiləliyinin necə keçməsindən də asılıdır. Əgər ağır formalı toksikoz və ya güclü soyuqdəymə kimi problemlər olmuşdursa, çox güman ki, uşaqda nitq aktivliyi ilə bağlı problemlər yaranacaq. Doğuş zamanı baş verən çətinliklər də həmçinin nitqin ləngiməsinə səbəb ola bilər: məsələn, əgər uşaq vaxtından əvvəl və ya göbəkbaşı boğazına dolaşmış halda doğulmuşdursa, bunun nəticəsində beyində oksigen çatışmazlığı (hipoksiya) yaranır.

Bir çox hallarda uşağın infeksion xəstəlik keçirməsi də nitqin ləngiməsinə səbəb olur. Meningit, difteriya və hətta qrip kimi xəstəliklər nitq aktivliyinin inkişafına mane ola bilər.

Alimlərin fikrincə, hal-hazırda nitqin ləngiməsi kifayət qədər geniş yayılmış problemdir. Mütəxəssislər bunu yalnız müxtəlif xəstəliklərlə deyil, həm də müasir dövrdə insanların saatlarla kompyuter monitorları qarşısında oturmağa, telefonla əylənməyə üstünük verərək az danışmaları ilə izah edirlər, halbuki uşaqlara danışmağı öyrənmək üçün daim canlı nitq eşitmək lazımdır.

Balacaya necə kömək etməli
Burada yalnız mütəxəssisə – nevropatoloqa, loqopedə müraciət etmək kifayət deyil. Valideynlər özləri də çox şey edə bilərlər. Uşağın yanında və ya uşaqla danışarkən öz nitqinizi müxtəlif mimika və aktiv əl-qol hərəkətləri ilə müşayiət etməyə çalışın. Bu, uşağın diqqətini cəlb etməyə və özündə saxlamağa kömək edir. Uşaq diqqətlə müşahidə edəcək, hər bir sözə qulaq asmağa çalışacaq. Uşaq kitablarını oxumağa çalışın, düşünməyin ki, uşaq hələ, onsuz da, heç nə başa düşmür. Əsas odur ki, uşaq beyinin fəal işi üçün daim sizi dinləsin.

Bundan əlavə, ovucların masajı nitqi çox gözəl stimullaşdırır. Nağıl danışa-danışa uşağın əllərini də bu işə qoşasınız: barmaqlarını qatlayın və açın, yumruqlarını sıxın və buraxın. Belə «prosedurlar» başın beyin qabığında nitq mərkəzlərini oyadır, onları aktiv işləməyə məcbur edir. Tədricən uşaqlar sizin nitqinizin ahənginə uyğun olaraq özləri əllərini hərəkət etdirməyə və hətta valideynlərinin ardınca sözləri təkrarlamağa çalışırlar.

Ən əsası səbirli olmaqdır, qətiyyən uşağa təzyiq göstərməyin, sizin ardınızca sözləri təkrarlamağa məcbur etməyin. Mütəxəssislərin işi və canlı ünsiyyəti əlaqələndirməklə siz gözəl nəticələr əldə edə bilər, nitqin ləngiməsi ilə bağlı problemləri aradan qaldıra bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri