Uşağın immunitetinin möhkəmləndirilməsinə onun doğulduğu ilk gündən başlamaq lazımdır.
Bunun üçün ilk növbədə körpəni lazım olandan artıq geyindirməyin. Biz,
uşaq doğulan gündən onu qalın geyindirməyə, üstünü daha isti örtməyə
adət etmişik. Əslində isə bu əməlimizlə biz heç də uşağa kömək etmiş
yox, əksinə, ancaq zərər vurmuş oluruq. Əgər uşaq doğulan gündən
etibarən yüngül şəkildə bələnərsə, sonra döşəmədə iməkləməyə, otaqda
ayaqyalın gəzməyə öyrəşmiş olarsa, o daha möhkəm və sağlam böyüyəcək.
Əlbəttə ki, bu zaman hər bir şeydə həddini bilmək lazımdır! Uşaq tez-tez
üşüyərsə və nəticədə də tez-tez xəstələnərsə, onun immuniteti yalnız
korlana bilər.
Yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava
vannaları etmək lazımdır. Uşaq üçün hava vannalarını o, evə gətirildiyi
gündən başlamaq olar. Gün ərzində 2 dəfə olmaqla uşağı soyunduraraq onu
1-2 dəqiqə ərzində lüt saxlayın. 1 aylığından sonra bu vaxtı 5
dəqiqəyə, 6 aylığına qədər 10 dəqiqəyə, 1 yaşına qədər 15 dəqiqəyə qədər
çatdırın. Otağın temperaturu 22-23 C olmalıdır. Əgər çöldə hava soyuq
deyilsə, uşağı tədricən, otağın nəfəslik pəncərəsi açıq olmaqla, otaqda
qalmağa öyrəşdirmək lazımdır.
Uşaq doğulduğu gündən etibarən 2 saatdan az olmayaraq (buna uşağı
tədricən öyrəşdirmək lazımdır) açıq havada olmalıdır. Bunun üçün "qırxın
çıxmasını" gözləməyin! Gəzintiləri yalnız hava çox şaxtalı və küləkli
olduqda təxirə salmaq olar.
Daha bir faydalı məlumatı da diqqətinizə çatdırmaq istəyirik. Bir yaşına
qədər olan uşaqla (və ya uşaq gəzə bilmədiyi vaxta qədər) gəzintiyə
çıxmağa hazırlaşarkən, uşağı həddindən artıq isti geyindirməmək üçün,
çox sadə bir qaydaya əməl edin: uşağa geyindirdiyiniz paltar qatlarının
sayı, sizin özünüzün geyindiyinizdən 1 qat artıq olmalıdır.
Uşağınız gəzməyə, daha sonra isə qaçmağa başladıqda, onun
hərəkətliliyini də nəzərə almaq lazımdır. Bir yerdə qərar tutmayan
uşağın "soyuqdan donması” böyüklərə nisbətən daha az ehimal olunur. Ona
görə də uşağın paltarlarının qatının sayı sizdə olduğu kimi olmalıdır,
artıq yox! Uşağın tərləməməsi üçün onun geyidiyi paltarlar təbii
materiallardan olmalıdır. Yadda saxlamaq lazımdır ki, tərləmiş uşağın
xəstələnmək ehtimalı çox yüksək olur.
Əksər hallarda biz uşağa ayaqyalın gəzməyi icazə vermirik. Bu zaman biz
dərindən düşünməyərək, onu bu yolla bədənini möhkəmləndirməyin vacib
üsullarından birindən məhrum etdiyimizi bilmirik. Həkimlər tez-tez
ayaqyalın gəzən uşaqların immunitetinin xeyli dərəcədə yüksək olmasını
qeyd edirlər. İnsanların pəncələrinin altında xeyli sayda bioloji aktiv
nöqtələr mövcuddur ki, onların mexaniki və fiziki şəkildə stimulyasiyası
orqanizmin immunitetini də yüksəldir. Ancaq bu zaman onu da nəzərə
almaq lazımdır ki, uşağı ayağyalın gəzməyə (qışda isə nazik corablarda)
alışdırmaq üçün bunu o gəzməyə başladığı ilk günlərdən, həm də
sistematik şəkildə etmək lazımdır. Dəniz qumu və dəniz çınqılı üzərində
ayağyalın gəzmək olduqca xeyirlidir. İmmunitetin möhkəmləndirilməsindən
əlavə bu həm də yastipəncəliyin ən yaxşı profilaktik və hətta müalicə
üsuludur.
İlin soyuq fəsillərində evdə xüsusi "trenajor" düzəltmək olar - vannaya
qum və xırda çınqıl tökün və uşağı bu qumda gün ərzində bir neçə dəfə
ayaqyalın "gəzdirin".
İmmunitetin mökəmləndirilməsi üçün digər yaxşı "trenajor” - xüsusi massaj xalçasının üzərində gəzməkdir.