Uşağın sağlam böyüməsi üçün vaxtında və doyunca yatması zəruridir.
Araşdırmalar göstərir ki, vaxtında yatmaq (böyük uşaqlar üçün axşam saat
9-10 arası) uşaqların böyüməsinə, yaddaşın inkişafına müsbət təsir
edir.
Körpələrin vaxtsız oyanması, hətta gecə ilə gündüzü qarışdırması
normaldır. Amma elə uşaq var ki, böyüyüb, sağlam olsa da, gecə yeməyə
ehtiyacı qalmasa da, az qala hər saatbaşı oyanır. Problemi həll etmək
üçün kökünü bilməliyik. "Bebek” jurnalı uşaqlarda yuxusuzluğun 5 əsas
səbəbini göstərir.
1. Yuxu ilə bağlı hərəkətlər
Uşaqların yuxuya getməsi üçün çox şeyə ehtiyacları ola bilər. Onlar
bəzi şeylərə vərdiş edirlər. Uşaq arabasında və ya qucaqda gəzib yatmaq,
ana südü ilə qidalanmaq, əmziklə, ayaqda, yaxud çarpayıda yellənmək və s
uşaqların yuxu ilə bağladığı (əslində biz valideynlərin bağladığı)
hərəkətlərdir.
Bu hərəkətlərin bəzisini uşaq özü edə bilir, məsələn, gecə oyananda
əmziyini özü tapıb, ağzına qoyur, bir qədər iri uşaq öz çarpayısını özü
yelləyir və yenidən yuxulayır, beləliklə problem olmur. Ancaq qucaqda
gəzdirilən, ayaqda yatırdılan uşaq gecə oyananda həmin hərəkəti özü
təkrarlaya bilmir və nəticədə yata bilmir. Ona görə də bu vərdişləri
tərgitsək yaxşıdır
2. Həddən artıq yorğunluq
Uşaqların oyaq qala bildikləri müddət yaşdan asılı olaraq fərqlidir. 1
aylıq uşaq cəmi 1 saat, 7 aylıq uşaq 3 saat oyaq qala bilər. Həddən
artıq yuxusuz qalanda uşaqların bədənində yorğunluqla mübarizə aparan
kortizol hormonu ifraz olunur. Stresə qarşı yaranan bu hormon yuxulamağa
mane olur. Uşaq yuxuya getsə də, bu hormonun təsiri ilə tez-tez oyana
bilər. Belə hallarda uşağın yuxulaması üçün anlayış və yardım göstərmək
xüsusilə vacibdir.
3. Fiziki inkişaf
Çevrilmək,
iməkləmək, ayağa qalxmaq, yerimək, danışmaq kimi yeniliklər uşağın
yuxusuna mənfi təsir edə bilər. Axı bu hərəkətlərin hər biri uşaqdan
daha artıq enerji tələb edir, uşaq hər dəfə hansısa əzələsini istifadə
etməyə başlayır və bəzən uşaqlar bu hərəkətləri gecə də təkrarlamağa
cəhd edirlər. Yaxud uşaq oyanıb fərqli şəkildə uzandığını görür, amma
necə çevriləcəyini unudur və çevrilə bilmədiyi üçün yata bilmir.
Bu halda uşağı rahat uzatmaqla yuxulamasına yardım etmək olar.
4. Aclıq
Qidalanma yuxuya birbaşa təsir edir. Ac uşaq yata bilməz, yemək istədiyi üçün ağlayar.
Amma uşaqların çəkisini, yaşını nəzərə almaq vacibdir. Məsələn, 9
aylıq körpə gecə 2-3 dəfə oyanıb, yemək istəyirsə, deməli, oyanmağa
vərdiş edib (9 aylıq uşağın gecə 2-3 dəfə yeməyə ehtiyacı yoxdur).
Uşağın aclıqdan ağladığını, doymadığını düşünürsünüzsə, həkimə
müraciət edin. Bəlkə südünüz azdır, ya da sizin uşağın yaşıdlarından çox
qidalanmağa ehtiyacı var…
5. Dişlər
Uşaqların bütün dişlərinin çıxması təqribən 2 il çəkir. Diş
bəzən ağrısız, uşağı heç narahat etmədən çıxır. Amma elə uşaqlar var
ki, ağrıdan yata bilmir, bəzilərində bədənin hərarəti artır, həzm
sisteminin fəaliyyəti pozulur və s.
Ağrı olanda özü yata bilən uşaq da ağlamağa başlayır, çünki
valideynin yardımına ehtiyacı olur. Belə vaxtlarda uşağa yardım üçün
bəzi üsullara əl atmaq, məsələn uşağı yelləmək, gəzdirmək, öz
yatağınızda yatırtmaq olar. Ancaq ağrı keçəndən sonra bu hərəkətləri
təkrarlamayın ki, vərdiş halını almasın.