Körpəyə ana südündən əlavə nə vermək olar? İlk əlavə qida

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 032
Səs ver:
(səs: 0)
Dünya Səhiyyə Təşkilatının tövsiyyəsinə əsasən sağlam, ana südü ilə qidalanan körpəyə ilk dəfə 6 aylığında su, tərəvəz, sonra meyvə şirəsi vermək olar. 2 həftədən sonra, uşaqda xoşagəlməz reaksiya olmayıbsa (nəcisində dəyişiklik yoxdursa, uşaq qusmursa, köpü yoxdursa, allergiyanın əlaməti müşahidə edilməzsə), 1 meyvənin, sonra 1 tərəvəzin püresi verilir. İlk qida qatı olmamalı, qaynadılmış su ilə durulaşdırılmalıdır. Yeməyi uşaq böyüdükcə qatılaşdıra bilərsiniz.
İlk əlavə qidanı günorta yeməyindən əvvəl vermək məsləhət görülür ("Uşağın süddən sonrakı qida rejimi Əlavə qidalandırmanın 11 qaydası”).
 
Sıyıq
Sıyıq körpə üçün ideal əlavə qidadır. Balacalar üçün nəzərdə tutulmuş hazır sıyıqlar, eləcə də peçenyelər çox əlverişlidir, qaynar suya qatmaqla hazır olur. Hazır sıyıqlara etibar etmirsinizsə, düyünü, yaxud yulafı isladıb əzin, lap az şəkər əlavə edib duru sıyıq bişirin. Manna yarmasından da sıyıq hazırlamaq olar. Sıyığı süddə yox, suda bişirin! Süd uşağa 1 yaşından sonra verilə bilər.

Tərəvəz püresi
Tərəvəzi (kartof, kök) ya buxarda, ya da suda qaynatmaq lazımdır. Hər bir tərəvəz ayrılıqda, qabığı soyulmamış bişirilməlidir. Əvvəl bir neçə damcı, sonralar (pürenin miqdarı 100-150 q-a çatdırılanda) bir çay qaşığı bitki yağı əlavə etmək olar. Uşaq püreni istəmirsə, azca limon sıxa, ya da duz ata bilərsiniz. Adətən körpələr tərəvəzi sevmir, bu halda məcbur etməyin. Gözləyin, 15-20 gündən sonra yenidən təklif edin.
İlk qarışıq tərəvəz püresini hazırlamaq üçün kartof, kök və kələmdən istifadə olunur. Kartof püresi 1 çay qaşığının yarısından, kök çay qaşığının ucunda, kələm də (gül kələmi, yaşıl kələm) çay qaşığının ucunda götürülüb qarışdırılır. Sonrakı günlər pürenin miqdarını artırmaq, 2 həftədən sonra bu qarışığa göyərti, ət bulyonu əlavə etmək olar.

Meyvə
Körpəyə əvvəl meyvənin şirəsini vermək lazımdır. İlk dəfə bir damcıdan başlayın, körpənin orqanizmi həssasdır.
Uşağa tərəvəz, eləcə də meyvə verəndə mütləq mövsüm məhsullarından istifadə edin. Yay olarsa albalı şirəsi, yayın ikinci yarısı armud, qalan mövsümlərdə alma şirəsindən başlamaq olar (alma qıcqırmanı artırdığı üçün çağaya yayda alma vermək məsləhət deyil).
Allergiyası olmayan çağaya həftədə 1-2 dəfə limon şirəsi vermək olar. Bir damla, bir neçə gündən sonra 2 damla limon şirəsini çaya əlavə etməklə uşağı C vitamini ilə təmin etmiş olarsız.
Şirəyə alışandan sonra uşağa meyvənin-almanın, armudun püresini vermək olar
 
Yumurta
Sağlam, ana südü ilə qidalanan uşağa yumurta 6 aylığından verilə bilər. İlk dəfə verəndə yumurtanı 15-20 dəqiqə qaynadın. Yumurta sarısının 4-də birinə ana südü, ya da bir neçə damcı qaynadılmış su əlavə edib durulaşdırın. 2 həftədən sonra yumurta sarısının yarısını, daha bir aydan sonra bütün sarını verə bilərsiniz. (Yumurta sarısını tərəvəz püresinə, sıyığa da qatmaq olar)
Ət verməyə başlayanda yumurta sarısını uşağa səhər, ətli yeməyi günorta verin.

Ət
7-ci ayda körpəyə çolpa ətinin bulyonunu vermək olar. Əvvəlcə ət suyunu tərəvəz püresinə əlavə edə, yaxud bulyona suxarı, çörək doğraya bilərsiniz. Sonrakı günlər suya diri soğan, doğranmamış tərəvəz ata bilərsiniz ki, dadı çıxsın. 8-ci aydan çolpanın, daha sonra dana ətinin, balığın püresini verməyə başlayın. Bunun üçün əti bir neçə dəfə maşından keçirib, küftələr şəklində suda azı 1 saat qaynadın. Həftələr keçdikcə azca düyü, vermişel, yaxud bir neçə ədəd noxud, ya da lobya dənəsi, mərcimək və s. əlavə etməklə əsl şorba hazırlamaq olar.
Uşaqda anemiya varsa, tərəvəz və ət püresi daha tez—uşağın 5,5-6 aylığında verilməlidir.
Unutmayın ki, hər bir uşaq özünəməxsusdur. Hər əlavə qidanı verəndə uşağın səhhəti (uşağın dişi çıxırsa, eləcə də peyvənddən əvvəl, yaxud sonra əlavə qida arzuolunmazdır), çəkisi, iştahası, ailədə hər-hansı qidaya allergiyanın olub-olmaması, "böyük bayıra” az, ya çox çıxması, nəcisinin duru olub-olmaması, ailənin yaşadığı bölgə nəzərə alınmalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri