Bəzən analar körpələrdə doğulduğu andan və ya lap körpəlikdən ağır qəbizlik müşahidə edir.
Qəbizlik
belə uşaqlarda günlərlə davam edir, ana daim imalələrdən istifadə
etməli olur, uşaq yalnız imalənin köməyi ilə nəcis ifraz edir. Bu halda
ana gözləməməlidir ki, pozulma özü-özündən keçəcək. Bu çox təhlükəli
simptomdur. Bunun səbəbi Qirşprunq xəstəliyi ola bilər.
Əgər uşaq körpəlikdən qəbizlikdən əziyyət çəkirsə, onu mütləq uşaq qastroenteroloqu müayinə etməlidir.
Qirşprunq
xəstəliyi anadangəlmə xəstəlikdir. Bu xəstəlik zamanı yoğun bağırsağın
bir hissəsində (və ya bütün yoğun bağırsaqda) sinir hüceyrələri olmur
ki, nəticədə yoğun bağırsağın fəaliyyəti pozulur - bağırsaq boşalmır,
nəcis burada günlərlə yığılır və qəbizlik əmələ gəlir. Bu halda
qəbizlikdən yalnız imalənin köməyi ilə xilas olunmaq mümkündür. Nəcis
kütləsinin bağırsaqda yığılması bağırsağın xeyli uzanmasına və
enlənməsinə səbəb olur.
Xəstəlik
əksər hallarda doğulan andan özünü büruzə verir. Xəstəliyin simptomları
əksər hallarda uşaq doğulduqdan dərhal sonra meydana çıxır. Qirşprunq
xəstəliyinin daha yüngül formalarında xəstəlik uşağın daha böyük
yaşlarında aşkar oluna bilər. Oğlanlarda qızlarla müqayisədə bu
xəstəliyə daha tez-tez rast gəlinir.
Qirşprunq
xəstəliyi zamanı bağırsağın daha böyük və ya daha kiçik hissəsi
zədələnə bilər ki, xəstəliyin simptomları daha ağır və ya daha yüngül
olur. Uşaqlarda Qirşprunq xəstəliyinin ağır formalarında anadangəlmə
bağırsaq keçilməzliyi olur.
Xəstəliyin ilkin simptomları:
- xroniki qəbizlik,
- köp,
- qarının böyüməsi (uşağın qarnı qurbağanın qarnına bənzəyir).
Xəstəlik
inkişaf etdikcə bu kimi simptomlar meydana çıxır: anemiya (qanazlığı),
hipotrofiya (bədən çəkisinin azalması), döş qəfəsinin deformasiyası,
fiziki inkişafın və boyatmanın ləngiməsi və s.
Böyüklərdə bu xəstəlik özünü xroniki qəbizlik, köp, qarın ağrıları ilə büruzə verir.
Xəstəlik
mərhələli şəkildə inkişaf edir. Qəbizlik uşaqda körpəlikdən müşahidə
olunur və əvvəllər imalələrin köməyi ilə asanlıqla aradan qaldırılır.
Daha sonra imalənin istifadəsi daha az nəticə verir, xəstənin vəziyyəti
ağırlaşır: bədən çəkisi azalır, xəstəni qarın nahiyəsində ağırlıq,
ağrılar narahat edir, təngnəfəslik inkişaf edir, anemiya və mübadilə
proseslərinin pozulması müşahidə olunur. Xəstəliyin gecikmiş
mərhələlərində imalənin istifadəsi kömək etmir. Bu mərhələdə ağır fiziki
yükləmə, qidalanmanın kəskin dəyişiləməsi çox ağır və xəstənin həyatı
üçün təhlükəli olan bağırsaq keçilməzliyinə səbəb ola bilər.
Beləliklə,
qəbizliyin digər səbəblərindən (şiş nəticəsində, yaşlı insanlarda
atonik qəbizliklər, qeyri-spesifik xoralı kolit zamanı qəbizlik və s.)
fərqli olaraq Qirşprunq xəstəliyi zamanı qəbizlik doğulduğu andan
müşahidə olunur və çox ağır xarakter daşıyır.
Qirşprunq xəstəliyinin yeqanə effektli müalicə üsulu cərrahi əməliyyatdır.