Ənənəvi olaraq analar, əgər süd insan bədənində ifraz olunursa, o zaman
steril, yəni tərkibində heç bir mikrob və ya bakteriyanın olmamasını
düşünür.
"The American Journal of Clinical Nutrition” jurnalında çap olunan
tədqiqatın nəticələri gözlənilməz oldu. İspaniya alimləri tərəfindən
aparılan tədqiqatlar ana südündə 700 növdən artıq bakteriyaları aşkar
edibdirlər.
Xarici aləmlə təmasda olan bədənin bağırsaq, ağciyər, dəri kimi
orqanlarında çox sayda bakteriyalara rast gəlmək olar. Ana südünün
tərkibində bakteriyaların olması bir tərəfdən maraqlı gəlir, digər
tərəfdən isə anaları körpəyə zərərli olması kimi düşüncələr süddən
imtina etməyə vadar edir.
Son illərin tədqiqatları ana südünün tərkibində sağlam sinantrop, yəni
insan bədənində bir başa yaşayan bakteriyaların mövcudluğunu göstərdi.
Onlara uşaq bağırsağında yer alan bütün stafilokoklar, streptokok, süd
turşusu bakteriyaları (Lactococcus) və digər bakteriyalar aiddir. Bu
bakteriyalar yalnız dəri qatından ana südünə daxil olanlar deyil,
həmçinin ana südünün ayrılmaz komponenti kimi süd vəzinin daxilində yer
alan xüsusi bakteriyalardı. Bakteriyaların potensial mənbələri ilkin süd
adlanan ağuz südündə mövcuddur. Uşaq hələ doğulmamış artıq süd
vəzlərində onun sağlamlığını qoruyan, immun faktorlarla, bakteriyalarla
zəngin və imunitetini formalaşdıran ağuz südü hazır şəkildə mövcuddur.
İspan tədqiqatçıların nəticələrinə görə bu bakteriyaların rolu ana
südünü "çirkləndirmək” yox, əksinə mühüm rol oynayaraq, uşağın
sağlamlığını qorumaq və immunitetini formalaşdırmaqdır.
Digər bir araşdırmada 16 əmizdirən ananın süd nümunələri təhlil
olunmuşdur. Bütün süd nümunələrində yüzlərcə müxtəlif bakteriya
növlərindən 9 növü bütün nümunələrdə aşkar olunmuşdur. Digər bakteriya
növləri isə anadan anaya fərqlənirdi. Eyni model insan bağırsağındakı
mikroblara da aiddir. Beləliklə, bu bakteriyaların ayrı-ayrı növlərinin
böyük müxtəlifliyi və insandan insana fərqlənməsi, hər bir insanın
təkrarolunmaz fərdi mikrobiomunu təşkil edir.
Körpələrin aldığı ana südü onların şəxsi bakterial mikroflorasını
formalaşdırır və inkişaf elətdirir. Ana südündə aşkarlanan bütün
bakteriyaların rolu bu vaxta kimi tam olaraq araşdırılmayıbdır.
Yəqinliklə demək olar ki, onlar uşağın sağlam inkişafına yönəlibdir. Ana
südünün tərkibində elə bakteriyalar var ki, onlar uşaqlara qida
maddələrini daha yaxşı həzm etməyə yardım edir və onların immun
sistemini inkişaf etdirir.
Hamını maraqlandıran sual bakteriyaların ana südünə necə daxil
olmasıdır. Onların bir qisminin körpənin ağzından daxil olma ehtimalı
var. Əmizdirmə zamanı uşağın ağzı döş giləsinin dərisi ilə sıx təmasda
olur. Qeyd olunduğu kimi insanın dərisi də eyni ilə müxtəlif
bakteriyaların yaşadığı bir mühitdir. Bununla yanaşı, ananın
bağırsağındakı bakteriyalar immun hüceyrələrə qoşularaq limfa sistemi
vasitəsi ilə orqanizmdə dövr edir. Limfa sistemi damar sisteminin bir
hissəsini təşkil edərək limfa sahələrindən, limfa adlanan rəngsiz maye
toxuma daşıyan limfa yollarından və qanyaradıcı üzvlərdən ibarətdir.
Limfa elementlərinə limfositlər, leykositlər və bir az miqdarda
eritoblastlar aiddir. Bundan başqa limfa düyünləri qan elementləri –
leykositləri və limfositləri əmələ gətirir. Eyni zamanda limfa
sisteminin vəzifələrindən biri nazik bağırsağın divarlarından sorulan
yağları qan damar sisteminə daşımaqdır.
Bakteriyaları alıb, süd vəzlərinə daşıyan hüceyrələrə dendrit hüceyrələr
deyilir. Əmizdirməyən insanlarda onlar bədənin müdafiəsi üçün immun
sistemini formalaşdıran bakteriya və digər bakteriyaları daşımaq üçün
istifadə olunur. Siçanlar üzərində aparılan son tədqiqatlar zamanı
bağırsaqdan bakteriyaların limfa düyünlərinə və süd vəzilərinə daxil
olmasını hamiləliyin son aylarında və laktasiya dönəminin əvvəlində baş
verməsini müşahidə ediblər. Həmçinin, tədqiqatlar göstərir ki, əmizdirən
qadınlara kapsul şəklində canlı (və təhlükəsiz!) bakteriyalar
veriləndən sonra, bu bakteriyalar onların südündə müşahidə olunmuşdu.
Normal bakteriyalar bağırsaq epiteli bütövlüyünü təmin etmək üçün çox
mühüm rol oynayır. Tədqiqatlar həzm prosesində iştirak edən
bakteriyaların bağırsaq epiteli qatının tamlığını qoruduğunu göstərir.
Tədqiqatda 100 trilion bakteriya təşkil edən bağırsaq mikrobiomu iştirak
edirdi. Bu bakteriyaların müxtəlif xəstəliklərin müalicəsi və
profilaktikasında rolu çox əhəmiyyətlidir. Bakteriyalar bədəndə xüsusi
metabolitlər (xüsusi kimyavi maddələrin geniş spektri) ifraz edir.
Müəyyən bakteriyaların metabolitlərinin udulması bağırsaq epitelisinin
tamlığını qorumaqda həlledici rolu var. Bu epiteli bir qat olduğu halda
bağırsaq bakteriyalarının qorunmasına və bağırsaqdan toksinlərin bədənə
keçməməsinə cavab verir.
Danimarka tədqiqatçıları ana südü ilə qidalanan 9, 18 və 36 aylıq
300-dən artıq uşaqların nəcisini tədqiq ediblər. Ana südünün uşaqları
daha sonrakı yaşlarda piylənmə, şəkər, allerqiya, müxtəlif bağırsaq
xəstəliklərindən qoruduğu nəticələrə gəliblər. Bu məhz ana südünün
tərkibində olan bakteriyaların uşaqların bağırsağında müsbət mikroflora
yaratması ilə əlaqələndirilir. Əmizdirmənin dayandırılması zamanı, uşaq
ana südündən məhrum olur, bu öz növbəsində bağırsaq mikroflorasında
dəyişiklik yaradaraq bədənin çəki indeksinin artmasına səbəb olur.
Elə hallar ola bilər ki, ananın südü uşağa kifayət etmir və bu zaman
uşağa nə vermək seçimi yaranır. Çox təəssüflər olsun ki, Dünya Səhiyyə
Təşkilatının tövsiyələrinə baxmayaraq, uşaq həkimlərimiz həmən
təşkilatın verdiyi siyahıda ən son yer tutan süni qidanı verməyi
məsləhət görürlər. Əslində isə ananın öz südü olmadığı halda donor südü
və ya süd anasına müraciət etməyi tövsiyə olunur. Ən çox anaları narahat
edən donor südündə bakteriyaların olmasıdır.
Kanada alimləri vaxtından tez doğulan uşaqlara çiy donor südü
içizdirirdilər. Onların məqsədi çiy ana südündə yer alan bakteriyaların
uşaqlara təsirini müəyyən etmək və doğma ana südü və donor südünün
bakteriya tərkibini müqayisə etmək idi. Alimlər xəstəxanada ana südü və
donor südü alan 98 erkən doğulan uşaqların səhhətinə nəzarət
edirdilər. Tədqiqatın sonunda alimlər maraqlı nəticələr əldə etdilər.
Baxmayaraq ki, nümunələrin bir qismində bakteriyaların miqdarı süd
banklarının təsdiq olunmuş normalarından artıq idi, bu uşaqların
sağlamlığına heç bir mənfi təsir göstərmədi.
Bütün bu tədqiqatlar bakteriyaların ana südündə olmasının norma olduğunu
və hətta uşağın sağlamlığında mühüm rol oynadığını göstərir. Bu mövzu
bununla bitmir, çünki bakteriya aləmi hələ də alimlərin maraq dairəsi
altındadır. Analar isə rahatlıqla körpələrini əmizdirib, dərindən nəfəs
alaraq, ana südünün nə qədər faydalı olduğunu düşünməyi davam etsinlər