Xudbin dünyada xeyirxah övlad böyüdək

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 752
Səs ver:
(səs: 0)
HƏR doğan gün başqalarına yaxşılıq etmək üçün insanlara çoxlu imkanlar bəxş edir. Amma təəssüf ki, çoxları özlərindən başqa, heç kəsi düşünmür. Ətrafa boylanıb baxsanız, bu gerçəkliyi hər yerdə görə bilərsiniz — insanların utanmadan bir-birlərinə kələk gəlmələrindən tutmuş sükan arxasında özlərini aqressiv aparmalarına, kobud danışmalarından tutmuş özlərindən çıxmalarınadək.

Xudbinlik bir çox ailələrdə də özünə yer tapıb. Misal üçün, bəziləri «daha yaxşısına layiq olduqlarını» düşünərək həyat yoldaşlarından boşanırlar. Hətta valideynlər özləri də bilmədən evdə xudbinlik toxumu səpirlər. Necə? Uşağın ağzından çıxan hər sözü yerinə yetirməklə, üstəlik, ona qarşı nizam-intizam qaydalarını tətbiq etməkdən ehtiyat etməklə.

Lakin elə valideynlər də var ki, uşaqlarına ilk öncə başqalarının rifahını düşünməyi öyrədirlər və bu, nəticədə gözəl bəhrələr gətirir. Xeyirxah uşaqlar daha asanlıqla özlərinə dost tapır və münasibətləri daha sabit olur. Bundan əlavə, onlar həyatdan daha çox məmnunluq duyurlar. Nəyə görə? Çünki Müqəddəs Kitabda deyilir ki, «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

Əgər övladınız varsa, ona xeyirxah olmağın xeyrini görməyə və cəmiyyətin canına hopmuş xudbinlik bəlasına yoluxmamağa necə kömək edə bilərsiniz? Amma gəlin ilk öncə uşaqlarda xudbinliyə meyil yaradan üç təhlükəyə və təhlükələrdən qaçmağın yollarına nəzər salaq.

1. Tərif yağdırmaq
Problem. Tədqiqatçılar cəmiyyətdə narahatçılıq doğuran bir tendensiyanı müşahidə etmişlər: işə düzələn bir çox gənclər özləri haqda olduqca yüksək fikirdə olurlar. Onlar müvəffəqiyyət qazanacaqlarından çox arxayındırlar, halbuki bunun üçün cüzi şey edirlər, ya da ümumiyyətlə heç nə etmirlər. Digərləri isə ümid edirlər ki, gördükləri işdə əməlli-başlı püxtələşməsələr də, bir göz qırpımında vəzifəyə ucalacaqlar. Elələri də var ki, özlərinin xüsusi olduqlarına əmindirlər, başqalarından da özlərinə qarşı bu cür münasibət gözləyirlər. İnsanların onlar kimi fikirləşmədiklərini görəndə isə çox məyus olurlar.

Problemin kökü. Bəzən gənclərin özlərindən çox razı olmaları aldıqları tərbiyə ilə bağlıdır. Misal üçün, valideynlər son onilliklər ərzində populyar olan özünəhörmət hərəkatının böyük təsirinə məruz qalmışlar. Onun əsasında duran prinsip ilk baxışdan ağlabatan görünürdü: əgər bir balaca tərif uşağa yaxşı təsir bağışlayırsa, gör onda çoxlu tərif necə təsir bağışlayar. Eyni zamanda, belə bir fikir də mövcud idi ki, valideynin uşağa narazılığını bildirməsinin ona ancaq pis təsiri olacaq. Missiyasını uşağa öz mənliyini hər şeydən uca tutmağı aşılamaqda görən bu dünyada belə davranan valideynlər məsuliyyətsiz sayılırdılar. Uşaqlar özləri barədə heç vaxt pis fikirləşməməlidirlər, ən azından valideynlərə belə deyirdilər.

Buna görə də bir çox valideynlər, hətta övladları tərifəlayiq bir şey etməsələr belə, onların başından tərif sözləri yağdırmağa başladılar. Kiçik də olsa, hər nailiyyət təmtəraqla qarşılanır, etdikləri səhvlərə isə ciddiliyindən asılı olmayaraq, göz yumulurdu. Bu valideynlər inanırdılar ki, uşağa öz mənliyini uca tutmağı öyrətməyin sirri pis şeylərə məhəl qoymamaq, yaxşı şeyləri isə tərifləməkdir. Uşaqların özləri barədə yüksək fikirdə olmaları onlara əsil sevinc gətirəcək şeylərə nail olmağı öyrətməkdən daha vacib oldu.

Müqəddəs Kitabda nə deyilir? Müqəddəs Kitaba əsasən, tərif yerində söylənilməlidir (Matta 25:19—21). Uşaqları özlərini yaxşı hiss etsinlər deyə tərifləmək onlarda özləri barədə yanlış fikir formalaşdırır. Allahın Kəlamında haqlı olaraq deyilir: «Özü bir şey olmaya-olmaya, özü haqqında yüksək fikirdə olan insan özünü aldadır» (Qalatiyalılara 6:3). Buna görə də Müqəddəs Kitab valideynlərə məsləhət görür: «Uşağa tərbiyə ver, bundan vaz keçmə, tərbiyə kötəyi ona ölüm gətirməz» * (Süleymanın məsəlləri 23:13).

Siz nə edə bilərsiniz? Uşaq səhv iş tutanda ona düzəliş verin, tərifəlayiq iş görəndə isə tərifləyin. Uşağınızı sırf özü barədə yüksək fikirdə olsun deyə tərifləməkdən çəkinin. Bunun heç bir faydası yoxdur. «“Mən” nəsli» kitabında deyilir: «Əsil özünə əminlik hissi uşağın sadəcə mövcud olduğu üçün onun dahi olduğunu deməklə yox, tədricən öz bacarıqlarını yaxşılaşdırmaqla və yenilərinə yiyələnməklə hasil olur» («Generation Me»).

2. Uşağın üstündə əsmək
Problem. İşə düzələn bir çox gənclər əlverişsiz şəraitin öhdəsindən gəlmək üçün hazırlıqlı deyillər. Bəziləri ünvanlarına cüzi tənqid eşidən kimi şoka düşür və məyusluğa qapılırlar. Digərlərini isə razı salmaq müşkül məsələdir, belə adamlar yalnız onların ən yüksək tələblərinə cavab verən işə razılaşırlar. Məsələn, doktor Cozef Allen «Uşaqlıq havasından çıxmaq» kitabında işə düzəlməyə gələn bir gənc oğlandan bəhs edir. Söhbət əsnasında gənc ona bu sözləri demişdi: «Mənə elə gəlir ki, işin müəyyən məqamları bir az darıxdırıcıdır, mən isə darıxmağı sevmirəm». Doktor Allen yazır: «O heç başa düşmür ki, hər işin darıxdırıcı məqamları olur. Necə ola bilər ki, iyirmi üç yaşına çatasan, ancaq bundan xəbərin olmasın» («Escaping the Endless Adolescence»).

Problemin kökü. Son onilliklər ərzində bir çox valideynlər uşaqlarının başlarına bir iş gəlməsin deyə onların üstündə çox əsiblər. Qızınız imtahanı verə bilmədi? Müdaxilə edin və müəllimdən tələb edin ki, ona daha yüksək qiymət yazsın. Oğlunuz yol hərəkatı qaydalarını pozduğuna görə cərimələnib? Onun yerinə cəriməni siz ödəyin. Məhəbbəti daşa dəyib? Bütün günahı qarşı tərəfin üstünə atın.

Valideynin uşağını qorumaq istəyi təbiidir. Amma həddən artıq uşağın üstündə əsmək onda səhv düşüncə formalaşdıra bilər. Uşaq elə düşünə bilər ki, hərəkətlərinin məsuliyyətini daşımaq məcburiyyətində deyil. «Yeniyetmələrin düzgün tərbiyə qaydaları» kitabında deyilir: «Ağrı-acının və məyusluğun öhdəsindən gəlməyin mümkün olduğunu öyrənmək və hətta bunlardan özlərinə ibrət dərsi götürmək əvəzinə, [belə] uşaqlar böyüyəndə eqoist olur və fikirləşir ki, həm valideynlər, həm də ətrafdakı insanlar onlara borcludurlar» («Positive Discipline for

Teenagers»).

Müqəddəs Kitabda nə deyilir? Xoşagəlməz hadisələr həyatımızın ayrılmaz bir hissəsidir. Müqəddəs Kitabda deyilir ki, «bədbəxtlik hər kəsin başına gəlir!» (Vaiz 9:11, Asan oxunulan tərcümə). Bu, yaxşı insanlara da aiddir. Məsələn, Allahın sadiq bəndələrindən biri olan Pavel xidməti zamanı müxtəlif cür çətinliklərlə qarşılaşmışdı. Lakin həmin çətinliklərin ona yaxşı təsiri də oldu. O yazmışdı: «Mən hər bir şəraitdə nəyim varsa, ona qane olmağı öyrənmişəm... hər şeydə və hər şəraitdə tox və ac olmağın... sirrini öyrənmişəm» (Filipililərə 4:11, 12).

Siz nə edə bilərsiniz? Övladınızın yetkinlik səviyyəsini nəzərə alaraq növbəti Müqəddəs Kitab prinsipini tətbiq etməyə çalışın: «Hər kəs öz məsuliyyət yükünü daşı[malıdır]» (Qalatiyalılara 6:5). Əgər oğlunuzu cərimələyiblərsə, qoyun o, cəriməni öz cibindən ödəsin. Əgər qızınız imtahandan kəsilibsə, bu, ona növbəti dəfə imtahana daha yaxşı hazırlaşması üçün dərs ola bilər. Əgər oğlunuz nakam məhəbbət yaşayıbsa, təsəlli verin, ancaq münasib vaxt düşəndə onu bu kimi sualların üzərində düşünməyə təşviq edin: «Bu hadisə dəyişməli olduğum hansı sahəni üzə çıxartdı?» Öz problemlərini həll etməyə çalışan uşaqlarda dəyanətlilik və özünəinam yaranır. Ancaq düşdükləri hər vəziyyətdən onları başqaları çıxardırsa, bu xüsusiyyətlər uşaqlarda formalaşmayacaq.

«Qoy hər kəs öz işini sınaqdan keçirsin, onda... özünə baxıb sevinəcək» (Qalatiyalılara 6:4).

3. İstədikləri hər şeyi almaq

Problem. Gənclər arasında keçirilən sorğunun nəticəsinə görə, onların 81 faizi varlanmağı başqalarına kömək etməkdən daha vacib sayır. Lakin var-dövlətə can atmaq insana məmnunluq gətirmir. Əksinə, faktlar göstərir ki, fikri-zikri yalnız əşyalarda olan insanlar elə də xoşbəxt deyil və daha çox depressiyaya düşürlər. Fiziki və emosional xəstəliklərə belə insanlar arasında daha çox rast gəlinir.

Problemin kökü. Bəzi uşaqlar əşyasevər ailələrdə böyüyürlər. «Narsizim epidemiyası» kitabında deyilir: «Valideynlər uşaqlarının xoşbəxt olmasını, uşaqlar isə əşya istəyirlər. Buna görə də valideynlər uşaqlarına istədikləri hər şeyi alırlar, uşaqlar da özlərini xoşbəxt hiss edir, ancaq bu, çox çəkmir. Bir az vaxt keçəndən sonra onlar daha çox şey istəyirlər» («The Narcissism Epidemic»).

Əlbəttə ki, reklam sənayesi acgöz istehlakçıların istəklərindən böyük məmnuniyyətlə istifadə edir. Reklamçılar «sən ən yaxşısına layiqsən» və ya «çünki sən buna layiqsən» kimi şüarlar yayırlar. Bir çox gənclər bu tələyə düşüb. İndi isə «layiq olduqları» əşyaların pulunu ödəyə bilmədiklərindən borc içində batırlar.

Müqəddəs Kitabda nə deyilir? Müqəddəs Kitab pulun zəruri olduğunu qeyd edir (Vaiz 7:12). Lakin orada belə bir xəbərdarlıq da var: «Hər cür pisliyin kökü pulpərəstlikdir». Üstəlik, həmin ayədə əlavə olunur ki, «bəziləri bu sevdaya düşərək... çoxlu əzab çəkmişlər» (1 Timoteyə 6:10). Müqəddəs Kitab bizə var-dövlət dalınca qaçmağı yox, həyat üçün zəruri olan əşyalarla kifayətlənməyi məsləhət görür (1 Timoteyə 6:7, 8).

«Varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər, insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar» (1 Timoteyə 6:9).

Siz nə edə bilərsiniz? Bir valideyn kimi, pula və əşyalara dair öz münasibətinizi təhlil edin. Sizin üçün nəyin vacib olduğunu müəyyən edib ondan möhkəm yapışın və uşaqlarınıza da bu cür davranmağa kömək edin. Yuxarıda adı çəkilən «Narsizim epidemiyası» kitabında təklif olunur: «Valideynlər uşaqları ilə birlikdə bu kimi sualları müzakirə edə bilərlər: “Endirimə düşən malları nə vaxt almaq olar? Bəs nə vaxt almasaq, yaxşı olardı?” “Faiz dərəcəsi nə qədərdir?” “Elə olubmu ki, başqasının təhriki ilə nəsə almısan?”»

Ehtiyatlı olun ki, ailədə yaranan problemləri unutmaq üçün nəsə almaq metodundan istifadə etməyəsiniz. «Uğurun bədəli» adlı kitabda deyilir: «Problemlərinizi əşyalarla ört-basdır etmək heç vaxt səmərə verməyəcək. Problemləri ayaqqabı və pul kisəsi ilə yox, ağıl, dərrakə və anlayışla həll etmək lazımdır» («The Price of Privilege»).

«Özünüz haqqında həddindən artıq yüksək fikirdə olmayın. Əksinə, təvazökar olun» (Romalılara 12:3, «Xoş xəbərin tərcüməsi»).
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 752
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri