Uşaq tərbiyəsində edilən 5 səhv – PSİXOLOQ YANAŞMASI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 606
Səs ver:
(səs: 1)
İnsan hər yaşda yeni bir şey öyrənir və kəşf edir. Uşaqların həyatı öyrənmə prosesində xüsusilə, ilk illər, şəxsiyyətin inkişafı baxımından çox vacibdir.

Bu dövrdə valideynlərin bilmədən etdiyi kiçik bir səhv, ömrü boyu övladının şəxsiyyətinə və həyatına mənfi təsir göstərə bilir. Psixoloq Günel Qurbanova bizimlə söhbətində uşaq tərbiyəsində edilən 5 səhv addım haqqında məlumat verir. Əziz analar, övladınızın şəxsiyyətində tərbiyə vaxtı mənfi fəsadlar yaranmasını istəmirsinizsə, psixoloqun məsləhət bildiyi aşağıdakı 5 addımı nəzərdən keçirin:

1) Uşağı bütün məsuliyyətlərdən azad etmək

Qadinla.com bildirir ki, 2-3 yaşlarından etibarən, uşaqlar müəyyən tapşırıqları yerinə yetirə biləcək potensiala sahib olurlar. Valideynlər isə "o hələ balacadır" düşüncəsinə əsaslanaraq, uşağa heç nə tapşırmırlar. Belə uşaqlar böyüyür, məktəbə gedir və heç bir şəxsi tələbatını özü yerinə yetirə bilmir. Beləliklə də, həm valideyn özü daha çox yüklənmiş olur, həm də uşaq öz ehtiyaclarını ödəyə bilmədiyi üçün daim kimdənsə asılı vəziyyətə düşür, hətta yaşıdları tərəfindən lağ obyektinə çevrilir.

2) Hər istədiyini ona təqdim etmək

Bəzi ailələrdə intizam olmur və uşağın hər dediyi yerinə yetirilir. Başqa bir sözlə, ailə daxilində "uşaqların idarəetməsi" olur. Bu tip uşaqlar eqoistcəsinə hərəkətlər edir, məsuliyyət hissi ya zəif olur, ya da ümumiyyətlə olmur, dostluq münasibətləri qurmaqda çətinlik çəkir (çünki, paylaşmağı bacarmır), yaşıdları ilə ünsiyyətdə problemlər yaşayırlar. Beləliklə, uşaq özünə bir yaşam məqsədi formalaşdıra bilmədiyindən, sevinc hissini duya bilmir və doyumsuz olur. Həmçinin nizam-intizam duyğusuna sahib ola bilmədiyindən, qaydaların olduğu yerdə özünü narahat hiss edir və onlara tabe olmaqda çətinlik yaşayır.

3) Başqalarının yanında tənqid etmək

Bir şəxsiyyət olaraq təsəvvür edin ki, həyat yoldaşınız sizdə olan bəyənmədiyi xüsusiyyətlərinizi dilə gətirir və bunu sizdən başqa bir çox insan da eşidir. Özünüzü necə hiss edərsiniz? Hansı hissləri yaşayırsınızsa, övladınıza da eynisini etdiyiniz zaman, o da həmin hissləri yaşayır. Uşaqlarınızın səhvlərini istər cəmiyyət içində, istərsə də təklikdə olanda davamlı olaraq dilə gətirməyi azaltmalısınız. Davamlı tənqid edilmək uşaqlarda ikrah hissi oyadır. Siz onun hər zaman yanında ola bilməzsiniz. Ona görə də, yanınızda olduğu zamanlarda ona səhv etmə imkanı verin və həqiqətən də müdaxilənin vacib olduğunu düşündüyünüz məqamlarda sadəcə, dəstək olun. Əmin ola bilərsiniz ki, o, özü səhv edərək və ya səhv etmə təhlükəsinin öhdəsindən özü gələrək daha yaxşı öyrənəcək. Öz səhvlərini və doğrularını dərk edərək hərəkət etməsi, övladınızda özünəinamı inkişaf etdirəcək. Ciddi məsələləri isə övladınızla təklikdə müzakirə edin. Təklikdə ona verəcəyiniz informasiyalar, əmin olun, daha təsirli olacaqdır.

4) Söz verdiyiniz halda, sözünüzü tutmamaq

Uşaqlar davranışlarının çoxunu ana və atasını model alaraq edir. Valideyn uşağa kiçik yalanlar deməyin problem olmayacağını düşünərək, çətinliyə düşdükdə, ona nəyi isə söz verib sonra onları yerinə yetirmirsə, uşağın öyrəndiyi budur: "Hər söz yerinə yetirilməyə bilər. Deməli, mənim də valideynlərimə və ya digər insanlara verəcəyim sözləri yerinə yetirməyimə ehtiyac yoxdur". Uşaqlarınıza necə davranmalı olduğunu demək, onların davranışında o zaman dəyişiklik yaradar ki, siz də həmin davranışları edirsiniz. Yəni onlarda dəyişmək istədiyiniz davranışları əvvəlcə özünüzdə dəyişməlisiniz.

5) "Olmaz" sözü ilə "etməməlisən" sözünü qarışdırmaq

Psixologiya sahəsindəki tədqiqatlara əsasən, uşağa "olmaz" sözünü demək, onda günahkarlıq, sərhədlənmək və ya əksinə, qarşı çıxma, aqressiya yaradır. Bunu bilən valideynlər, uşağa heç nə barəsində sərhəd qoya bilmirlər. Düşünürlər ki, əgər desəm, uşağa pis təsir edə bilər. Lakin unutmamalıyıq ki, valideyn düzgün istiqamətləndirməzsə, uşaq düzgün yolu tapana qədər ciddi problemlər yaşaya bilər. Məsələn, "çox oynadın, vaxt öldürürsən, 2 alacaqsan dur dərsini oxu" demək yerinə, "bu gün çox oynayıbsan, indi isə gəl birlikdə dərslərinlə məşğul olaq" deyə bilərsiniz. Beləliklə, siz, övladınızla dostluq qurarkən valideynlik statusunuzdan da çıxmamış olacaqsınız.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri