Uşaqların pis vərdişi: saçla oynamaq

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 3 769
Səs ver:
(səs: 1)
Bəzi uşaqlarda, əsasən də qız uşaqlarında saçları barmağına dolayaraq onlarla oynamaq vərdişi olur. Adətən uşaqlar yatarkən saçları ilə oynayır. Bununla da onlar sanki əsəblərini sakitləşdirir, özlərinə lay-lay çalırlar. Lakin yaşı daha çox olan uşaqlarda bu hərəkətin altında başqa səbəblər gizlənə bilər.

Yaşı 1- 3 arası olan qız və ya oğlan uşaqlarında bu cür vərdişlər daha çox olur. Bununla onlar özlərini güvəndə hiss edirlər. Əgər uşağınızda saçı ilə oynamaq vərdişi varsa, çalışmaq lazımdır ki, o bu hərəkətini tərgitsin. Bunun üçün siz müxtəlif üsullara müraciət edə bilərsiniz.

1. Övladınızın gün ərzində nəylə məşğul olmasına nəzarət edin. Onunla oynamağa, daha çox vaxt keçirməyə çalışın ki, onun saçları ilə oynamağa vaxtı olmasın. Uşaqlar bekarçılıqdan saçlarını barmağına dolayır və onunla oynamağa başlayır. Bu bir növ onların özünü yalnız hiss etməsindən irəli gəlir. Bununla onlar özlərini sakitləşdirir.

2. Uşağınıza yumşaq oyuncaqlar alın. Dovşan və ya tülkü kimi oyuncaqlarla oynamağa çalışın. Dovşanın qulaqlarını, tülkünün quyruğunu sığallayaraq nə qədər yumşaq olduğunu hiss etdirin. Və onların da oyuncağı sığallamasına şərait yaradın. Uşaqlar bu zaman saçlarının arasından barmaqlarını çəkib oyuncağı sığallamağa başlayacaq və zaman keçdikcə pis vərdişlərini unudacaqlar.

3. Yatmazdan əvvəl uşağınıza həzin mahnı dinlədin. Bu, laylay və ya quşların səsi ola bilər.
Uşaqların pis vərdişi: saçla oynamaq

4. Ananın uşağının yanında olması uşaq üçün sakitləşdirici amildir. Ona görə də yatarkən uşağınızın yanında olun. Saçı ilə oynadığı əlindən tutun. Və ya öz saçınızı ona təklif edin.

5. Əgər bütün bu dediklərimiz kömək etmirsə və uşağınız hələ də saçını barmağına dolayırsa, bu zaman daha sərt addım atın. Onun saçlarını qısaldın. Əgər qızdırsa və onun saçlarını qısaltmaq sizin üçün çətindirsə, onda əsasən alın və gicgahdakı saçları toplayın.

Başqa pis vərdişlərlə müqayisədə saçla oynamaq daha az ziyandır. Lakin saçla oynamağın sonu saçın tökülməsi ilə nəticələnə bilər. Və həmin hissələrdə bir daha saç çıxmaya bilər. Lakin bir çox həkimlərin dediyinə görə, bu hərəkətlə körpə saçının kökünü o qədər də zədələmir. Tökülən saç zaman keçdikcə yenilənir.

Körpənin bu vərdişini unutdurmaq üçün papaqlardan da istifadə edə bilərsiniz. O bu vərdişini unudana qədər başına papaq qoymaq lazımdır. Mütləq nəzarət etmək lazımdır ki, uşaq tökülən saçı ağzına aparmasın. Əgər belə olarsa, artıq cərrahların köməyinə də ehtiyacınız ola bilər. Çünki, saç həzm olunmur və mədədə qalır. Bu, gələcəkdə müxtəlif xəstəliklərə yol aça bilər.

4-6 yaşlarda olan uşaqlarda isə bu vərdiş çox zaman qızlarda olur. Çünki qızların saçı uzun, oğlanların saçı isə həm qısa, həm də sərt olur. Qızlar asanlıqla saçlarını barmaqlarına dolaya bilir. Bununla onlar özlərini güvəndə hiss edir və onlarda özünə inam yaranır. Belə pis vərdişlərdən qızımızı və oğlumuzu necə xilas edək?

1. Övladınızın əsasən utandığı və ya qorxu hiss etdiyi zaman onlara nəzarət edin. Belə hallarda sizin psixoloji hazırlığınız daha vacibdir. Məsələn, bağçaya gedən övladınız kiçik bir şeiri danışmağa utanır. Bu zaman bu şeiri onunla bərabər əzbərləməyə çalışın. Və yaxın qohumların qarşısında deməyə məcbur edin. Bu zaman onunla öz uşaqlığınızdan - necə şeir dediyinizdən və bəzən də sözləri unutduğunuzdan danışa bilərsiniz. Bu zaman o, özünə inanacaq və daha qətiyyətli olacaq.

2. Övladınıza onun bu pis vərdişinin sizi narahat etdiyini söyləyin. Ona deyin ki, saçlarını barmağına doladığı üçün saçları çox pis görünür. Hətta saçları bir-birinə dolaşdığı üçün onları daramaq qeyri-mümkündür və kəsməkdən başqa çarə yoxdur. Bəzən saçlarının kəsilməsini istəmədikləri üçün bu vədişlərindən də əl çəkməyə çalışırlar.

3. Onunla casus oyunu oynamağa çalışın. Və gizli "açar" sözlər fikirləşin. Bu sözləri dediyiniz zaman o başa düşməlidir ki, saçlarından əlini çəkməlidir. Beləliklə, onun saçları ilə oynadığını gördüyünüz zaman həmin açar sözü söyləyin və o, əlinin saçından çəkəcək. Ailə üzvlərinizi də bu oyuna dəvət edin ki, onlar da uşağı gördüyü zaman özlərini təəccüblənmiş kimi aparsınlar. Məsələn: Bu Aynurdur? Axı Aynur həmişə saçlarını barmağına dolayıb onlarla oynayır? Bu qız isə heç saçları ilə oynamır və s. İnanın, bu üsulun da böyük köməyi olacaq.
 
 
7-12 yaşlarda artıq uşaqlar öz xarici görkəminə diqqət yetirməyə başlayırlar. Özlərinə qarşı həddən artıq tənqidi yanaşır, başqa həmyaşıdları ilə özlərini müqayisə edir və bəzən də çox yanlış nəticəyə gələ bilirlər. Bəzi uşaqlar buruq saçlar xoşlayır, bəziləri isə düz və uzun. Buna görə də bu yaşda uşaqların saçı ilə oynamasının ən başlıca səbəbi estetika ilə əlaqədardır.

1. Qızınıza biqudi alın və birlikdə maraqlı və gözəl saç düzümləri fikirləşin. Beləliklə, o, saçlarını biqudi ilə burmağa başlayacaq. Zaman keçdikcə saçını barmağına dolamaq kimi vərdişini unudacaq.

2. Övladınızla saç barəsində danışın. Saçların necə uzandığını, mikroskop altında necə göründüyünü və hansı vasitələrlə saçların sağlamlığını qorumaq lazım olduğunu söyləyin. Və onun tez- tez saçı ilə oynamasının, barmağına dolamasının onun saçlarına nə qədər ziyan olduğunu izah edin. O artıq saçlarına qarşı daha diqqətli olacaq, ziyan verən vərdişlərindən uzaqlaşmağa çalışacaq.
 
 
3. Uşağınızdan sinifdə ən gözəl kimin olduğunu soruşun. Kino və səhnədə kimi özünə ideal seçdiyini öyrənin. Çalışın onu gözəlliyin müxtəlif cür olduğuna və heç də saçla əlaqəli olmadığına inandırın.

4. Əgər övladınız dərslərini hazırlayarkən, diqqətini toplayarkən saçlarını oynadırsa, bu zaman ona başa salın ki, bu hərəkəti ilə o, artıq zaman itirir və daha tez yorulur. Axı saçlarını barmağına ardıcıllıqla doladıqda saçları birləşir və bu zaman saçlarını açmaq məcburiyyətində qalır. Və beləliklə, diqqəti başqa sahəyə yönəlmiş olur.

15- 20 yaş və daha böyük gənclər çox zaman qarşısındakı əks cinsin nümayəndəsinin diqqətini cəlb etmək üçün bu hərəkəti edirlər. Bəlkə də onlar elə bilirlər ki, bu hərəkətləri ilə daha romantik, daha cəlbedici və gözəl görünürlər. Bunun belə olmadığını onlara izah edin.

1. İzah edin ki, bu hərəkət onun imicinə xələl gətirir. Müxtəlif zamanlarda bu hərəkəti ilə o, hər zaman eyni görünəcək. Onu aynanın qarşısında bu vərdişini təkrarlamasını xahiş edin. Və bu hərəkəti 5-10 dəqiqə dayanmadan etməsini söyləyin və özünü seyr etməsini istəyin. Və sonra bu hərəkətinin kənardan necə təəssürat yaratdığını söyləyin.

2. Qızınıza zaman-zaman parlaq olmayan və sadə makiyajdan istifadə etməyə icazə verin. Oğlunuza isə sevdiyi futbol klubunun və ya hər hansı idman növünün atributu olan geyimdən istifadə etməyinə icazə verin. Bu, onların ətrafındakılardan seçilməsi üçün vacibdir. Axı saç oynatmaq kimi vərdişlər bəzən ətrafdakılardan seçilmək üçün də edilən bir hərəkətdir. Və zaman keçdikcə bu, vərdişə çevrilir.

3. Övladınıza müxtəlif idman növü ilə məşqul olmağı təklif edin. Çalışın sevdiyi və istədiyi idmanla məşqul olsun. Pediatr və uşaq psixoloqları bu vərdişin heç də böyük əhəmiyyət daşımadığı qənaətindədirlər. Əlbəttə, bunun da öz mənfi tərəfləri var. Lakin bəzi uşaqlarda bu, ötəri olur, bəzilərinə isə yardım etməsən ömürlük vərdişə çevrilə bilər. Bunun üçün belə uşaqların valideynləri daha diqqətli, daha həssas olmalıdırlar.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri