Uşaqların tərbiyəsi nədən korlanır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 572
Səs ver:
(səs: 0)
«Ot kökü üstə bitər» — deyib atalarımız. Və bu qəbildən olan atalar misalımız çoxdur. Bu zərb-məsəllər hər dəfə yerinə düşəndə doğru söz yenə təptəzə görünür.
   
   ...Həyətə çıxmaqla bayırdan eşitdiyim sözlərə elə diksindim ki, mat-məəttəl qaldım. On dörd-on beş yaşında oğlan uşaqları hündür səslə elə tərbiyəsiz sözlər danışırdılar ki, eşidən qulaqlarına inanmaq istəməz. Amma neyləyəsən ki, bu həqiqətdir və ətrafımızda bu cür övladının tərbiyəsindən bixəbər nə qədər valideyn var. Qarşıdan yeni təhsil ilinin başlaması ilə bağlı yazı yazmaq fikrim olsa da, düzü mövzunun belə istiqamət alacağını bilmirdim. Axı uşaqlarımız məktəbə təlimlə birgə, həm də tərbiyə almaq üçün yollanırlar. Amma söyüşlərini, yaşlarına uyğun olmayan dəhşətli sözlərini eşitdiyim uşaqlar artıq neçə ildir ki, parta arxasında əyləşirlər. Onlar həm evdə, həm də məktəbdə tərbiyə almalıdırlar, amma… 

   ...Deyəsən, biz heç dəyişməyəcəyik. Nə təlim, nə tərbiyə bizlik deyil. «Uşaq mənimdir əgər oxutmuram əl çəkin» deyən böyük Sabirin sadə dillə söylədikləri bu gün də öz təravətini itirməyib. Biz elə bir ailə çərçivəsində yaşayırıq ki, uşaqlarımız sanki anadan alverçi, oğru və qəddar doğulur. Çünki elə yenicə dil açmağa başlayan körpəmizi biz belə əzizləyirik: «Söy atanı, əmini söy görüm, gör ata sənə nə alacaq». 
Bir dəfə belə bir söhbətə görə hətta bir ailədə dava-dalaş düşməsinin şahidi olmuşam. Belə ki, yenicə ailə quran xanımın həyat yoldaşı qardaşının uşağını məcbur edirdi ki, gəlinin bacısını söysün. Özünə görə əxlaqı olan xanım isə buna etirazını bildirirdi ki, onun bacısının nə günahı var ki, kimsə onu söyməlidir. 

Beləcə, qanımıza işləyən bu cür tərbiyəyə bizim ailələrdə rast gəlmək adi bir hala çevrilib. Bununla da uşağın nitqini, söz ehtiyatını «formalaşdırırıq». Həmin uşaq böyüyəndə birinci elə öz valideynini söyür və hələ ona əl qaldırmağa da hazır dayanır. Necə ki, bu gün belə hadisələri kriminal xəbərlərdə az eşitmirik. Günahı isə onda-bunda axtarırıq. Və yaxud da azyaşlı oğlan uşağına atası deyir ki, hə, daha balam böyüyüb kişi olub, mənimlə içə bilər. Beləcə, uşağın mədəsini zəhərləyirik. Sonra da istəyirik ki, övladımız güclü-qüvvətli olsun. Özümüz ona başa salırıq ki, özündən zəifləri döyməmiş evə gəlməsin. Cibinə də xeyli pul qoyub və heç maraqlanmırıq ki, uşaq, yeniyetmə hara gedir. Ayılanda, əgər ayılası olsaq, görürük ki, biz heç də övladımızla fəxr edə bilmirik, əksinə, deyəsən, həmişə onlara görə üzümüz danlanıb, qanımız qaralası olacaq.

   Bəs görəsən, bu gün uşaqların tərbiyəsi ilə bağlı psixoloq qənaəti necədir. Odur ki, Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayevə müraciət etdik. Psixoloq da məsələ ilə bağlı vəziyyətin həqiqətən də acınacaqlı olduğunu bildirdi. Və bunun birbaşa ailədən, valideynlərin yaratdığı mühitdən asılı olduğunu söylədi. İlk olaraq bildirdi ki, uşağa beş yaşına qədər «yox» sözü deyilməməlidir. Onda uşaq daha sərbəst, komplekssiz böyüyür və bu onun gələcəyinə təsir edir. Bəs onda məktəb bu məsələdə nə dərəcədə rol oynayır, sualına isə D.Rzayev belə cavab verdi: «Əgər müəllim özü şagirdin yanında nalayiq ifadələr işlədir, kobud sözlər danışır, hətta söyüş söyürsə, onda uşağı necə qınamaq olar?

Evdə, məktəbdə, küçədə, dayanacaqda, avtobusda, metroda… böyüklərdən söyüş eşidən azyaşlının psixologiyasına bu təsirsiz ötüşmür. Əlbəttə, əgər Rusiyada söyüş söymək, bəzi nalayiq sözlər işlətmək adi hal kimi qəbul edilirsə, bizdə əksinədir. Bu bizim mentalitetimizə, mədəni səviyyəmizə yaddır. Ancaq təəssüf ki, bu gün ictimai yerlərdə böyüklərlə yanaşı, azyaşlılar da nalayiq sözlər işlədir, hətta söyüş söyürlər».

   Hər hansı tikilinin bünövrəsi olduğu kimi, övladın tərbiyəsi də körpəlikdən bina olmalıdır. Bu tərbiyənin bünövrəsi hətta övlad dünyaya gəlməmiş ana bətnində olarkən qoyulmalıdır. Günümüzün reallıqlarına baxmayaraq, aqillərin təbirincə desək, yenə də əxlaq gözəlliyi insan üçün böyük nemətdir.  
Zər qədrini zərgər bildiyi kimi, insan cəmiyyətdə həm də əxlaqına görə sayılıb-seçilir. Möminlərin ən yaxşısı əxlaqı gözəl olandır, söyləyib Həzrəti Əli.

   ...Qarşıdan yeni dərs ili gəldi. Hərə öz büdcəsinə uyğun övladını geyindirib-keçindirib sevinə-sevinə məktəbə yola salacaq. Kaş bu sevinc ömrü boyu Sizi tərk etməyəydi, əziz atalar, analar… Buna görə Sizdən uşaqlarınıza xeyli diqqət və məhəbbət tələb olunur. Övladınıza bu böyük qayğını əsirgəməyin. Unutmayın, bu Sizin həm də vətəndaşlıq borcunuzdur.
   
   Mina Rəşid
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 572
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri