Ağ vərəqdə nə yazmalıyıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 093
Səs ver:
(səs: 1)
Allahın Peyğəmbəri (s) buyurmuşdur: «Saleh övlad, cənnətin xoş ətirli güllərindən, gözəl qoxulu bir güldür». («Əl-Kafi», c.6, səh. 3, hədis 10).
Hər bir valideynin öz övladı qarşısında müəyyən vəzifə və məsuliyyəti vardır. İmam Səccad (ə) valideynin vəzifə və məsuliyyəti barədə belə buyurub: «Valideynin uşağın qarşısındakı borcu bundan ibarətdir: o pis də olsa, yaxşı da olsa səndən yaranıb və sənə mənsubdur. Bu səbəbdən onu ədəbli etmək məsuliyyəti də, yalnız sənin öhdəndədir. Sən Ulu Tanrını tanımaqda ona yol göstərməli, itaət etməkdə isə yardım etməlisən. Bunu da bilməlisən ki, uşağınla yaxşı rəftarına görə Allah tərəfindən mükafatlandırılacaq və pis rəftarına görə isə cəzalandırılacaqsan» («Məkarimul-əxlaq», səh.484).
Təəssüfləndirici haldır ki, valideynlərin əksəriyyəti ilk öncə övladını gözəl, sağlam, təhsilli, daha sonra isə əxlaqlı, tərbiyəli və cəmiyyətə yararlı olan bir insan kimi görmək istəyirlər. Və övlad böyüdərkən bu suallar üzərində daha az fikirləşirlər: mən valideyn olaraq övladımı necə tərbiyələndirməliyəm? Cəmiyyətə yararlı insan təhvil vermək üçün nə etməliyəm?
Hər bir övladın gələcək həyatı, əsasən onun tərbiyəsindən asılıdır. Tərbiyə etmək vəzifəsi isə valideynin öhdəsinə düşür. Həzrət Peyğəmbər (s) çox gözəl buyurmuşdur: «Ən yaxşı xislət – ədəb və yaxşı tərbiyədir» («Məcməuz-zəvaid», c.8, səh.159) və «Öz övladınıza hörmət qoyun və onlara yaxşı tərbiyə verin» («Kənzul-ummal», hədis 45410).
Bəs, övladın düzgün tərbiyə olunması üçün nə etmək lazımdır? Hər şeydən əvvəl övladının tərbiyəçisi olan valideyn, səbrli və tədbirli olmalıdır. Hər bir uşağın gələcək şəxsiyyətinin bünövrəsi, məhz uşaqlıq çağından qoyulduğundan, ən kiçik səhv və ya səhlənkarlıq uşağın şəxsiyyətinə güclü zərbə vura bilər. Ona görə də valideyn, uşağın şəxsiyyətini sındırmaması və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.
Uşaqlıq çağının ilk üç ilində insanın əxlaqının, ictimai və dini şəxsiyyətinin təməli qoyulur. Bu üç il ərzində o, yaxşılığı, pisliyi, düşmənçiliyi, məhəbbəti, qorxunu, gözəlliyi və. s bu kimi hissləri başa düşür və dərk edir.
Valideyn övladının tərbiyəsi ilə gecikmədən məşğul olmalıdır. Həzrət Əli (ə) öz oğlu İmam Həsən (ə)-a belə buyurmuşdur: «Uşağın ürəyi xam torpaq kimidir, onda nə əksən bitər. Buna görə də mən, ürəyin bərkiməmişdən öncə, sənin tərbiyənlə məşğul olmağa başladım» («Vəsailuş-şiə», c.15, səh.197).
Görəsən, İslam Peyğəmbəri Muhəmməd (s)-ın çox əhəmiyyət verdiyi bir əməlin – dünyaya gəlmiş uşağın qulağına azan və iqaməni deməyin – fəlsəfəsi nədir? Axı, körpə heç nə duymur və heç nə anlamır. Bəli, uşaq azan, iqamə və Quran ayələrinin mənasını başa düşmür, amma bütün bu kəlmələrin uşağın həssas ruhuna böyük təsiri vardır. Bu təsir, yalnız eşitmək yolu ilə deyil, ümumiyyətlə, bütün hisslərin vasitəsilə uşağın beynində və əsəblərində həkk olunur.
Bəs, övladın tərbiyəsində məhəbbətin hər hansı bir rolu varmı? Əlbəttə ki, övladın tərbiyəsində məhəbbətin rolu əvəzsizdir. Hətta hər hansı bir insan heç kimin tərəfindən sevilmədiyini bildikdə, özünü bu dünyada tək-tənha hiss edir və hər zaman qəmgin olur. Uşaqların isə məhəbbətə böyüklərdən daha çox ehtiyacı var. Bu səbəbdən, onlara həmişə məhəbbətlə yanaşmaq və sevgi göstərmək lazımdır. Məhəbbət görən uşağın ruhu şən və şad, özü isə mehriban və insanpərvər olar. Belə uşaqlar özlərini heç nədən məhrum hiss etməz və ətrafda baş verənlərə pis reaksiya göstərməzlər. Lakin məhəbbətsiz böyüyən, ata-ana nəvazişi, qayğısı və məhəbbəti görməyən uşaq isə əksinə olaraq, insanpərvər olmaz, özündə bir çox çatışmamazlıqlar hiss edər, ətrafda baş verənlərə pis reaksiya göstərər və bu səbəbdən də azğınlığa düçar olar. Məhəbbət, yaxşı əxlaqın əsasıdır. Övlada məhəbbətlə yanaşmaq haqqında Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Uşaqlarınızı çox öpün, çünki onları hər dəfə öpdükdə sizin cənnətdəki dərəcəniz yüksəlir» və «Uşaqları sevin və onlara mehribanlıq göstərin» («Biharul-ənvar», c.104, səh.92).
Uşaq həmişə məhəbbətə möhtacdır. O, ata-ananın məhəbbətindən sevinir, onların laqeydliyindən və məhəbbətsizliyindən isə kədərlənir. Ona görə də, valideynlər uşaqlara laqeyd yanaşmayıb, onlara qarşı olan məhəbbəti bildirməlidirlər. Lakin elə valideynlər də vardır ki, uşağa deyirlər: «filan işi görsən, anan səni çox istəyər, amma filan işi görsən, səni sevməz». Belə işin aqibəti çox pisdir. Uşaq ikiüzlü, yalançı və başqalarının məhəbbətini qazanmaq üçün hər bir şey etməyə hazır ola bilər.
Digər tərəfdən, həddindən artıq məhəbbət də uşağın ərköyün olmağına gətirib çıxara bilər. Uşaq əmr edən zaman valideyn onun əmrini dərhal, tez-tələsik yerinə yetirərsə, həmin əziz-xələf uşaqda hökmranlıq hissi yaranar və bu hiss günü-gündən artarsa, uşağın gələcəyinə çox pis təsir göstərər. Ərköyün uşağın qurduğu ailə həyatı, bütün istəklərinə nail ola bilməmə səbəbindən, çox zaman uğurlu olmur. Ərköyün adamlar tez inciyən və xudbin sifətə malik olurlar. Həddindən artıq məhəbbət, uşağın səhv tərbiyə olunmasına gətirib çıxarar. İmam Muhəmməd Baqir (ə) bu barədə belə buyurmuşdur: «Ən pis ata, uşağına həddindən artıq məhəbbət göstərən atadır».
Valideynlər uşağı tərbiyə edərkən, qorxu hissindən də istifadə edirlər. Görəsən, bu hissin daha çox faydası var, yoxsa zərəri? Qorxu, Allahın insanlara bəxş etdiyi nemətlərdən biridir. Bu hiss, ancaq düzgün şəkildə istifadə olunduqda faydalı ola bilər, əks halda isə pis nəticə verər. Uşağı yersiz tənbeh etmək, qaranlıq yerə salmaq, it-pişiklə, cin-xuxu ilə və s. qorxutmaq, onun qorxaq yetişməsinə səbəb ola bilər. Əgər o, bu kimi şeylərdən qorxarsa, onun ruhunu sakitləşdirməyə, qorxaqlığını aradan qaldırmağa çalışın. Onu danlamaqla deyil, başa salmaqla pis işdən çəkindirin.
Valideynlər, qaz, kibrit, elektrik və s. kimi, qorxulu və təhlükəli şeylərdən düzgün istifadə etmə qaydalarını da övladlarına öyrətməli və bunlardan düzgün istifadə olunmazsa, baş verə biləcək fəsadları onlara başa salmalıdırlar. Müəyyən vaxta qədər uşağa cəhənnəm, günah, Qiyamət günü və s. bu kimi məsələlərdən danışılmamalıdır, yalnız Allahın mehribanlığından, bağışlayan olmasından, insanları sevməsindən danışılmalıdır.
Bəzən uşaqlarda inadkarlıq hissi də, nümayiş olunur. İnadkar uşağı isə nə döymək, nə də hər nə istəsə onu verməklə düzgün tərbiyə etmiş olmarıq. Həzrət Əli (ə) bu barədə buyurmuşdur: «İnadkarlıq müharibələr törədər və qəlbləri kinli edər» («Ğurərul-hikəm», hədis 1718) və «İnsanın inadkarlığının dünya və axirəti üçün ziyanı hər şeydən çoxdur» («Ğurərul-hikəm», c.104). Valideyn övladı ilə dostluq etməli, ona yol göstərməli və uşağın inadkar olmasının səbəbini araşdırmalıdır. Uşaq zərərsiz bir şey istədikdə, ona vermək olar. Hər kiçik iş üçün onu bərk danlamaq, təhqir etmək və döymək olmaz. Həzrət Əli (ə) buyurub: «Danlamaqda həddi aşmaq, inadcıllıq odunu alovlandırar» («Tuhəful-uqul», səh.80).
Əgər uşağın inadcıllığının səbəbini tapa bilmirsinizsə, onda özünüzə fikir verin, bəlkə özünüzdə inadcıllıq var və uşağınız yox, məhz elə özünüz inad edirsiniz? Bunu araşdırmaq mütləq vacibdir.
Bəzən uşaqlarda paxıllıq hissi də olur. Paxıllıq çox pis hissdir. Bu hiss, insanı günah etməyə vadar edər. İmam Muhəmməd Baqir (ə) buyurmuşdur: «Od odunu yandırdığı kimi, paxıllıq da insanı yandırar» («Şafeyi», c.1, səh.173). Bəzən paxıllıq hissi valideynlərin övladları arasında ayrı-seçkilik etməsi nəticəsində də, yaranır. Allahın Peyğəmbəri (s) buyurmişdur: «Öz övladlarınızın sizlərə ehtiram və hörmət qoymaqda ədalətli olmalarını istədiyiniz kimi, siz də onlara hədiyyə və bəxşiş verərkən ədalətli olun» («Kənzul-ummal», hədis 45347). Əgər valideyn bütün uşaqları ilə ədalətli şəkildə, eyni dərəcədə rəftar etsə, yəni birini o birindən üstün tutmasa və müqayisə etməsə, onların arasında fərq qoymasa, uşaqlarda paxıllıq hissi yaranmaz. Paxıl insan bir başqasında nemət görərsə, gözü götürməz və onun məhv olmasını istəyər.
Uşağın tərbiyəsinə ziyan vura bilən bir hiss də vardır ki, bu da qəzəb hissidir. Həzrət Əli (ə) buyurmuşdur: «Qəzəblənməyin, çünki qəzəbin əvvəli dəlilik, sonu peşmançılıqdır» («Mustədrək», c.2, səh.326). Hirsli, qəzəbli uşaq qışqırar, ayağını yerə vurar, küsər və s. Hər bir halda uşaq pis deyil. Burada da valideyn tədbirli, səbrli olmalı və qəzəbi aradan qaldırmaq üçün onun səbəblərini müəyyənləşdirməlidir. Uşağı təhqir etmək, incitmək, istəklərini saymamaq, sevilmədiyini hiss etdirmək, qorxutmaq və s. ilə uşaqdakı qəzəb dərəcəsi tədricən qüvvətlənə bilər və belə davam edərsə, o gələcəkdə hirsli bir adama çevrilə bilər.
Ümumiyyətlə, uşağı pis bir hərəkətinə görə döymək, tənbeh etmək bəyənilmir. Çünki döyülən uşaq həm valideynə qarşı kinli olar, həm də qorxaq böyüyər. Döyməklə uşağı müvəqqəti olaraq, pis bir işdən çəkindirmək mümkündür, lakin o, imkan tapan kimi həmin əməli təkrar edər. Uşağı heç bir zaman başqasının yanında tənbeh etməyin, çünki uşaq heç bir vaxt bu hadisəni unutmaz və bu hadisə onun ruhunda pis təsir qoyar. Əgər cəzalandırmağı lazım bilirsinizsə, bunu elə etməlisiniz ki, uşağı döyərkən onun bədənində nə yeri qalsın, nə qızarsın, nə də göyərsin. (Çünki bunlar «diyə» verməyə səbəb olar.)
Allah-Taaladan övlad diləyərkən, İmam Əli (ə)-ın buyurduğu kimi övlad diləyək. O Həzrət (ə) belə buyurub: «Mən öz Allahımdan nə xoş simalı övladlar istədim, nə də boylu-buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan övladlar istədim ki, ona baxanda Allaha itaət etdiklərini görüm və gözlərim işıqlansın» («Biharul-ənvar», c.67, hədis 66).
Bəli, hər bir insan dünyaya pak gəlir – ağ vərəq kimi və bu vərəqi biz yazırıq...
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri