Uşağın təlim-tərbiyəsində ananın rolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 8 297
Səs ver:
(səs: 0)
Ananın təlim-tərbiyədə oynadığı rol danılmazdır. Ana bu baxımdan rəhbərlik və bələdçilik məsuliyyətini daşıyır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla da onun gələcəyini, habelə gələcək cəmiyyəti qurmalıdır.
Yaradılışın əbəs olmadığını düşünmək və həyata qarşı ümidvar olmaq təlim-tərbiyə və maariflənmənin ən böyük səmərələrindəndir.
Aydındır ki, bu ağır məsuliyyətin öhdəsindən gəlmək üçün ana özü də maariflənməli və başqalarının təcrübələrindən istifadə etməlidir. Bu işdə islam dininin əxlaq, ədəb-ərkan (etika-estetika) və müxtəlif yaş dövrünə müvafiq təlim-tərbiyə üsulları bəyan edən mötəbər kitablardan faydalanmaq siz analara böyük kömək göstərər.
Gələcək nəslin formalaşmasında ana, əsas aparıcı qüvvədir. Ailə və cəmiyyətdə davranışın ilkin təlimlərini uşaq anadan öyrənir. Habelə, cəmiyyətdə qarşılıqlı anlaşma və fikirlər mübadiləsi üçün yaranan danışıq dilini hər bir uşaq öz anasından öyrənir. Ananın ağuşunda boya-başa çatan uşaq, özünəxas düşüncəyə yiyələnir və təbii ki, gələcəkdə bu düşüncələri müdafiə etməyə səy göstərir. Uşağın bütün bu sadalananlarada müvəffəqiyyət əldə etməsi isə düzgün təlim-tərbiyəyə bağlıdır. Başqa sözlə, ananın düzgün təlim-tərbiyəsi övladının səadətinə, yanlış təlim-tərbiyə isə sonrakı peşmançılığa bais olur. Dünyaya yeni göz açan körpəyə hamıdan yaxın və daim onunla ünsiyyətdə olan onun anasıdır. Ana uşağın maddi ehtiyaclarını təmin etməklə yanaşı onun ruhuna və hissiyyatlarına da birbaşa təsir göstərir.
Həqiqətdə uşağın həm cisminin, həm də ruhunun sağlam inkişafı ananın varlığına bağlıdır. Yəni ananın uşaqla daim təmasda olması onun inkişaf və kamilliyinin ilk amilidir. Bu ünsiyyət sayəsindədir ki, gələcəkdə cəmiyyətə ayaq basan uşaq həmtayları ilə ünsiyyət yaratmağı bacarır. Uşağın cəmiyyətlə tanışlığında da ilk vasitəçi anadır. Bir çox qərb psixiatorları, o cümlədən Spirts ana qayğısının uşağın həm cismi, həm də zehni inkişafindakı əhəmiyyətini vurğulamışdır. O, ananın ağuşunda böyüyən və ana qayğısından uzaq düşən uşaqlar üzərində apardığı müşahidələrdən sonra belə qənaətə gəlib ki, birinci dəstədən olan uşaqlarda cismi və zehni inkişaf, o cümlədən fərdi və ictimai şəxsiyyət kimi formalaşmaq, ikinci dəstədəki uşaqlardan daha üstündür.
Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) hədislərindən də aydın olur ki, ana övladına olan məhəbbətini atadan daha çox büruzə verir və o, uşağını boya-başa çatdırmaq üçün daha çox fədakarlıq göstərir. (Möhsin Feyz Kaşaninin «Məhəccətül-bəyza» kitabı, 3-cü cild, 435-ci səh.)
İmam Zeynül-abidin (ə) da ananın övladı üçün çəkdiyi bir çox zəhmətləri sadalayaraq buyurur: «Allah tofiq verməsə, heç kim ananın çəkdiyi zəhmətlərin əvəzini qaytara bilməz». (Məhəmməd Məhəmmədi Reyşəhrinin «Mizanül-hikmət» kitabı, 3-cü cild, 712-ci səh.)
Ailə uşaqların təlim-tərbiyə ocağıdır və bu məqsədə çatmaq üçün ata və ana ailədə əlverişli şərait yaratmalıdırlar. Uşağın şəxsiyyəti ailədə formalaşır. Bir-birilə əlaqədar olan amillər, o cümlədən irsiyyət, xarici görkəmindən əlavə, onun şəxsiyyət və xasiyyətində də böyük təsirlər qoyur. Şəraitdən asılı olaraq irsiyyətin fərd üzərində qoyduğu təsirlər müxtəlif formalarda təzahür olur. Məsələn, bəzən irsiyyətin bəxş etdiyi müəyyən istedadlar şərait nəticəsində ya çiçəklənir, ya da məhv olub aradan gedir.
Müqəddəs İslam dinində ata-ananın boynuna düşən bu ağır məsuliyyət, yəni övladın təlim-tərbiyəsi, təkidlə bəyan olunmuş və bu sahədə lazımi tövsiyələr kitablarda qeyd edilmişdir. İmam Səccad (ə) buyurub: «Övladın valideyn üzərindəki haqqı bunlardır: (Ey valideyn,) bil ki, bu uşaq sənin vücudundan yaranıb və onun həm yaxşı, həm də yaramaz əməlləri səndən asılıdır. Həmçinin bil ki, atalıq məsuliyyəti və hökmranlığına görə səndən hesabat alınacaq. Sən övladını gözəl əxlaq və ədəb ərkana yiyələndirməli, böyük Allahı ona tanıtdırmalı və Allaha itaət və ibadət etməkdə ona yol göstərməlisən!
(Ey valideyn,) övladına tərbiyə verdikdə özünü də unutma; vəzifəsini tanıyan bir ata ol! Bil ki, övladına xidmət göstərsən, Allah-taala dərgahında savab qazanacaqsan. Amma əgər öz köməyini ondan əsirgəsən, əzaba düçar olacaqsan!» (Məhəmməd Təqi Fəlsəfinin nitqi, 18-ci çapı, Tehran, İslam maarifi nəşriyyatı heyətı, 1367-cı hicri-şəmsi ili, «Uşaq irsiyyət və tərbiyə baxımından», 2-ci hissə, 3-cü səh.)
Təlim-tərbiyə elə uşaqlıq çağlarından başlanır. Azyaşlı uşaq valideynlərinin, həmçinin ailədə yaşca özündən böyük bacı-qardaşının rəftarlarını təkrarlayır. Uşağın şəxsi rəftarları isə tabe olduğu dinin buyruqları və milli adət-ənənənin təsiri altinda formalaşır. Sözsüz ki, hər bir millətin və məntəqənin özünəxas milli adət-ənənəsi və tərzi-təfəkkürü var və bunlar nəsildən nəslə ötürülür. Ata-ana da millətin bir nümayəndəsi kimi bu adət-ənənəni mənimsəyir və övladlarına ötürür. Məsələn, böyüklərlə davranış qaydaları, toy və yas mərasimləri, xöşbəxtlik və bədbəxtlik, həyat və ölüm anlayışlarını təhlil etmək və s. bu kimi göstəricilər müəyyən bir mədəniyyəti təşkil edir. Bir qədər öncə irsiyyətin uşağın şəxsiyyətinə böyük təsir etdiyini vurğuladıq. Milli adət-ənənə isə uşaq şəxsiyyətinin formalaşmasında başqa bir amildir.
Əsassız inanclar və xurafatlar, ətrafdakılara qarşı laqeydlik, cəmiyyətdə nizam-intizamsızlıq və qanunsuzluq, əhalinin ölkə ərazisində düzgün paylanmaması, dinə qarşı inamsızlıq ictimai mədəniyyətə mənfi təsir qoyan amillərdir. Bu mənfi amilləri cəmiyyətə qoşulan gəncə mütləq xatırlatmaq lazımdır. Şübhəsiz ki, ictimaiyyət ayrı-ayrı ailələrdən, ailə isə ayrı-ayrı fərdlərdən təşkil olur və ictimaiyyətdə mövcud olan problemlər də ailələrdən qaynaqlanır. Sizcə nizam-intizamsız, ayrıseçkiliklərə yol verilən, daim ailə üzvləri arasında çəkişmələr baş verən bir ailənin yetirdiyi uşaq hansi tərbiyənin və mədəniyyətin sahibi ola bilər?! Yəqin ki, göz açıb gördüyü tərbiyənin!
Xülasə, təlim-tərbiyənin təməli ailədə qoyulur.
Təlim-tərbiyəyə təsir göstərən amillərdən biri də ailənin mənsub olduğu ictimai kütlə və həmçinin yaşadığı məntəqədir. Müşahidə etdiyiniz kimi ali təhsilli ailələrlə savadsız ailələr, varlı ailələrlə yoxsul ailələr və şəhərdə yaşayan ailələrlə kənddə yaşayan ailələr arasında təlim-tərbiyə və etika-estetika baxımından bir çox fərqlər mövcuddur.

Uşağın cəmiyyətdə fəal olmasında ananın təsiri

Tanınmış sosioloq Parsonzun nəzərincə ictimailəşmək, yaşadığı mühitə hakim olan mədəniyyətə yiyələnməkdir. Başqa bir tərifə əsasən isə ictimailəşmək ictimaiyyətdə mövqe tutmaq üçün bir sıra rəftarlar və məharətlərə yiyələnməkdir.
Uşağın ictimai bir fərd kimi yetişməsində ana hansı təsirləri qoya bilər?
Hər bir millətin danışıq dili onun mədəniyyətini, etika-estetikasını və psixologiyasını nümayiş etdirir. Uşaq ana dilini anasından öyrənir və bu vasitə ilə öz istəklərini və digər məsələləri bəyan edir. Bu səbəbdən də danışıqda ara sözləri və təhqiramiz ifadələrdən, kinayələrdən istifadə etmək olmaz.
Ana uşağı ətraf aləmlə tanış etmək üçün bu barədə məlumat verən kitablardan, şəkillərdən, sənədli filimlərdən istifadə edə bilər. Uşağın yad mədəniyyətə meyilli olduğunu müşahidə edən ana təmkinli olmalı, bir mədəniyyətin mənfi və müsbət cəhətlərini araşdırmadan dərhal onu təsdiq və ya inkar etməməlidir.
Uşağa verilən təlimlər tamamilə aydın olmalıdır ki, uşaqda tərəddüd yaratmasın. Yəni, uşağa verilən hər bir təlimin səbəbini və faydasını ona izah etmək lazımdır. Həmçinin uşağın zehninə həkk olan təlimləri alt-üst edib, onları yeniləmək olduqca çətin işdir.
Unutmayın ki, həmişə mülayimliklə uşağı tərbiyələndirmək təsirli olmur. Bəzən lazımi cəza tədbirlərindən istifadə etmək, bəzən isə uşağı müəyyən bilikləri öyrənməyə vadar etmək lazımdır. Uşağı maraqlandıran suallara onun düşüncə səviyyəsinə uyğun cavab verilməlidir.
Ananın vəzifəsi böyükdür. Ümumi anlayışları və yenilikləri övladına izah etmək, adət-ənənələri qoruyub saxlamaq və onların icrasına nəzarət etmək, televiziya və internet kimi kütləvi informasiya vasitələrindən istifadəni çərçivəyə salmaq və s. kimi məsuliyyətlər ananın öhdəsinə düşür. Xatırladaq ki, televiziya verilişləri uşaqlara böyük təsir göstərir. Demək olar ki, bütün uşaqlar elə kiçik yaşlarından televiziya verilişlərini izləməyə həvəs göstərir və orada gördüklərini heç bir qeyd və şərtsiz qəbul edirlər. Nəticədə də onların əksər rəftar və düşüncələri televiziya tamaşalarının məhsuludur. Əgər uşağı tərbiyələndirməkdə müsbət nəticələr əldə etmək istəyirsinizsə, ona özünə uyğun televiziya verilişlərini seyr etmə icazəsini verməli və eyni zamanda ona nəzarəti unutmamalısınız.
Eyni zamanda, ana uşağına gündəlik vəzifələrini tanıtdırmalı, onu dünya ölkələri və şəhərləri ilə tanış etməli, ona qəzet və jurnallar, həmçinin müasir yazıçıların əsərləri və s. haqqında məlumatlar verməlidir. Xüsusilə də ana övladına hər bir şeydə müşahidə edilən «səbəb və nəticə» qanununu izah etməlidir.
Təlim-tərbiyə və şəxsiyyətin formalaşmasında mühüm rol oynayan amillərdən biri təhsildir. Əgər ana uşağın təhsilinə ciddi yanaşmasa, sözsüz ki, cəmiyyətə savadsız bir insan təhvil verəcəkdir. Uşaqlar günün yarı hissəsini təhsil ocaqlarında, yəni məktəblərdə keçirirlər. Başqa sözlə desək, onlar cəmiyyətə qoşulurlar. Məktəblərdə tədrislə yanaşı uşaqlara cəmiyyətdə davranış qaydalarını və milli adət-ənənələri də öyrədirlər.
Uşaq ən çox ana ilə ünsiyyətdə olduğu üçün onun rəftarlarını və danışıqlarını təkrar edir. Deməli, cəmiyyətdə mədəniyyətin böyük hissəsi ana əməyinin məhsuludur.
Bir sözlə ana uşaq üzərindəki nüfuzu ilə onun formalaşmasında böyük rol oynayır. Ana övladını xeyirxahlığa və bədxahlığa sövq etdirir. O, bəyənilən və ya yaramaz əməllərin toxumunu uşağın qəlbinə səpir.

Ana övladı üçün örnəkdir

Uşaq anasını hər bir cəhətdən özünə örnək hesab edir. Yəni, ana övladına bir davranış və şəxsiyyət nümunəsidir. Ailəyə qarşı laqeyd, bədrəftar, hər xırdalığa görə özündən çıxan və bir sözlə dözülməz xasiyyətdə olan ana sizcə ədəb-ərkanlı və dolğun şəxsiyyətli bir övlad yetişdirə bilərmi? Ananın bütün rəftarları – evin idarəçiliyi, səbr və hövsələsi, gözlənilməz hadisələrlə üzləşməyi, Allaha inam və ibadəti, hətta geyimi və s. uşaq üçün nümunədir. Məsələn, ana, əgər Allaha ibadətdə ciddiyət göstərib, onu vaxtında, bəyənilən məkanlarda, dəqiqliklə icra edərsə, şübhəsiz ki, övladı da bu mədəniyyəti mənimsəyəcəkdir.

Məktəb və həmyaşıdların qoyduğu təsirlər

Dost və həmsöhbətin yoxluğu uşaq və yeniyetmələr üçün böyük bir müsibət sayılır. Amma övladımızın ədəbsizliyi və ya əcnəbilərə məxsus mədəniyyəti yamsılayan uşaqlarla ünsiyyətdə olması daha böyük müsibətdir. Yenə də valideynlərin, xüsusilə də ananın nəzarətinə ehtiyac duyulur. Övladları yaramaz uşaqlarla dostlaşdığı vaxt valideynlər onların dostluğuna tənə vurmaqla yox, onların mənfi cəhətlərini izah etməklə, uşaqlarını onlardan uzaqlaşdırmalıdırlar. Eyni zamanda valideynlər övladlarına əsl dostun da sifətlərini bəyan etməlidirlər. Xülasə, dost seçməkdə uşağa yol göstərib, kömək etmək ananın üzərinə düşən məsuliyyətlərdəndir. Bir daha qeyd edirik ki, bu iş, çox mülayimliklə həyata keçirilməlidir. Dostluq əlaqələri qurulduqdan sonra bu dostluğa nəzarət etmək də önəmlidir. Dostlar adətən yaxın olmaq üçün bir-birinin rəftarlarını təkrar edir, bildiklərini – istər faydalı, istərsə də, zərərli məlumatları – bir-birinə çatdırmağa səy göstərirlər.
Müqəddəs İslam dinində bildirilir ki, təhsil almaq üçün uşaqları etibarlı və ləyaqətli müəllimlərə tapşırmaq övladın valideyn boynunda olan haqqıdır. Nizam-intizama xüsusi diqqət yetirən və təhsilə ciddi yanaşan məktəbin məsul işçiləri və müəllimləri, uşaqların taleyində müsbət iz qoya bilərlər. Odur ki, valideynlər, xüsusilə də ana – çünki əvvəla ana, uşağa atadan daha çox yaxın olur, ikincisi, əksər analar evdar olduqları üçün, uşaqlara daha çox vaxt ayırmaq imkanına malikdir – övladını hansı məktəbə yolladığını və hansı müəllimlərin əlinə tapşırdığını araşdırmalıdırlar. Məktəbin məsul işçiləri, müəllimləri, hətta xadimələri nümunəvi xüsusiyyətlərə malik olmalıdırlar; çünki məktəb uşaqların ikinci evidir. Onlar, məktəbdə doğruluğu, həmçinin yaxşını pisdən, düzü əyridən seçməyi, həqiqi və faydalı azadlığı, həyata hakim olan bir sıra qanunları və şərəfli və dəyanətli həyat yolunu seçməyi öyrənməlidirlər. Həmçinin təhsil ocaqlarında uşaq və yeniyetmələrə ətrafdakı insanlarla – ata, ana, dostlar, həmyaşıdlar və s. – davranış və etika-estetika qaydaları da təlim olunur.

Ananın övladı üzərində qoyduğu təsirlər

Ananın uşaq üzərində qoyduğu təsirləri bu üç sahədə görmək mümkündür:
1. Ana öz nümunəvi xüsusiyyətləri və rəftarları ilə övladının təlim-tərbiyəsi və kamilləşməsi üçün münasib şərait yaradır.
2. Ana övladı üçün örnəkdir və övladı onun hər bir hərəkətini eynilə təkrar edir.
3. Ana müəyyən rəftarları təkrar-təkrar yerinə yetirməklə övladını bu rəftarları mənimsəməyə yönəldir.
Əvvəldə qeyd etdiyimiz kimi uşağı tərbiyələndirmək və maarifləndirmək üçün ana da bir çox bilgiləri əldə etməli və davranışında əxlaqi normalara riayət etməlidir. Aşağıdakı tövsiyələr bu işdə anaya kömək göstərə bilər:
1. Ana övladının həm evdə, həm də evdən kənardakı davranışına göz qoymalıdır. Onun dostlarını tanımalı, onlarla olan söhbətindən və rəftarlarından müəyyən qədər agah olmalıdır.
2. Ana uşağının yol verdiyi səhvləri nəzərə almalı və onların islahı üçün səy göstərməlidir.
3. Ana uşağının rəftarlarındakı məqsəd və istəyi müəyyənləşdirməklə onları sabitləşdirə və ya islah edə bilər.
4. Ana bəzən uşaqla həmfikir, həmdərd olmaq və ümumiyyətlə mülayim davranmaqla onunla dostlaşa bilər. Bu yolla da övladının hər bir işindən xəbərdar olub, kənardan olan mənfi təsirləri zərərsizləşdirə bilər.

Son söz
Sonda bu nəticəyə gəlirik ki, evdarlıq və evdən xaricdə əmək fəaliyyəti ilə məşğul olmaqdan öncə qadının ən mühüm vəzifəsi analıq vəzifəsi və övladının təlim-tərbiyəsidir.
Qadın istər bir ana, istərsə də cəmiyyətin bir nümayəndəsi kimi milli və dini mədəniyyəti uşaqlara ötürür. Ananın maariflənməsi və elmi mütaliələri sayəsində uşağın qarşılaşa biləcəyi problemlər aradan qaldırıla bilər və onlar bəyənilən bir tərzdə böyüyüb, kamilləşərlər. Bilməliyik ki, qarşılaşdığımız çətinliklərin çoxu həyatdakı vəzifələrimizi unutduğumuz və ya yetərincə yerinə yetirmədiyimiz üçün meydana çıxır.
Ana bir tərəfdən özü övladı üçün bir örnəkdir, digər tərəfdən də onu istədiyi örnəklərə tərəf yönəldə bilər.
Hər bir yaş dövrünün özünəməxsus tərbiyə üsulları mövcuddur və hər bir məsuliyyət daşıyan ana bu üsulları bilməli və həyata keçirməlidir.
İndi tez-tez eşidilən «mədəniyyət» anlayışı və bu anlayış altında zehnlərə yeridilən təlimlər görəsən hansı dərəcədə Azərbaycan milli və dini adət-ənənələrinə uyğundur?! Dünya ölkələrinə səyahətlərin asanlaşması və kütləvi informasiya vasitələrindən geniş istifadələr sayəsində müxtəlif millətlərin mədəniyyəti bir-biri üzərində dərin təsirlər qoyur. Aydın məsələdir ki, hər bir mədəniyyətin üstün cəhətləri olduğu kimi, xürafatlar, ağıla sığmayan mövhumatlar, insani dəyərləri kölgədə qoyan yanlış təlimlər və rəftarlar və s. bu kimi, mənfi cəhətləri də vardır. Bunları bir-birindən ayırd etmək üçünsə böyük diqqət və geniş məlumat tələb olunur. Bütün bunları qeyd etməkdə məqsədimiz budur ki, ana ilk öncə özü diqqətli olub səhv təlimlərə uymamalı, daha sonra övladının təlim-tərbiyəsi ilə məşğul olmalıdır.
Qərb sosioloqu Parsonz – irəli sürdüyü «Qadın və kişi cinsləri əsasında ailə məsuliyyətlərinin bölünməsi» mövzusunda – belə deyir: «Ailədə məsuliyyətlərin bölüşdürülməsi, onun idarə olunmasını asanlaşdırmağa və davamlılığına xidmət edir. Və eyni zamanda ailədə göz açıb böyüyən bir uşağın ictimai fərd kimi formalaşmasında da təsir qoyur».
Onun nəzərincə kişi ailədə müdir vəzifəsini daşıyır və eyni zamanda ailənin maddi ehtiyaclarını təmin etmək onun öhdəsindədir. Kişinin ailədəki iqtisadi rolu və onun qazanc əldə etməyi, ailənin davamı üçün ən önəmli amillərdən biridir. Qadın isə evdarlıqla və uşaqlarla məşğul olmalıdır. Belə iş bölümü nəticəsində kişi vaxtın çoxunu evdən xaricdə keçirdiyi üçün ev işlərində qadına az köməyi dəyir və demək olar ki, evin daxili məsuliyyəti qadının öhdəsinə düşür. Həmçinin ailə üzvləri arasında mehr-məhəbbət yaratmaq da ananın vəzifələrindəndir.
Deməli, uşaq atadan daha çox ana ilə birgə vaxt keçirdiyi üçün, ana ona daha çox təsir qoya bilir.
Son söz olaraq qeyd edirik ki, hər bir ana, insaniyyətin ali hədəflərini övladına açıqlamalı, azad düşünməyi ona təlim etməli və onu Allah yolunda addımlamağa yönəltməlidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 8 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri