Uşaqlarda minnətdarlıq hissinin tərbiyəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 189
Səs ver:
(səs: 0)
Yeri və göyləri yaradan Allah müqəddəs kitabı Qurani - Kərimdə kifayət qədər tez-tez öz nemətlərini insanlara xatırladaraq, onları şükr etməyə dəvət edir. Hər bir şeydən, o cümlədən insanların təşəkkürlərindən ehtiyacsız olan Allahın bunu tələb etməsi, insanda minnətdarlıq hissinin mövcud olmasının nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir.
Naşükür olmamaq özlüyündə böyük bir bacarıqdır. Əlbəttə ki, söhbət işdə və ya karyerada irəli getmək üçün "lazım olan insanlar”a verilən "hörmət” və ya hədiyyədən getmir. Söhbət bir insanın digərinə (və ya digərlərinə) qarşı həqiqətən hiss etdiyi minnətdarlıq hissindən gedir. Burada ardıcıllıq belə olur: Əvvəl insan minnətdarlıq hiss edir, sonra bu hiss hansısa zahiri forma alır.
Ümumiyyətlə, minnətdarlıq hissi çox dərin və yüksək bir hissdir. Bu hiss insana fitri olaraq verilmir, ona görə də uşaqlığın lap kiçik yaşlarından məqsədyönlü üsul və tədbirlər ilə bu hissi tərbiyə etmək lazımdır. Kiçik yaşlarda çox sadə üsullarla bu tərbiyəyə başlamaq olar. Məsələn: uşağa nə isə dadlı bir şey almısınızsa, ondan həmin şeyin dadına baxmaq üçün icazə istəyin. Siz aldığınız üçün uşaq buna icazə verəcək. Uşaq, necə deyərlər, sizi öz yeməyinə qonaq edəcək. Bu zaman siz mütləq üz cizgiləriniz və sözlərinizlə yeməyi bəyəndiyinizi bildirməlisiniz. Ona bildirin ki, siz təkcə dadlı yeməyə görə yox, həm də onun sizi qonaq etdiyinə görə çox şad oldunuz. Bundan sonra uşaq sizi həmişə nəyəsə qonaq etmək istəyəcək. Bundan imtina etməyin! Həmişə uşağın verdiklərinə qonaq olun və sonra bu işi çox bəyəndiyinizi bildirin. Uşağının təklif etdiyi qidadan imtina edən valideynlər, gözəl tərbiyə şansını əllərindən verirlər.
Əlbəttə, azyaşlı uşaqlara bu və başqa tərbiyə məsələlərini aşılamaq asandır. Bu iş o zaman çətinləşir ki, sizin ailədəki rəftarınız sözlərinizlə uyğun gəlmir və uşaq böyüdükcə bunu anlayır. Əvvəllər bunu anlamaq uşaq üçün çətin olsa da, yavaş-yavaş belə nəticə çıxarır ki, yalan danışmaq elə də pis əməl deyil (axı dildə bir cür danışıb, əməldə başqa cür hərəkət etmək yalanın əlamətidir). Ümumiyyətlə, əgər bir insana uşaqlıqdan minnətdarlıq hissi aşılanmayıbsa, öz uşağına bu hissi aşılamaq ona çətin olacaq.
"Ümumiyyətlə, bu hiss nəyə lazımdır axı?” deyə soruşanlar tapılacaq. Axı çoxları üçün maddi mənfəətdən başqa anlayış yoxdur. "Əgər minnətdarlıq məqsədilə nəsə verəcəyəmsə, bunu elə adama verim ki, sabah mənim işimə yarasın” məntiqi ilə yaşayanlar az deyil. Elə bu məntiqin nəticəsidir ki, adam varlı olarkən ətrafı dostlarla dolu olduğu halda, kasıblaşdığı zaman hamı ətrafından dağılar, get-gəl kəsilər.
Həqiqi minnətdarlıq hissi dərin olduğu qədər də ucadır və insanı ucaldar. Kiçik yaşlı uşaqlara bu hissin aşılanması məsələsinə bir qədər toxunduq. Artıq sonrakı mərhələdə ən gözəl üsul uşağa namaz öyrətməkdir. Oğlan uşaqları, adətən, 13-15 yaşında, qız uşaqları isə 9 yaşında həddi büluğa çatdığı halda, Peyğəmbərimiz (s) 7 yaşından uşaqlara namaz öyrətməyi tövsiyə etmişdir. Bu iş uşaqda minnətdarlıq hissinin formalaşmasına əvəzsiz təsir edir. Namazın sözlərinə fikir versək, başdan-başa təşəkkür və Allahın ucalığının təsdiqindən ibarət olduğunu görərik. Əlbəttə, valideynlər də vaxtlı-vaxtında namaz qılmalı və bu işdə uşaqlara örnək olmalıdırlar.
Ümumiyyətlə, bir gözəl söz var ki, insanlar gərək həm öz rəftarlarında, həm də uşaq tərbiyəsində bu sözü unutmasınlar: "Təşəkkür xeyrin qapısıdır”. Əgər uşaq bir yaxşı iş görübsə, ona təşəkkür etməyi unutmayın ki, o gözəl əməli bir də təkrar etsin. Çoxları etdikləri yaxşılığın əvəzində pislik görəndə bir daha o əməli təkrar etmək istəmirlər. İnsanlar etdikləri yaxşılığın müqabilində edilən təşəkkürləri, deyilən xoş sözləri həmişə yüksək qiymətləndirirlər. Düzdür, insan etdiyini Allaha xatir etməlidir və mükafatını da Ondan gözləməlidir. Amma normal insani münasibətlərin formalaşması üçün insanların bir-birinin yaxşı əməllərini qiymətləndirmələri zəruridir. Əlbəttə, qarşısına naşükür insan çıxan kəs də xeyir əməlindən qalmamalı, Allahın razılığı xatirinə yenə də yaxşılıq etməlidir. Bunun üçün güclü iman, yüksək iradə və böyük ürəyə sahib olmaq lazımdır. Uşağınızın belə insanlardan olmasını istəyirsinizsə, ona minnətdarlıq hissini vaxtında aşılayın. Uşaqlıqdan belə bir tərbiyəyə malik olmaq, böyüdükcə onda daha gözəl xüsusiyyətlərin yaranmasına səbəb olacaq. Ümumiyyətlə, İslam tərbiyəsi ilə düzgün tərbiyə olunmuş uşaq, relsə oturdulmuş qatara bənzəyər. Allahın tovfiqi ilə bu qatar sürətlə irəliləyər və yüksək mənəvi məqamları fəth edər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri