Uşağın inkişafı nədən asılıdır - genetikadan, yoxsa tərbiyədən?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 258
Səs ver:
(səs: 3)
"Xalis atasına oxşadı” – oğulları səhv hərəkət edən kimi analar onları belə danlayır. Qızlarının xoşuna gəlməyən hərəkətini görən ata "2-ci anasıdır” deyir. Bəs, əziz valideynlər, bu nə ilə əlaqədardır? Uşağa tərbiyə vermək lazımdır, yoxsa o genetikanı təkrar edəcək?

Valideynlərin çoxunu narahat edən bu mövzunu aktuallaşdırmaq qərarına gəldik. Psixoterapevt Təhminə Çələbi bu mövzunu çözməkdə yardım etdi.

- Təhminə xanım, analarımızın çoxsaylı istəyi ilə GENETİKA, YOXSA TƏRBİYƏ mövusunu işıqlandırmaq qərarına gəldik. Əvvəlcə uşağın inkişafına təsir edən amillərdən danışaq.
- Uşaq inkişafı 3 amildən asılıdır: 1) genetika – təkcə nəsildən-nəsilə xarici görünüşün oxşarlığı deyil, həm də xarakterlər ötürülür; Lakin hər şeyin də arxasında genetika durmur. 2) Mühit – bu amil də uşaq inkişafında çox mühüm yer tutur. Məsələn, bir xristian körpəni müsəlman ailəsində böyüdəriksə, o təbii ki, müsəlmanlaşacaq – həm baxışlarında, həm də həyat tərzində. 3) Tərbiyə - bu punkt üzərində ətraflı danışmaq lazımdır.

- Yəni deyirsiniz ki, düzgün və sağlam tərbiyə ilə genetikaya  qalib gəlmək olar?
- Əlbəttə! Məşhur pedaqoq Con Lukun "Ağ lövhə nəzəriyyəsi” sırf bu mövzuya aiddir. O deyir ki, uşaq ağ vərəqdir. Üzərində nə yazsan, elə də gedəcək. Düzdür, uşaq inkişafında yuxarıda sadaladığım 3 amilin hər biri vacibdir. Amma "genetikası öz sözünü deyəcək”, düşünüb tərbiyə verməkdən qaçmaq heç doğru deyil və biz elə ana-atanı məsuliyyətsiz valideyn hesab edirik. Psixologiyada hər zaman bu mövzuda nəzəriyyəçilər 2 yerə bölünüblər, bir qrupu genetika, bir qrupu isə tərbiyə deyənlər. Ancaq mən 2-ci qrupdan çıxış edərək, tərbiyənin vacibliyini qeyd edirəm!

- Uşağı tərbiyələndirərkən nələrə fikir verilməlidir?
- Hər şeydən əvvəl uşaq tərbiyəsində ana-ata birliyi olmalıdır və bu, mütləqdir. Bizdə adətən tərbiyəçi ana hesab edilir. Lakin bu, doğru deyil. Hər iki valideynin rolu qaçılmazdır. Çünki ata tərbiyəsi olmayan uşaq böyüyəndə natamam olur. Birgə verilən sağlam tərbiyə ilə cəmiyyətə ideal şəxsiyyət buraxmaq olar.

- Bəzi psixoloqlar ilk 3 ildə, uzağı ilk 7 ildə uşağa tərbiyənin verilməsinin lazım olduğunu söyləyirlər. Yəni sonrakı yaş dövrlərində verilən tərbiyə artıq gərəksizdir. Siz necə düşünürsünüz, tərbiyənın yaşı varmı?
- Əslində tərbiyə hamiləlik dövründən başlayır. Lap dərinə getsək, cütlük valideyn olmağı planlaşdırandan özlərini tərbiyə etməli – pis vərdiş və zərərli qidalardan uzaq durmaqla nəinki özlərini tərbiyələndirir, gələcək övladlarının da tərbiyəsinin özülünü qoymuş olurlar. Çünki sağlam valideyn sağlam uşaq deməkdir – həm fizioloji, həm psixoloji. Xeyr, tərbiyə etmək heç vaxt gec deyil.

- Əgər cütlük ayrı yox, baba-nənə ilə birgə qalırsa, o zaman tərbiyə valideynlər üçün daha çətin olur...
- Əgər biryerdə yaşayırlarsa, mütləq tərbiyədə bir istiqamət olmalıdır. Ana-ata bir söz, nənə-baba başqa söz deyirsə, onda uşağı tərbiyələndirmək, şəxsiyyət etmək çətin olur. Nənə-baba çalışmalıdırlar ki, gənc ana-ataya kömək etsinlər, körpəyə onların tərbiyə üsulu ilə davransınlar.  Gəlinə acıq olaraq, əksini etsələr, yalnız öz nəvələrinə zərər vermiş olacaqlar. Ailədəki istənilən halda münaqişədən uşaqlar əziyyət çəkirlər. Odur ki, şəxsi münasibətlər arxa planda olmalıdır.

- Analarımıza məsləhətiniz...
- Son olaraq bütün analara məsləhət görürəm ki, övladı ilə çox vaxt keçirsin, daha çox söhbət etsin, suallarına doğru və təmkinlə cavab versinlər. Unutmayın, uşaqların dünya haqqında təsəvvürləri 7 yaşa kimi formalaşır. Odur ki, körpələrimizə dünyamızın gözəl olduğunu anladaq.

Müsahibəni aldı: Aygün Quliyeva
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri