Dəcəlliyin fəsadları

Şərhlər: 6
Baxılıb: 2 447
Səs ver:
(səs: 3)
Uşaqlar böyüdükçə valideynlərin onlar üzərində məsuliyyəti və diqqəti ikiqat artır. Yıxılıb əziləcəyindən bixəbər dəcəl uşaqları qorumaq valideynin ümdə məsələsinə çevrilir. Çünki uşaqlar hər dəqiqə yıxılaraq müxtəlif zədələrlə üzləşə bilərlər.

Travmatik çıxıq
Həkim-pediatr Elza Abbasova deyir ki, travmatik çıxıqlara uşaqlar arasında tez-tez təsadüf olunur. Çıxıq zamanı oynaq başı oynaq çuxurundan çıxır və bu zaman oynaq kapsulu da zədələnir. Çıxıq üçün xarakterik olan said sümüklərin dirsək oynağından çıxmaları və mil sümüyü başının yarımçıxığı sayılır. Tam çıxıqlar, əsasən, 8-12 yaşlarda, yarım çıxıqlar isə 5 yaşa kimi uşaqlar arasında müşahidə olunur: "Dirsək oynağı çıxığı uşaqlar arasında təsadüf olunan çıxıqlar arasında birinci yeri tutur. Bu hal uşağın qolu açıq vəziyyətdə yıxıldıqda baş verir. Dirsək oynağı anatomik quruluşuna görə ən mürəkkəb oynaqlar sırasındadır. Dirsək 3 sümüyün - bazu, mil və dirsək sümüklərinin birləşməsindən əmələ gəlir. Uşaqlarda dirsək oynağında müxtəlif formalı çıxıqlar baş verir. Bunlardan ən əsasları said sümüklərin hər ikisinin çıxığı, mil sümüyünün tamam və ya natamam çıxığı, dirsək sümüyünün tamam çıxığı və sınıqla müşayiət olunan çıxıq”.

Üç istiqamətli çıxıq
Həkimin dediyinə görə, uşaqlar arasında ən çox təsadüf olunan said sümüklərinin birgə çıxıqıdır. Bu zaman sümük ucları üç istiqamətdə önə, arxaya və yana doğru dəyişir. Said sümüklərinin çıxıqlarının daha çox rast gəlinən fəsadlarından biri sümükləşmə nüvəsinin, yəni daxili burmaüstünün qopmasıdır. Bunu rentgenoqrammada aydın görmək olur. Said sümüklərinin çıxıqları qan damarı və sinirlərin zədələnməsinə səbəb ola bilər: "Said sümüklərinin çıxığını vaxtında yerinə salmaq lazımdır. Belə ki, gecikmiş halda, xüsusən də 2-3 həftə keçdikdən sonra tez inkişaf edən birləşmələr və çapıqlar nəticəsində çıxığı yerinə salmaq mümkün olmur. Çıxıq nə qədər tez yerinə salınarsa, ətrafın funksiyası da bir o qədər tez bərpa olunar”.

Həkim köməyi
Tibb elmləri doktoru, uşaq cərrahı Çingiz Quliyev deyir ki, çıxığın yerinə salınması qısa müddətli narkoz altında aparılır. Bu zaman köməkçi həkim bazunun aşağı hissəsindən tutaraq saidi əks tərəfə, həkim isə xəstənin əlindən tutaraq özünə tərəf çəkir. Elə bir güc tətbiq etmədən çıxıq xarakterik səslə yerinə düşür. Bu zaman saidi dirsək oynağında nə bükmək, nə də açmaq lazım deyil. Çıxıq düzəldikdən sonra açma və bükmə hərəkətləri tam bərpa olunur. Əgər çıxıq yerinə düşməyibsə və ya natamam çıxıq qalıbsa, onda saidi dirsək oynağında bükmək və ya açmaq istədikdə müqavimət hiss ediləcək. Çıxıq düzəldikdən sonra gips qoyulmazdan öncə həmin nahiyyə rentgen edilməlidir. Bundan sonra dirsək oynağına gips qoyula bilər. Gips 7 gündən sonra çıxarılır və müalicə gimnastikasına başlanılır. Yadda saxlamaq lazımdır ki, said sümüklərinin çıxıqları zamanı oynaq kapsulu və bağ zədələnir. Ona görə də hərəkətin tam bərpa olunması üzun sürə bilər.

5-12 yaşda təhlükə
Pediatr bildirib ki, mil sümüyü başının tam çıxığı ən çox 5-12 yaşlar üçün xarakterikdir. Əsasən, mil sümüyü başının ön və yan çıxıqlarına təsadüf edilir. Klinik mənzərə mil sümüyü başının hansı tərəfə yerdəyişməsindən asılıdır. Mil sümüyü başının önə çıxığı zamanı ətraf dirsək oynağında açılmış halda mil tərəfə meylli vəziyyətdə olur. Dirsək büküşündə aydın şişkinlik nəzərə çarpır. Əllədikdə mil sümüyünün hamar oynaq səthi aşkar edilir. Oynaqda fəal hərəkət məhdudlaşmış olur. Diaqnoz rentgeoqrafiya vasitəsilə qoyulur. Mil sümüyü başının çıxığı zamanı mil sinirinin sıxılması nəticəsində mil-bilək oynağının və baş barmaqda parez (əzələ zəifləməsi) əlamətləri baş verə bilər.

İlk günlərdə müdaxilə
Cərrah qeyd edib ki, çıxığın düzəldilməsi birinci 2-4 gün müddətində aparılması, sonradan kapsulun və üskükvarı bağın büzüşməsi, çapıqlaşması nəticəsində çıxığı cərrahi müdaxiləsiz düzəltmək mümkün olmur. Çıxığın yerinə salınması qısa müddətli narkoz altında aparılır. Köməkçi həkim bazu nahiyyəsindən tutur, cərrah uşağın əlindən yapışaraq onu özünə tərəf dartır və dirsək oynağında bükür. Baş barmaqla mil sümüyü başına təzyiq edərək onu yerinə salmaq mümkündür. Oynağın rentgeoqrafiyası edilir və sonra arxa gips langeti qoyularaq 5-7 gün müddətə fiksasiya edilir.

Natamam çıxıq
E.Abbasovanın sözlərinə görə, mil sümüyü başının natamam çıxığı 5 yaşa kimi uşaqlar üçün xas olan çıxıqdır. Ən çox 1-3 yaşda təsadüf edilir. 6 yaşdan yuxarı demək olar ki, heç təsadüf edilmir. Çünki 5 yaşdan sonra dirsək oynağının kapsula və bağ aparatı möhkəmlənir. Qızlar arasında oğlanlara nisbətən 2 dəfə çox rast gəlinir. Sol tərəfli çıxma daha çox müşahidə edilir. Çox vaxt valideyn uşaqla gəzərkən onun sol əlindən tutur. Uşağın diqqətini yerə düşmüş əşya cəlb edir və onu sağ əli ilə götürməyə çalışır. Bu zaman valideyn onu yıxılmaqdan qorumaq üçün əlini möhkəm tutur və dartır ki, bu vaxt mil sümüyü başı halqavari bağ arasından çıxır. Çox vaxt valideyn çıxığım xarakterik səsini eşidir. Klinika həmişə tipik olur. Qol sallanmış şəkildə hərəkətsiz, azacıq bükülmüş. Ç.Quliyev bildirib ki, mil sümüyü başının natamam, çıxığını yerinə salmaq çox vaxt elə bir çətinlik törətmir: "Cərrah sol əli dirsək oynağı nahiyyəsində bazunun aşağı hissəsindən tutur və onu fiksə edir. Sağ əli ilə uşağın əlindən və mil-bilək oynağından tutaraq saidi özü istiqamətində dartır. Çıxıq yerinə düşən kimi uşaq sakitləşir və oynaqda hərəkət bərpa olur. Ancaq 2-3 gün ərzində qol boyundan asılı saxlanılmalıdır”.

Barmaq çıxığı
Həkim-pediatr vurğulayıb ki, əlin baş barmağının çıxığı isə barmağın həddindən çox açılması nəticəsində baş verir. Bu hala daha çox 2-3 yaşlı uşaqlarda daha çox təsadüf olunur. Ancaq elə də ciddi ağrı törətmir. Bunun nəticəsində uşağın barmağı hərəkətdən qalır, deformasiyaya uğrayır. Diaqnoz isə rentgen əsasında qoyulur. İlkin müalicəyə əsasən, barmağı dartmaqla onu yerinə salmaq olur. Bəzən barmağı hərəkətə gətirən vətərdə gərilmə baş verdiyi üçün cərrahi müdaxilə lazım gəlir.

Bud çıxığı
E.Abbasova deyir ki, budun travmatik çıxığı daha çox böyüklər arasında rast gəlinir. Bud sümüyü başının sirkə kəsasından çıxığı 4 cür olur: arxa-yuxarı, arxa-aşağı, ön aşağı, ön yuxarı. Çıxıq bud-çanaq oynağında kəskin ağrıya səbəb olur. Aktiv hərəkət mümkünsüz olur. Passiv hərəkət isə çox ağrılı olur. Ən çox arxa-yuxarı (qılça) çıxığa rast gəlinir. Bu zaman bud-çanaq və diz oynağında azacıq bükülmə və içəriyə doğru əyilmə olur. Xəstə dabanını yerdən üzə bilmir və ayaqda qısalma baş verir. Arxa- aşağı formalı çıxıqda da əlamətlər, demək olar ki, eyni olur. Ancaq ayağın nisbi uzunluğu dəyişmir. Ön aşağı çıxıqda xəstə arxası üstə uzanır ayağı çölə doğru aralanır və bud-çanaq oynağı düzbucaq vəziyyətini alır. Ayaqda nisbi qısalma olmur. Ön yuxarı çıxıqda isə ayaq düz vəziyyətdə olur, xəstə dabanını yerdən üzə bilmir. Bu zaman ayaq damarlarında bud başının təzyiqi nəticəsində qan dövranının pozulması baş verə bilər. Yeganə müayinə üsulu rentgendir.

Cərrahın sözlərinə görə, çııxığın yerinə salınması narkoz altında həyata keçirilir. İlk gündə bu daha asan olur. Ancaq sonrakı günlərdə çətinləşir. Xəstə arxası üstə masada uzanır köməkci həkim çıxıq olan tərəfdən tutaraq onu dartır. Cərrah isə barmaqları vasitəsilə bud başını sirkə kəsasına doğru itələyir. Çıxıq düzələndə xarakterik səs eşidilir. Bundan sonra həmin yer gipsə qoyulur.

Sınıqçı metodu
Tibbi metodla yanaşı, el arasında sınıqçı-çıxıqçı kimi tanınan insanlara da tez-tez müraciət olunur. Bu işlə məşğul olan Fatma İbrahimova ona belə problemlə müraciət edənlərin çox olduğunu bildirir: "Mən çoxdandır ki, bu işlə məşğulam. Demək olar ki, hər gün yanıma adam gəlir. Onlar arasında ən çox barmaq, bilək və ayaq barmağı çıxanlar olur. Ayağın üstündəki xırdalıqların çıxığı, əsasən, böyüklər arasında baş verir. Buna səbəb isə ağır bir şeyin ayağın üstünə düşməsidir. Ayağın burxulması nəticəsində topuq çıxıqları da çox olur. Çıxığı yerinə saldıqdan sonra yumurta sarısı ilə unu qarışdırıb zamas düzəldib ayağı onunla sarıyıram və 4-5 günə xəstə sağalır”.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri