Bir çox ailələrin ən ağrılı problemi uşaqların sözə qulaq asmaması və ya intizam qaydalarına əməl olunmammasıdır.
Bu istiqamətdə hər bir valideynin nəzərə almalı olduğu ən vacib məsələ uşağa aydın şəkildə izah edilmiş qaydaların olmasıdır. Başqa sözlə uşaq bilməlidir ki, nəyi etmək olar, nəyi etmək olmaz. Digər məsələ bu qaydaların daimiliyidir –
siz valideyn olaraq əmin olmalısınız ki, eyni məsələ "olmaz”sa – deməli
daima "olmaz”. Məsələn, əgər övladınız mobil telefonu oynadırsa və bu
sizin qaydalar çərçivəsində "olmaz”lara aiddirsə deməli bu həmişə
"olmaz”lara aid olmalıdır. Təəsüf ki, bəzi ailələrdə "olar”lar və "olmaz"lar daimi xarakter daşımır.
Cəzalandırma
üsullarını oxumadan öncə özünüzə bu sualları verin: Sizin ailədə
intizam qaydaları aydın şəkildə müəyyən olunubmu? Sizin övladınız "olar”
və "olmaz”larla tanışdırmı? Siz özünüz bu qaydalara daim, istisnalarsız
əməl edirsinizmi? Hər 3 suala "bəli” cavabı verirsinizsə aşağıdakı
üsullardan faydalana bilərsiniz:
Üsul 1 - Uşağın səhv hərəkətinə görə baş verən təbii nəticələrin qarşısını almayın və
ya ört-basdır etməyin – Məsələn, əgər uşaq öz oyuncaqlarını sındırırsa,
ona mane olmayın – bir müddət sonra o, başa düşəcək ki, oyuncaq
sındıqda onunla daha oynamaq olmur, özü oyuncaqsız qalır. Aşağı
yaşlardan uşaqlar başa düşməlidir ki, hər bir hərəkətin nəticəsinə görə
cavabdehlik daşımaq lazımdır.
Üsul 2 - Səhv hərəkətlərin məntiqi nəticəsini uşağa nümayiş etdirin. Əgər
nəticələr təbii şəkildə baş vermirsə, bu halda övladınızı öz
hərəkətinin məntiqi nəticəsi ilə üz-üzə qoyun. Uşaq oyuncağını divara
çırpırsa bu oyuncağı həmin gün onun əlindən alın. Bu qaydanı ardıcıl və
istisnasız tətbiq edin.
Üsul 3 - Şərt qoyun.
Uşaqlar 2,5-3 yaşına qədər qaydaları başa düşmək və yadda saxlamaqda
çətinlik çəkirlər. Bu səbəbdən də onlar tez-tez qaydaları pozurlar. Əgər
övladınız qaydaları başa düşmürsə ən məsləhət olunan üsul uşağa seçim
vermək və ya şərt qoymaqdır. Məsələn, uşaq əgər planşetlə oynamaq
istəyirsə "nə vaxt yeməyini yeyib bitirsən, o zaman planşeti götürə
bilərsən” deyə bilərsiniz. Və ya əgər uşaq üst geyimini geyinmək
istəmirsə ona "Yaxşı, onda gərək paltarı əlində aparasan” deyə
bilərsiniz.
Üsul 4 – Sevimli əşyadan və ya fəaliyyətdən məhrum edin. Bu
çox sadə üsuldur, əgər övladınız "olmaz”lara aid nəsə edirsə onu
sevdiyi oyuncaqdan və ya fəaliyyətdən məhrum edə bilərsiniz. Amma məhrum
etdiyiniz şey o qədər də zəruri bir şey olmalı deyil. Məsələn, uşağı
yeməkdən məhrum etmək olmaz! Hansısa oyuncaqdan, həyətdə keçirdiyi
vaxtdan və ya ailənizə aid olan başqa bir fəaliyyətdən onu məhrum edə
bilərsiniz.
Üsul 5 - Səsinizi ucaldın. Övladınızı
cəzalandırarkən səsinizin tonunu qaldıra bilərsiniz. Amma unutmayın ki,
uşağın üstünə bağırmaq və ya onu təhqir etmək olmaz. Sadəcə olaraq daha
yüksək səslə onun qaydalardan kənara çıxdığını xatırladın.
Üsul 6 - Küncə qoyun. Bu
metod klassik metoddur və uzun müddətdir ki, bizim ailələrdə və
məktəblərdə cəza metodu olaraq tətbiq olunur. Cəza metodu kimi, uşağı öz
otağına göndərməyin. Daha çox ona vaxt yaradın ki, bir az tək qalıb öz
əməli haqqında düşünsün. Bu zaman onun yanında dura bilərsiniz. Bəzi
psixoloqlara görə uşağı küncə qoymaq düz cəza tədbiri deyil.
Valideynlər daha çox vaxtdan istifadə edib uşaqla etdiyi hərəkət barədə
danışmalıdır.
Üsul 7 - Övladınızı vurursunuzmu? Müasir zamanda demək olar ki, bütün psixoloqlar "vurmaq” və ya "uşaq döymək”kimi
üsulları qətiyyətlə inkar edirlər. Bu üsul uşaqlarda aqresiyyanı
artırır və bir o qədər nəticə vermir. Bununla belə, bir çox valideynlər
bu üsuldan istifadə edir. ABŞda keçirilmiş bir sorğunun nəticəsinə görə
10 valideyndən 8-i uşaqları hərdən-bir vurmağı məqbul hesab edir. 86%
iştirakçı isə uşaq vaxtı valideynləri tərəfindən döyüldüklərini qəbul
edirlər. Bu üsulu məsləhət görmürük.