Yalan danışan uşağı necə tərbiyə etmək olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 549
Səs ver:
(səs: 1)
"Uşaqdır, nə danışdığını bilmir”. Adətən, belə başlanır. Uşaq yalan danışır, valideyn əhəmiyyət vermir və müəyyən zaman sonra bəlli olur ki, o, artıq yalan danışmağa vərdiş edib. Halbuki kiçik yalanlar böyük yalanlara gətirib çıxara bilər. Yaxşı olar ki, bunun qarşısı elə uşaq ikən alınsın.

Psixoloq Aidə Nəbiyevanın sözlərinə görə, ilk yalanlar oyun xarakterli olur, əhəmiyyətsiz görünür və valideynlər buna fikir vermirlər. Diqqət yetirilməsə, bu yalanlar böyüyüb möhkəmlənə və davamlı xarakter ala bilər: "Uşaqlar yalan danışmağı valideynlərindən öyrənirlər. Təbii ki, onun yalan olduğunu dərk etmirlər. Sadəcə, verilmiş qeyri-ciddi faktlara həddən artıq inandıqları üçün daha sonra valideynlərini qınayırlar və oxşar faktları onlara yaşatmağa başlayırlar. Yəni, nə cür aldanırlarsa, o cür aldatmağa başlayırlar”.

Uşaqlar iki yaş yarım - üç yaşdan etibarən yalan danışmağa başlayırlar. Amma o dövr üçün bu, yalan xarakterli olmadığına görə valideynlər bunu daha çox səhv verilmiş informasiya kimi qəbul edirlər. Lakin uşağın kiçik yalanlarına əhəmiyyət vermədikdə, o, zamanla bundan həzz almağa başlayır. Valideynin bu cür münasibəti onu yalan danışmağa daha çox həvəsləndirir. Nəzərə almaq lazımdır ki, bu, gələcəkdə çox ciddi travmalara səbəb ola bilər: "Yalan danışma halları o zaman çoxalır ki, valideyn uşağı qorxudur, kəskin tənqid edir, bəzən təhqirlərə də yol verir. Bu isə uşaqda müəyyən səhvə, günaha qarşı həddən artıq özünütənqid və qorxu hissi baş qaldırmasına səbəb olur. O anda uşaq yalan danışmağa başlayır. Prosesi tərgitmək bir az çətin olur. Hər bir valideyn əziyyət çəkdikdə, bir qədər də özünü dəyişməyə çalışdıqda proses alınır”.

Yalanı tərgitməyin ən yaxşı yolu təzyiqi azaltmaq, uşağın sözlərinə inandığımızı göstərməkdir. Çünki hər bir inamsızlıq yeni bir yalanın başlanğıcıdır. Uşaqda özgüvəni artırmaq, müsbət keyfiyyətlərini ona aşılamaq lazımdır. Yalanın zərərli, gerçəyin faydalı olduğunu başa salmaqla müsbət nəticə əldə etmək olar: "Uşağa inamı aşılamaq üçün çox kiçik dialoq lazımdır. Uşaq biləndə ki, onun kiçik səhvi valideyn sevgisini azaldacaq, uşaq yalan danışır. Amma uşaq güldanı sındırdığı və bunu etiraf etdiyi halda, valideyn ona təşəkkür edəndə, o an valideyn-övlad münasibətləri möhkəmlənir. Belə deyək, uşaq həqiqəti dediyi üçün fəxr etməyi bacarmalıdır”.

Çox zaman valideynlər uşağın yalan danışma səbəblərini xarici faktorlarda axtarırlar. Psixoloq isə bunu doğru saymır. Onun sözlərinə görə, valideyn övladına verdiyi sözləri tutmaqla ona dürüstlüyü aşılaya bilər. Ola bilər, həmin uşaq gələcəkdə yalan danışsın, lakin şəxsiyyətin əsasında möhkəmlənən dürüstlük duyğusu ona vicdan əzabı verəcək və o, qısa müddət ərzində yalanını etiraf edəcək. Bundan əlavə, hər hansı insanın müsbət keyfiyyətlərindən danışarkən onun dürüstlüyünü vurğulamaqla da arzu olunan nəticəni əldə etmək mümkündür.

Bəs görəsən, valideynlər bu haqda nə düşünür? Paytaxtda sorğu keçirdiyimiz zaman da bəlli oldu ki, övladın yalan danışması ilk növbədə ailənin təsiri ilə əlaqədardır. Valideynlər hesab edirlər ki, övladlara lazımi qədər zaman ayırmaq, onlarla səmimi olmaqla bu mənfi halın qarşısını almaq mümkündür.

- Qorxularından yəqin ki. Uşaqların çoxu qorxularından yalan danışır. Amma bunun qarşısını almaq lazımdır.

- Ailədən asılıdır. Ailədə yalan varsa, uşaq götürəcək. Uşağı qorxudanda o yalan danışmağa başlayır. Uşağı qorxutmaq lazım deyil. Uşağa vəd verəndə onu tutmaq lazımdır.

- Yəqin ki, ailədə yalan danışıldığı üçün uşaq da yalan danışmalı olur. Ailənin təsiri daha çoxdur. Uşağı qorxudanda yalançılıq əmələ gəlir.

- Mən uşaqlarımı qorxutmamışam heç vaxt. Uşaqdır, yalan danışa bilər. Yalanını tutanda başa salmaq lazımdır ki, belə olmaz. Valideynlər uşaqla mehriban olmalıdırlar. Hər şeyi başa salmalıdırlar.

- Uşaqlar yalan danışmırlar. Bu, onların təsəvvürlərinin, təxəyyülünün məhsuludur. Körpə, 2-3 yaşında uşaq necə yalan danışa bilər? Valideynlərə məsləhət görürəm ki, uşaqlarına daha çox diqqət yetirsinlər. Uşaqlarla daha çox zaman keçirsinlər.

- Uşaqlarla açıq olmaq, hər problemi soruşmaq lazımdır. Soruşmaq istədiyimizi açıq şəkildə soruşmalıyıq. Bizim ailədə hər zaman belə olub.

Beləliklə, aydın olur ki, uşaqların yalan danışmasının ilk səbəbləri ailə ilə bağlıdır. Odur ki, əziz valideynlər, ilk növbədə özünüzdən başlayın. Övladınızla səmimi olun. Onun səhvlərini kəskin tənqidlə etməklə deyil, məsləhətlə aradan qaldırmağa çalışın. Yalnız bu halda dürüst övlada sahib ola bilərsiniz. Dürüstlük isə hər zaman başucalığı gətirir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri