Uşaq tərbiyəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 484
Səs ver:
(səs: 0)
Uşaqların düzgün tərbiyə edilməsi bütün dövrlərdə valideynlər üçün çox aktual məsələdir. İnsanlar övladlarını tərbiyə edərkən əsasən öz dünyagörüşlərinə, ya da ata-analarının, özlərindən böyüklərin təcrübəsinə əsaslanırlar.

- Uşaq tərbiyəsində sağlam psixoloji mühit nə qədər əhəmiyyətlidir?
- Bu, çox əhəmiyyətli məsələdir. Sevgi və nəvazişlə dolu, müsbət emosiyalı, mübahisə olmayan ailədə böyüyən uşaqlar digərlərindən özlərinə güvənmələri, özlərini yüksək qiymətləndirmələri ilə fərqlənirlər.
Qeyd edim ki, ailədə bütün vacib məsələlərdə, xüsusən uşaq tərbiyəsi ilə bağlı hər iki valideynin sözü üst-üstə düşməlidir. Yəni ananın sözünü ata və ya atanın sözünü ana inkar edərsə, bu zaman övladın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi də valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən belə danışıq tərzi nümayiş etdirəcək. Valideynlər davranışları ilə öz övladlarına örnək olmalıdırlar. Məsələn, ata oğluna böyüklərə hörmət etməyi tövsiyə edirsə, amma özü yaşlılarla hörmətsiz davranırsa, insanlara qarşı laqeyddirsə, onun ədəb dərsi keçməsi mənasızdır.
- Valideynlə övlad arasında sərhəd, el dili ilə desək, “pərdə” olmalıdırmı?
- Ölkəmizdə valideynlərlə oğul-qız arasında müəyyən sərhəd hər zaman olub və indi də var. Bunun nəticəsidir ki, valideynlər övladlarının, övladlar isə valideynlərinin onları anlamamasından şikayət edirlər. Nə qədər ki, onlar arasında səmimiyyət, dostluq yoxdur, problemlər qaçılmazdır. Valideynlə dost olmayan övlad xarici mühitə can atır, ailədən uzaqlaşır. Ev onun üçün yalnız yemək, yatmaq, pul götürmək yeri olur.
Bizdə adətən atalar uşaqların tərbiyəsinə birbaşa qarışmır, bütün məsuliyyət isə anaların üzərinə düşür. Ancaq tək ananın tərbiyəsi yetərli deyil. Hər bir valideyn övladları arasında fərq qoymadan onların tərbiyəsi ilə məşğul olmalı, onlara sevgi ilə yanaşmalıdır.
- Valideynlərin öz uşaqlarını döyməsi, onlara zor tətbiq etməsi hallarına hələ də rast gəlinir. Bu cür tərbiyə üsulu nə dərəcədə effektivdir?
- Təəssüflə qeyd etməliyəm ki, bu gün həqiqətən də ayrı-ayrı ailələrdə valideynlərin öz övladlarına müxtəlif ağır cəzalar verməsi, aqressiv, zorakı davranışlar göstərməsi hallarına tez-tez təsadüf edirik. Amma heç bir psixoloq döyməklə, söyməklə, ağır cəzalar verməklə hansısa bir uşağın yaxşı tərbiyə olunduğunu deyə bilməz.
Ailədə uşağın şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır. Valideyn övladını kəşf edib öyrənmək əvəzinə, onun hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edirsə, döyürsə, bu, körpənin aqressiv böyüməsinə və onda müəyyən psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür, onların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Belə uşaqlar sağlam ruhda böyümür, gələcəkdə özlərini bir şəxsiyyət kimi görmürlər. Nəticədə, onlar cəmiyyətdə, ailədə rahat ünsiyyət qura, sağlam düşünə bilmirlər, yaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər.
Tərbiyənin ən yaxşı yolu valideynin öz münasibətini mimikası ilə ifadə edə bilməsidir. Yəni övlad atasının və ya anasının üzünün ifadəsindən anlamalıdır ki, valideyni onun hansısa hərəkətindən narazı qalıb. Digər uğurlu yol isə uşağın öz valideynlərinin səs tonunu tanımasıdır. Onlara qışqırmaqla yox, səs tonunu bir az yüksəltməklə hərəkətinin səhv olduğunu bildirmək lazımdır.
Uşağı döyərək tərbiyə etmək mümkün deyil. Döyülmək onda anaya, ataya qarşı nifrət yaradır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir.
Psixologiyada “mükafat və cəza” adlı tərbiyə metodu da var. Burada mükafatlandırma dedikdə uşaqların bacarıqlarını və gözəl əməllərini qabardıb onları tərifləmək və ya onları sevindirəcək kiçik bir hədiyyə etmək nəzərdə tutulur. Bu, uşaqların xoşladığı şirniyyat, kiçik gəzinti və s. ola bilər. Onları pul və başqa qiymətli şeylərlə mükafatlandırmaq olmaz.
Cəza dedikdə isə qətiyyən fiziki təzyiqdən söhbət getmir. Uşaq nə qədər fiziki təzyiq görsə, o qədər tərs olur və deyilən sözün əksini edir. Yalnız onun öyrəşdiyi, xoşladığı şeylərə qısamüddətli qadağa qoymaqla cəza vermək olar. Məsələn, valideyn əvvəldən xəbərdarlıq etməlidir ki, bu cür davransan, səni bir günlük cizgi filminə baxmaqdan və ya bazar günü gəzintisindən məhrum edəcəyəm. Bu zaman ən önəmli məsələ valideynin verdiyi sözə əməl etməsidir. Əks halda, uşaqda valideynə inam itər və gələcəkdə onun heç bir sözünü dinləməz.
Ümumiyyətlə, valideynlər övladlarına kifayət qədər zaman ayırmalı, diqqət, qayğı göstərməlidirlər. Nəzərə almalıyıq ki, düzgün tərbiyə edilməyən uşaq gələcəkdə həm öz ailəsi, həm də cəmiyyət üçün problemə çevrilir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri