Biz də uşaq böyütmüşük, amma belə şey görməmişik

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 812
Səs ver:
(səs: 1)
Biz də uşaq böyütmüşük, amma belə şey görməmişik". Yəqin ki, bir çox evlərdə nənələrin gənc analara olan bu iradını eşitmisiniz. İki nəslin nümayəndələri - yaşlılar və gənclərin fikir ayrılığı uşaq tərbiyəsi mövzusunda da özünü göstərir. Nənələr heç bir halda qulluq, qidalanma, geyim, bir sözlə, uşağa baxmaq məsələsində analarla razılaşmır, onlara müdaxilə edir. Analar isə nənələrin uşağı düzgün tərbiyə etməməsindən, ərköyün böyütməsindən, köhnə fikirli olmasından şikayətlənir. Bəs haqlı tərəf kimdir? Uşağı nənə himayəsində böyütməyin nə kimi mənfi tərəfləri var?

Qadinla.com lent.az-a istinadən mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Pediatr Vaqif Qarayev bildirir ki, nənələr və babalar vaxtilə özlərinin böyütdükləri uşaqların müasir uşaqlarla bütün aspektlərdə fərqli olduğunu nəzərə almalıdırlar. Mütəxəssis əvvəlki dövrün uşaqlarının müasir uşaqlara nisbətən daha sağlam olduqlarını da əlavə edir: "Bizim nənələr, təəssüf ki, o vaxtkı stereotiplərlə yaşayırlar. "Uşağa bu qədər dava-dərman vermək, analizə aparmaq olmaz. Uşağı ayda bir dəfə həkimə niyə aparırsan?", - deyə etiraz edirlər. Əslində bu, həkim-nənə münasibətləri deyil, həm də ailədaxili konfliktdir. Mən cavan anaların uşaqlarını qorxa-qorxa həkimə gətirdiklərinin şahidi oluram. Müalicə yazırıq, gedir, 2-3 gündən sonra gəlib deyir ki, sağalmadı. Soruşuram ki, qızım, yazdığımız dərmanları verdin? Deyir, yox, evdə qoymadılar".

Həkim bu kimi kiçik psixoloji məqamların çox ciddi nəticələr verdiyini deyir. Bir çox ailələrdə olan qayınana hökmranlığı dolayısı ilə uşağın sağlamlığını təhlükəyə atır: "Elə qayınanalar var ki, hətta gəlinin nə vaxt hamilə qalmasına da müdaxilə edir. Yağışlı havada ananın uşağı küçəyə çıxarmasına icazə vermir ki, soyuq dəyər. Yaşlılar unudurlar ki, hava durumundan asılı olmayaraq, uşaqlar hər gün 2-3 saat havada olmalıdırlar. Mühüm tibbi, fizioloji, psixoloji məqamı yada salmaq istəyirəm: ana qədər uşağa yaxın heç kəs ola bilməz. Uşaq kimin bətnindən çıxıbsa, ona daha yaxın olacaq".

Həkim valideynlərə məsləhət görür ki, otağı sabit temperaturda saxlayın, uşağa çox paltar geyindirməyin. Küçəyə çıxanda havaya uyğun geyindirin, artıq yox. Çünki uşaqlar oynayırlar, ora-bura qaçırlar və tərləyirlər, nəticədə isə soyuqlayırlar. Üstü-üstə geyinəndə uşağı daha tez soyuq tutur, nəinki normal geyindirəndə.

Müasir dövrün uşaqlarının hiperaktiv olması sirr deyil. Bu baxımdan onların tərbiyəsi də mühüm əhəmiyyət kəsb edən məqamdır. Bu prosesə də nənə-babalar müdaxiləsiz ötüşmürlər. Yaşlılar bəzi tərbiyə üsullarının sərt olduqlarını düşünürlər. Ona görə də uşağı incitməmək üçün onların bütün nadincliklərinə göz yumurlar. Həkim deyir ki, bunun səbəbi nənə-babanın uşaq üçün bir növ övlad kimi məsuliyyət daşımamaları, sadəcə nəvə kimi sevmələridir: "Mənə qürur verir ki, gözüaçıq analarımız var, uşağın tərbiyəsi, necə böyüdülməsi ilə bağlı oxuyurlar, öyrənirlər, internetdə araşdırırlar. Amma bir də görürsən nənə ananının hazırladığı yarmanı qoyur kənara, özünün düzəltdiyi alma püresini verir. Bu, düzgün deyil".

V. Qarayev daha bir psixoloji məqama toxundu. Həkim 2,5-3 yaşına çatan uşaqların mütləq bağçaya getməli olduğunu vurğulayır. Onların kollektivdə olması zehni və fiziki inkişafları üçün mühümdür: "Uşaq hər gün evin divarları, əşyaları, nənəsini və anasını görərək monoton həyat tərzi yaşayır. Lakin bağçada rejimli gün keçirir, konkret yemək, yatmaq, oynamaq vaxtı olur. Bəzən analar deyir ki, uşaq evdə qalanda gec saatlarda yatır, günorta yatmır, bağçaya gedəndə isə belə olmur. Çox zamansa nənə uşağı bağçaya qoymur, deyir özüm saxlayacam. Bəhanələri də bu olur ki, biz uşaqları bağçada böyütməmişik".

Mütəxəssis hətta ən yaxşı baxıcısı olan uşağın belə, bağçaya gedən uşaqdan fərqləndiyini əlavə edir. Kiçik yaşlarından bağça mühitində böyüyən uşaq cəmiyyətə daha tez adaptasiya olur, şəxsiyyət kimi formalaşır: "Bağça həm də məktəbəqədər hazırlıqdır. Nənələr bəzən bu hazırlığı da özləri keçmək istəyirlər, lakin təbii ki, alınmır. Universitetə yüksək balla daxil olan iki uşağı müqayisə edək. Uşaqlığını evdə keçirənin eqoist, özündən başqa heç kimi düşünməyən, həmyaşıdları ilə ünsiyyət qura bilməyən, bağçaya gedəninsə asanlıqla auditoriyaya uyğunlaşan, tez zamanda özünə dost tapan, əliaçıq, səmimi olduğunun şahidi olacağıq".
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri