Övladınıza cəza verərkən onları alçaltmayın!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 901
Səs ver:
(səs: 1)
Əgər valideynlərini bezdirən və ya bacı-qardaşlarını incidən nadinc bir uşağımız və ya oxumaq istəməyən tənbəl bir övladımız varsa, biz adətən cəzalara əl atırıq – “Bir də belə eləsən, cizgi filminə baxmayacaqsan”, onları manipulyasiya yolu ilə ələ almağa çalışırıq – “əgər özün geyinməsən, gəzməyə getməyəcəksən”, utandırırıq – “nə boyda oğlansan, amma şalvarını özün geyinə bilmirsən!”…bu cür misalları çox sadalamaq olar. Lakin, valideynlər bilməlidir ki, bu cür rəftar uşaqların qəlbini sərtləşdirir, onları tərbiyə etməyi daha da mürəkkəbləşdirir. Bu yollara adətən müəyyən inkişaf mərhələsində uşağının hansı hisslər keçirdiyini anlamayan valideynlər əl atır.

Bəzi ata-analar uşaqları cəzalandırmaq üçün “otur düşün” kürsüsünə, “otur düşün” xalçasına və s. göndərirlər. Uşaqdan tələb olunur ki, kürsüdə və ya xalçada oturub öz pis hərəkəti barədə düşünsün və daha sonra gəlib üzr istəsin. Psixoloq Adəm Günəş hesab edir ki, pedaqoji cəhətdən bu doğru üsul deyil. Çünki, beyin qabığı tam inkişaf etməmiş uşaqlar öz hərəkətlərini dəyərləndirərək mühakimə yürütmək bacarığına malik deyil. Uşaq hisslərinə əsasən hərəkət edir. Hissləri ilə hərəkət etdiyi bir məqamda mühakimə yürütməsini və üzr istəməsini gözləmək pedaqoji cəhətdən doğru deyil.

Kürsüdə və ya xalçada oturduqdan sonra üzr istəyən uşaq, bunu düşünərək nəyisə dərk etdiyi üçün yox, özünü əzilmiş, alçalmış və günahkar hiss etdiyi üçün edir. Alçaldığından dolayı duyduğu acıdan xilas olmaq, tənhalıq içində artıq o kürsüdə oturmaq istəmədiyi üçün gəlib üzr istəyir. Bəli, ola bilsin, uşaq daha valideyninin yanında bu hərəkəti təkrarlamayacaq, lakin, çox güman ki, onların görmədiyi bir yerdə yenə eyni hərəkəti edəcək.

Bəs belə olan halda neyləmək lazımdır? Uşağın dilini tapmaq lazımdır. Bunun üçün zaman tələb olunsa da, uşaqla inamlı bir bağ quraraq mənəvi təmas qurmağa çalışmaq lazımdır. “Sənə bir söz deyim? Sən fikirləş gör, başqası sənə bu cür davransa, sənin xoşun gələr?” deyib uşaqla səmimiyyət qurmaq lazımdır. Həmin gün başqa bir saatda bu hadisəni hekayə şəklində danışmaq və ya həyatınızdan nümunə gətirərək uşağa izah etmək, bu şəkildə onun qarşı tərəfin hiss etdiklərini hiss etməsinə cəhd etmək olar.

Ümumiyyətlə uşaq affekt vəziyyətində, həddən artıq gərilmiş halda ikən onu tərbiyə etmək düzgün deyil. Sadəcə olaraq həmin an onun fiziki aktivliyini məhdudlaşdırmaq, uşağı dilə tutmaq, onun hisslərini dilə gətirmək və yalnız uşaq həqiqətən sakitləşdikdən sonra onunla bu məsələni müzakirə etmək, hər hansı sərhədlər, qaydalar müəyyən etmək olar. Sərhədlər müəyyən edərkən sözlərinizi qətiyyətlə ifadə edin: məsələn “İstəyərdim ki, oynadıqdan sonra oyuncaqları yığışdırasan” yox, “Oynadıqdan sonra oyuncaqları yığışdır” deyə bilərsiniz. Psixoloq Yuri Şevçenkonun sözlərinə əsasən, belə hallarda qətiyyət göstərmək qəzəb nümayiş etdirmək demək deyil. Dediyiniz sözləri intonasiyanızla, baxışlarınızla, jestlərinizlə bərkitməlisiniz.

Kanadalı psixoloq Qordon Nyufeld uşağın sərgilədiyi pis davranışı nəyinsə nəticəsi, aysberqin üst hissəsi adlandırır. Əgər biz aysberqin alt tərəfinə nəzər yetirsək, uşağın davranışlarının səbəblərini araşdırsaq və nəticənin deyil, səbəblərin üzərində işləsək, övladımızı tərbiyə etmək üçün cəzalara o qədər də ehtiyacımız qalmaz.

“Müəyyən olunmuş sərhədləri pozmaq uşağın təbiətinə xasdır” – psixoloq Nataliya Yevsikova deyir. Sözə qulaq asmamaq – uşağa ətraf mühiti tədqiq etmək və valideynləri ilə münasibətlərini araşdırmaq imkanı verir. Valideynlərini son həddə çatdıran uşaq, bir növ bizim gücümüzü sınağa çəkir: axı əgər valideyn özü-özünü ələ ala bilmirsə, o zaman uşaq təhlükə anında valideyninin onu qoruyacağına dair inamını itirir”.

Son 20 ildə uşaqlarla münasibətlərin əsasında inam və hörmət hissləri dursa da, psixoloqların qəbuluna gətirilən uşaqların sayı getdikcə çoxalır. Buna səbəb nədir? Çünki, uşaqlar özlərini təhlükəsizlikdə hiss etmir, valideynlər isə icazələrlə qadağaları doğru-düzgün təyin etmək məsələsində çaş-baş qalıblar. Müasir ata-analar uşaqları ilə dostluq əlaqələri qurmaqda da ifrata varırlar. Valideynlərlə uşaqların bərabər hüquqda münasibət qurması yalnışdır. Bu münasibətlər assimetrik səciyyə daşımalı, valideyn bir çox məsələlərdə özündən asılı olan uşağa görə məsulyyət daşımalıdır. Amerikalı psixoloq Erik Erikson hesab edir ki, uşağın emosional vəziyyəti anasının onunla doğru rəftar etdiyinə dair əminlik dərəcəsindən asılıdır. Ana övladı ilə doğru davrandığına əmin olmadıqda, uşaq onun həyəcanını hiss edir və daxili diskomfort hissi ilə böyüyür.

Psixoloq Qalina Burmenskaya hesab edir ki, vəziyyətin düzəldilməsi ilə əlaqədar sanksiyalar uşağa öz vəzifələri barədə xatırladır. Məsələn, sındırılmış bir əşyanı düzəltmək, səliqəsiz hala gətirilmiş otağı təmizləmək, çirklənmiş mebeli silmək və s.

Uşaqları cəzalandırmaq üçün onları nədənsə məhrum edərkən onları alçaltmayın. Onları əyləncədən, məsələn televizordan, videoyunlardan və s. məhrum etmək olar. Lakin, uşaqları onların sağlam inkişafın faydalı olan idman, yemək kimi şeylərdən məhrum etmək doğru deyil. Ümumiyyətlə isə cəzalar müvəqqəti xarakter daşımalıdır. Ən əsas məsələlərdən biri də odur ki, valideynlər bütün mümkün üsulları sınaqdan keçirdikdən sonra, son olaraq cəzaya əl atmalıdırlar. Əks halda uşaqla daimi münaqişə zəminində valideynlər cəzaları getdikcə sərtləşdirmək məcburiyyətində qalırlar. Bu isə valideynlə uşaq arasındaakı münasibətlərin köklərində problem olduğuna dəlalət edir. Belə hallarda peşəkarların köməyinə ehtiyac ola bilər.

Əziz valideynlər, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də orta yolu tutmaqda fayda vardır. Əsas qayda budur – uşaq nə etməyindən asılı olmayaraq əmin olmalıdır ki, valideynləri onu sevir. Uşaqlarla hər hansı bir məsələni aydınlaşdırarkən keçmişdə baş verənlərə qayıtmayın. Onları dinləyin və bağışlayın.

Müəllif: Xumar Ərşadlı,
Gordon Neufeld İnstitutunun məzunu
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 901
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri