"Əllər yuxarı"

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 506
Səs ver:
(səs: 0)
Övladlarınızın, xüsusilə 3-6 yaş arası oğlanların, oyuncaq silaha maraq göstərməsinin onların gələcəyi üçün təhlükəsi haqqında sonsuz müzakirələr mövcuddur. Bir qayda olaraq mütəxəssislər uşaqlıqda oyuncaq silaha olan həvəslə gələcəkdə cinayət törətmək faktı arasında heç bir əlaqənin olmadığını söyləyirlər. Lakin belə həvəsin həqiqətən də kiçik balanıza və ətrafdakılara ziyansız ötüşməsini təmin etmək üçün siz bir neçə mühüm məqamı nəzərə almalısınız.

İlk növbədə oyuncaq silahı seçərkən onun görünüşünə diqqət yetirin. Görünüş real silahdan nə qədər uzaq olsa bir o qədər yaxşıdır. Əlvan rəngli, uydurma formalı silahlara üstünlük verin ki, bu əşyaların sırf oyuncaq kimi istifadə olunması mesajını davamlı olaraq övladınıza xatırladasınız. Övladınızın bu növ oyuncaqlara marağını onları almadan qarşılamağınız daha məqsəduyğun hesab oluna bilər. Əlinizin altında olan əşyaları (çubuq, taxta qaşıq, xətkeş və s.) oyuna oyuncaq silah qismində daxil edin. Növbəti oyunlarda siz bu əşyaları başqa oyuncaq (nağara çubuğu, oxlov, mikrofon və s.) qismində istifadə etməklə silahla oyuna marağı çoxsaylı digər oyun növləri ilə eyni müstəvidə saxlaya bilərsiniz.

Bu yaşda övladınızın silahın əsl istifadəsinin nə qədər təhlükəli və ziyanverici olduğu haqqında çox az məlumatı var. Bu səbəbdən onun həssas şüurunu televiziya və video oyunlarında nümayiş olunan silah səhnələrindən qoruyun. Tədqiqatlar göstərir ki, televiziya və video oyunlarda görülmüş zorakılıq uşaqlarda qəddarlığa meyllilik yaradır.

Oyuncaq silahla təmas zamanı övladınızı müşahidə edin. Onun ətrafdakı insanlara qarşı silahı ilə davranışını, özündən güclülərə və özündən zəiflərə silahı tətbiq etmək meyllərini nəzərdən keçirin. Hər bir şey qədərində normal olduğu kimi, oyuncaq silahla təmas da qədərində və əvvəlcədən razılaşdırılmış qaydalar çərçivəsində olmalıdır. Əgər övladınız digər oyuncaqlara fikir vermir və yalnız oyuncaq silahları ilə maraqlanırsa bu sizin üçün həyəcan təbili olmalıdır. Belə halda onun bu oyuncaqlarla keçirdiyi vaxta digər ziyanlı vərdişlər kimi məhdudiyyət qoyun və övladınızla bu mövzuda davamlı söhbət edin. Bu ünsiyyət göstəriş verici şəkildə olmamalıdır (məs:“Bəsdir o silahla oynadın”, “Yığışdır onları”). Əvəzində açıq suallar verməklə (“Deyəsən oyunun çox maraqlıdır”, “Nə etmək istəyirsən sən onunla? Niyə?”) övladınızın marağının arxasında olan məqamları tapmağa çalışın. Belə söhbət zamanı öz dəyərlərinizi, problemləri həll etməyin alternativ üsulları olduğunu övladınıza aşılamağa çalışın.

Sonda unutmayın ki, övladınızın sualları üçün həmişə açıq olmağınız şərtdir. Siz onun güvəndiyi ilk şəxs kimi onun ağlında yaranan bütün mübahisəli məqamları aydınlaşdırmağa hazır olmalısınız.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 506
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri