Bir çox uşaqlar və valideynlər kəkələmə problemi ilə üzləşir. Xəstəlik olmasa da, bu ciddi bir problemdir.
Kəkələmə adətən 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir.
Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf
edir.
Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında:
- uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğuş
travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s.,
beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması;
- ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc), valideynlərlə (adətən ana ilə) ayrılıq və s.
- uşağın psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər -
valideynlərin arasında olan və tez-tez təkrarlanan münaqişələr,
informasiya ilə artıq dərəcədə yüklənmə (uşaqlar eyni zamanda bir neçə
inkişaf dərnəklərinə yazılır; onlara eyni zamanda bir neçə dil öyrədilir
və s.), ailədə poliqlossiya - ikidillilik (məsələn, valideynlər
ikidilli olduqda) və s.
Solaxay uşaqları sağ əli ilə yazmağa öyrətmək də kəkələməyə təkan verə bilər.
Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası
kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır.
Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə
müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə
mənfi təsir edir. Belə uşaqların bir hissəsi digər uşaqlarla
ünsiyyətdən çəkinir, tək oynamaq xoşlayır, qapalı və təcavüzkar böyüyür.
Kəkələyən uşaqlarda "loqofobiya" inkişaf edə bilər (uşaq danışmaqdan
qorxur, çəkinir). Bütün bunlardan qurtarmaq üçün kəkələyən uşağı mütləq
müalicə etmək lazımdır. Gözləməyin ki, kəkələmə müstəqil şəkildə
keçəcək.
Uşaqda ilk kəkələmə simptomları hiss etdikdə dərhal həkimə müraciət
etmək lazımdır. Həkimlərin fikirinə görə, kəkələmə başlanğıc
mərhələsində daha tez və uğurla müalicə olunur. Bu çox vacibdir!
Kəkələmə problemi ilə eyni zamanda iki mütəxəssis məşğul olmalıdır -
uşaq nevropatoloqu (və ya psixonevroloq) və loqoped. Yalnız bu halda
kəkələmə problemi həll oluna bilər.
Valideynlər və digər ailə üzvləri kəkələyən üşaqlarla düzgün davranmalıdır.
- Kəkələyən uşaq sakit və mehriban şəraitdə yaşamalıdır. Uşaq daim hiss
etməlidir ki, onu sevirlər. Bu müalicənin lazım olan effekt verməyi üçün
ən əsas şərtlərdən biridir.
- Qonaqlıqlar, səsli-küylü kompaniyalar və s. minimuma çatdırmaq
lazımdır. Güclü televizor və maqnitofon səsləri da əks göstərişdir.
- Kəkələyən uşaq uzun müddət televizora baxmamalı və kompüterdə oynamamalıdır (xüsusilə yatmazdan əvvəl).
- Uşağı heç vaxt qorxuzmayın, ona qorxulu və həyacanlı nağıllar, hekayələr danışmayın və qaranlıq otaqda tək saxlamayın.
- Uşaqla hər zaman səlis və aydın danışın, danışarkən tələsməyin və
uşağı tələsdirməyin. Ona çətin sözləri və ifadələri öyrətməyin.
- Ailənizdə adətən iki dildə danışdıqda, bundan mütləq imtina etmək lazımdır. Uşaqla yalnız bir dildə danışın.
- Kəkələyən uşağı heç vaxt danlamayın. Uşaq qəsdlə "pis" danışmır.
- Əsas müalicədən əlavə kəkələyən uşağın immunitetini daim
möhkəmləndirin, düzgün və xeyirli qidalandırın, uşaqla tez-tez açıq
havada gəzin, bədən tərbiyyəsi ilə məşğul olun.
- Kəkələyən uşaq mütləq kifayət qədər yatmalıdır.
- Kəkələyən uşağın rəqs və musiqi ilə məşğul olması çox xeyirlidir.
Nəğmə dərsləri zamanı uşaq düzgün nəfəs almağı öyrənir, bu isə kəkələyən
uşaq üçün çox vacibdir.
- "Leqo" kimi xırda detallardan ibarət olan konstruktorlarla işləməsi də
kəkələyən uşaqlar üçün olduqca xeyirlidir. Bəzi loqopedik metodikalar
məhz "Leqo" konstruktorlarla işləməsi ilə bağlıdır.
Kəkələmə mürəkkəb bir problemdir. Bu pozulmanın müalicəsi adətən uzun
müddət ərzində həyata keçirilir və həm uşaqdan həm də onun
valideynlərdən böyük səbir və məsuliyyət tələb edir. Bəzən tam
sağaldıqdan sonra kəkələmə yenidən "qayıda" bilər. Heç vaxt ruhdan
düşməyin və əlinizdən gələni etməyə çalışın.