Körpəyə oyuncaq seçmək

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 279
Səs ver:
(səs: 2)
Valideynlər, dost-tanışlar körpə dünyaya gəlməmiş onun oyuncaqlarını alıb hazır saxlayırlar. Əksər hallarda seçim barədə heç kim fikirləşmək belə istəmir. Təki oyuncaq olsun ki...

Bəs oyuncaq alarkən nələrə diqqət etmək lazımdır? Qaş düzəldən yerdə göz çıxartmağa nə gərək var. Psixoloqlar deyir ki, körpəyə oyuncaq seçməyə oyuncaq kimi baxanlar özlərini və övladlarını "oyuna" salırlar.

Top, tüfəng, güllə
Onlar oynanılır əllə.

Alimlər oyuncaqların uşağın duyğu sisteminə, zehninə, təxəyyülünün inkişafına ciddi təsir etdiyini çoxdan isbatlayıblar. Uşaqlar oyuncaqlarla məşğul olarkən tez danışmağa meyl göstərirlər. Müxtəlif oyuncaqların, gəlinciklərin ətrafında özlərini xoşbəxt hiss edir, onları əhatəyə alanlara daha da isti münasibət bəsləyirlər. Oyun oynayan uşaq özünü ifadə etməyi bacarır. O, ətrafda baş verənləri araşdırmağı, obyekti tanımağı və münasibət bildirməyi öyrənir.

Analar çalışmalıdır ki, uşaq əlində oyuncaq tutmağı öyrənsin. Körpənizin oyuncaqlara toxunmağına imkan yaradın, başa düşməsi üçün ona zaman verin. Uşağı sakit səslə danışdırın. Güclü səs körpənin əsəblərini qıcıqlandırır. Ona elə gəlir ki, ətrafında böyük bir gurultu var. Körpələrə "qışqıran" gəlincik almaq yalnış addımdır.

Mağazaları əldən-ayaqdan salıb oyuncaq axtaranlar, bir vacib  məqamı da unutmayın: hər yaş dövrünün öz oyucaqları var.

6 aylıq körpə rəngə və şəklə qarşı həssas olur. Belə vaxtda körpə oyuncaqlara əl vurur, baş verən hərəkətlərdən şənlənir. O, hər şeyə toxunmaq onun dadına baxmaq istəyir. Bu, körpənin öyrənmə yoludur. Çarpayısının üzərində qurulan hərəkətli, rəngli oyuncaqların isə əvəzi yoxdur.

7-12 aylıq olanda oturmağı yenicə öyrənən körpəniz əlinə keçənin dadına baxmaq istəyir. Asanlıqla bir əlindən o birisinə keçirdiyi halqalarla əylənir, ovcuna aldığı oyuncağı yerə atarkən zövq alır. Belə vaxtlarda rəngli toplar, rəngli qutular, kitablar və rəsmlər ən yaxşı uşaq oyuncaqları sayılır. Xüsusən də çimizdirərkən əlinin altında olan rezin oyuncaqlar uşağın sevimli əşyalarıdır.

13-18 aylıq körpə: bu aylarda səsli plastik ceyran, səbət, otura biləcəyi maşınlar, nağıl kitabı almağınızla körpənizin zehnini inkişaf etdirə bilərsiniz.

19-24 aylıq körpə: bu dövrdə uşağın ev və mətbəx əşyalarına marağı artır. Böyüklərin hərəkətlərini təkrarlamağa çalışır. Yaxşı olar ki, oğlanlara inşaat, qızlara isə mətbəx əşyalarına aid oyuncaq seçəsiniz.

25-30 aylığına çatanda xəyal gücünə söykənən oyunlar onun xoşuna gəlməyə başlayır. Gah oyuncaqları əzizləyir, gah da hirslənib cəza verməkdən zövq alır. Çox fəal olur, bir yerdə dayanmır, bir sözlə, evi bir-birinə vurur. özündən oyunlar qurur. Həkim, poçtalyon, polis, əsgər və digər obrazlar yaradır.

Həyətdə, bağçada gəzib yaşıdları ilə ünsiyyət quran uşağın əsəbləri sakit olur, sağlam böyüyür. Uşaqları belə ünsiyyətdən məhrum edən valideynlər problemə yol açırlar. Körpə özünə qapanır, hər şeydən utanmağa başlayır. Bu isə gələcəkdə cəmiyyət arasında özünütəsdiqə mənfi təsir göstərir.

49-60 aylıq uşaq qrup oyunlarına meyl edir. Yavaş-yavaş ətrafını tanımağa başlayır. Özünə dost seçir. Böyüklərdən qayda-qanunlar öyrənir, pisi yaxşıdan seçməyə başlayır. Üç təkərli velosiped sürür, xəyallarını gerçəkləşdirməyə çalışır. Bu əlamətlər daha çox qızlarda özünü büruzə verir .

Əziz valideynlər, uşaqlarınıza diqqət və qayğı göstərin. Onlarla oyunlar oynamağa vaxt ayırın. Onu bilin ki, hər bir körpə valideyn qayğısına hər zaman möhtacdır. Allah bütün balaları qorusun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 279
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri