Uşağın düzgün şəkildə əmizdirilməsi ananın orqanizmində gedən
laktasiya prosesinin düzgün formalaşması, uşağın doyuzdurulması, ananın
döş giləsinin müxtəlif zədələnmələrdən qorunması üçün çox vacibdir. 1. Uşağı düzgün əmizdirmək üçün ana, ilk növbədə, öz döşünü düzgün
saxlamağı öyrənməlidir ki, əmizdirmə vaxtı uşaq onu asanlıqla və düzgün
şəkildə götürsün. Belə ki, ana əli ilə döşü elə saxlamalıdır ki, onun
baş barmağı yuxarı tərəfdə - uşağın burnu olan yerdə, şəhadət və digər
barmaqları isə aşağı tərəfdə - uşağın alt dodağına paralel olsunlar.
Uşağın açılan ağzının hərəkətini məhdudlaşdırmamaq üçün ananın şəhadət
barmağı döş giləsindən bir qədər uzaq - ən azı 5 sm məsafədə olmalıdır.
Döşün
"qayçı” şəklində (şəhadət və orta barmaqlar arasında) tutulması
üsulundan istifadə etməyin! Çünki bu halda ananın döş axarları güclü
şəkildə sıxılır. Bu isə həm uşağın doymamasına, həm də ananın döşündə
durğunluğun yaranmasına səbəb ola bilər. 2. Ana uşağı elə saxlamalıdır ki, başının əsasını və çiyinlərini
ananın ovcuna dayanmış olsun. Ananın əli uşağın ənsə nahiyəsini
sıxmamalıdır. Körpənin qarnı mütləq ananın qarnına söykənməlidir. 3. Ana uşağın qarnını sıx şəkildə özünə tərəf tutaraq (qarın-qarına)
döş giləsini onun burnu istiqamətində tutur. Döş giləsi bilavasitə
uşağın ağzı istiqamətində tutularsa, onun alt və üst çənəsi giləyə çox
yaxın bir məsafədə qapandığı üçün anada ağrı hissiyyatı baş verə bilər. 4. Bundan sonra uşağın ağzını geniş açmasını gözləmək lazımdır
(əsnəmədə olduğu kimi). Uşaq ağzını geniş şəkildə açır (onun dili aşağı
damağa tərəf endirilmişdir), onun başı azca arxaya tərəf əyilir. Ana
uşağı döşünə yaxınlaşdırır və uşaq ananın döş giləsini və areolanı özü
ağzına alır. Diqqət yetirmək lazımdır ki, areolanın aşağı hissəsi yuxarı
hissəsinə nisbətən, uşağın ağzında daha dərin yerləşsin.
Döşü uşağın ağzına "itələmək" lazım deyil. Sadəcə olaraq,
döşü götürməyə hazır olan uşağı anaya daha sıx tutmaq, döşü uşağa düzgün
vermək və onu götürməsinə kömək etmək lazımdır.
Normal halda əmizdirilmə zamanı, ananın döş giləsindən başqa, bütün
giləətrafı dairəsi də (areola) uşağın ağzına yerləşdirilmiş olmalıdır. Əgər
uşaq öz ağzı ilə yalnız ananın döş giləsini tutarsa, bu zaman o, çox az
miqdarda süd əmə biləcək. Bu isə onun doya bilməməsinə, nəticə etibarı
ilə çəkinin normal artmamasına, ananın döş giləsinin travmatik
zədələnməsinə səbəb olacaq. Əmmə zamanı uşağın alt və üst dodaqları bir qədər çölə doğru çevrilmiş olur. 5. Uşağın əmizdirilməsi zamanı ana heç bir ağrı hiss etməməlidir. Əgər
əmmə zamanı uşaq ananı incidirsə (yəni döşündə ağrı hiss olunursa) buna
heç də dözmək lazım deyil. Bunun səbəbi körpə tərəfindən ananın döşünün
düzgün götürülməməsi ola bilər. Ehtiyatla döş giləsini onun ağzından
çıxarın. Bunun üçün ana çeçələ barmağını körpənin ağzının küncünə salır,
əmmə zamanı yaranan vakuum pozulur və ana döş giləsini körpənin
ağzından rahat çıxara bilir. Döş giləsini dartaraq zorla uşağın ağzından
çıxarmaq olmaz – bununla döş giləsinə zədə yetirmək olar! Daha sonra
döşü, düzgün şəkildə olmaqla, uşağa yenidən vermək lazımdır.
Uşağı yedizdirmək üçün onun acından ağlamasını gözləməyin.
Çünki bu zaman "hirslənmiş” uşaq ananın döşünü düzgün "tutmaya” bilər.
Belə ki, hər zaman uşağa diqqət yetirməklə onun nə vaxt ac olduğunu
müəyyən etməyə çalışmaq lazımdır! 6. Uşaq ananın südünü düzgün əmdikdə, onun yanaqları xaricə tərəf
şişmiş (doldurulmuş) şəkildə (daxilə tərəf çəkilmiş yox) olur. Uşağın
çənəsi nisbətən dərin şəkildə olmaqla ananın döşünə dayaqlanmışdır.
Uşağın burnu ya kənarda olur, ya da döşə yüngülcə toxunur. Bu halda uşaq
nəfəsini çox sərbəst şəkildə alıb-verə bilir. Əgər uşaq burnu ilə
ananın döşünə daha çox sıxılmış olarsa, bu, onun nəfəs alıb-verməsini
çətinləşdirir. Bunun səbəbi isə, uşağın çənəsinin ananın döşünə kifayət
qədər yaxın saxlanmaması, başının isə bir qədər önə tərəf əyilməsidir.
Bu halda, uşağın burnunun yanında döşü sıxmaq lazım deyil ki, uşaq rahat
nəfəs ala bilsin. Bunun nəticəsində, süd axarının sıxılması səbəbindən
laktostaz kimi fəsadlaşma baş verə bilər. Bu zaman sadəcə olaraq, uşağı
azca aşağıya tərəf çəkərək, anaya doğru daha sıx şəkildə saxlamaq
məsləhət görülür. Nəticədə, uşağın boynu düzlənir, çənəsi döşə daha
dərin şəkildə dirənir, burnu isə sərbəstləşir.
Əmizdirmənin ilk günlərində müəyyən problemlər yarana bilər.
Bu təbiidir. Bir qədər hövsələli olun! Az bir müddət keçdikdən sonra ana
öz övladı ilə "ümumi dil taparaq” əmizdirməni çox asanlıqla apara
biləcəklər.