Altı yaşlı uşağın çantası 3 kiloqramdan çox olmamalıdır

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2 772
Səs ver:
(səs: 0)
Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru, əməkdar elm xadimi, ATU-nun I uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev məktəbli uşaqların və onların valideynlərinin üzləşdiyi problemlərə toxunur.
Professor qeyd edir ki, uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Bu istiqamətdə onlarla qanun və qərar qəbul olunmuş, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2013 və 2014-cü illərdə iki çox önəmli sənəd-"Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Bütövlükdə səhiyyə ilə bağlı qəbul edilmiş 10-dan çox Dövlət Proqramının hamısında uşaqların sağlamlıq problemlərinə xüsusi yer ayrılmış, 2009-cu il "Uşaq ili” elan olunmuşdur. Səhiyyə Nazirliyinin apardığı ardıcıl və məqsədyönlü işlər nəticəsində uşaq sağlamlığı ilə bağlı bir çox nailiyyətlər əldə olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, "Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya nəticəsində 1957174 uşaq müayinə olunub və 657096 (33,6%) uşaqda xəstəlik aşkarlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəliklər daha çox 6-17 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik aşkarlanmış uşaqların 162876 nəfəri 5 yaşa qədər, 446790 (68%) nəfəri isə məktəbyaşlı uşaqlar (6-17 yaş) olub.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar” 2012 və 2014-cü il rəsmi statistik məcmuələrinə istinadən, 2007- 2013-cü illəri əhatə edən bir dövr ərzində uşaqlar arasında bir sıra xəstəliklərin artması müşahidə olunub. Belə ki, əgər 2007-ci ildə hər 10.000 nəfər 17 yaşınadək uşaqda sinir sisteminin xəstəliklərinə 136,4 hallarda rast gəlinirdisə, 2013-cü ildə bu göstərici artaraq 183,8-ə çatmışdır.
Həmin müddət ərzində uşaqlarda göz xəstəlikləri 112,7-dən 156,3-ə, tənəffüs orqanlarının xəstəlikləri 2222,6-dan 2732,6-ya, həzm sistemi xəstəlikləri 267,1-dən 386,1-ə, sümük-əzələ sistemi xəstəlikləri 34,3-dən 43,4-ə, qan dövranı xəstəlikləri 70,7-dən 95,4-ə qədər artmışdır.
Ümumiyyətlə, uşaqlarda xroniki xəstəliklərin ilk artma tempi 7-10 yaşlarına təsadüf edir. Xəstəliklərin yaranmasında irsi, ətraf mühit, ekoloji, sosial, tərbiyə və digər amillərin də rolu var.
Mütəxəssis qeyd edir ki, 6 yaşında uşağın çəkisi 18-24 kq arası olmalıdır. Bu yaşda orta normal çəki 20 kq hesab olunur. Həmin çəkiyə malik uşağın daşıyacağı çanta 2, ən yuxarısı 3 kq olmalıdır. Bundan artıq uşağı yükləmək olmaz. Yuxarı siniflərdə də çantanın ağırlığı maksimum 5 kq olmalıdır. İstənilən yaşda olan şagirdlər hər iki çiyinə taxılan çantalardan istifadə etməlidirlər. Ən uyğunu iki çiyinə taxılan ("rukzak”) çantalardır.
Çantanın eni uşağın çiyinlərinin eni ilə təxminən eyni olmalıdır. Bir çiynə taxılan çantalar uşaqlarda çiyin, boyun, qamət əyriliyinə, skoliozun inkişafına səbəb olur. Çanta alarkən onun ortopedik olmasına diqqət yetirilməlidir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri