Həsrətindəyəm (10-cu bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 14
Baxılıb: 5 750
Səs ver:
(səs: 2)
Elşadın şəhərə getdiyi üç həftə olmuşdu. Və o, bu müddət ərzində bir dəfə olsun rayona gəlməmişdi. Hər qapı açılanda gələn odur sanırdım, amma çox keçmədən yanıldığımı anlayırdım…

Bir neçə gün sonra həyətdə İlkinlə söhbət etməkdəydik. Söz dönüb-dolanıb, yenə Elşaddan düşdü. İlkin diqqətlə məni süzüb, birdən belə dedi:

– Zəng vurmuşdu dünən…

– Kim?

– Elşad.

Mən həyəcanımı ört-basdır etmək üçün baxışlarımı yerə dikib, dinmədim. İlkin sözünün davamını gətirmək istəyirdi ki, bu vaxt qapı açıldı və Elşad həyətə daxil oldu. İlkin heyrətlə gülüb, mənə baxdı.

– Bahoo! Məhəbbətin gücünə bax! Yolda imiş ki, bizim Məcnun!

Elşadı görməyimlə daxilən məni saran sevinc hissi özümü belə təəccübdə qoydu. Gəlib çıxmasını gözləyə-gözləyə günləri sayırammış sən demə.

Elşad ağır addımlarla üzündəki həmişəki ciddi ifadə ilə evə doğru gəldi.

Yenə öz geyimi və xarizmatik görünüşü ilə çox yaraşıqlı idi. Gözündəki gün eynəyini çıxarıb, qarşısına gedən İlkinlə əl-ələ görüşdü. Qucaqlaşdılar.

– Üzünü görək! Haralardasan, soruşmaq eyib olmasın…

Elşad qardaşına cavab verə-verə gözünün ucuyla məni və ilk növbədə əynimdəki geyimi bir baxışla təpədən-dırnağa süzdü. Üzü bir az da ciddi ifadə aldı. Sonra sanki mən burda heç yoxmuşam kimi daha mənə tərəf baxmadı. Qardaşıyla söhbətləşməyə başladı. Sözarası maşının açarını ona verib:

– Maşını sal həyətə… – dedi.

İlkin Elşadın dediyini elədi. Darvazanı taybatay açıb sükan arxasına keçdi və tezliklə maşını həyətə sürüb, çardağın altında saxladı. İlkin bunları etməkdəykən Elşad yanımdan ötüb mənimlə hal-əhval belə tutmadan əl-üzünü yumağa başladı. Çiyninin üstündən son dərəcə quru və soyuq bir səslə:

– Yemək hazırla! – dedi. – Bir az cəld!

Bu zaman eyvana çıxan qayınanam Elşadın mənimə rəftarını görüb, amiranə səsini duydu. Üzündə gün doğdu sanki. Gözlərinə işıq gəldi. Razılıqla yuxarıdan aşağı oğlunu süzdü.

Mən lal-dinməz yuxarı qalxdım. Və bir qədər sonra həyətdəki masanı nahar üçün hazırlamağa başladım.

İlkin Elşadın mənə soyuq rəftarını göydə tutmuşdu. Gözlədiyinin tam əksini gördüyü üçün donub qalmışdı. Bizi tək qoymaq üçün istədi bir bəhanə ilə getsin. Elşad buna şərait yaratmadı. Həmişə məni görəndə gözlərinin içi gülən Elşadın indi heç dodağı da qaçmırdı. Üzündə hər zamankı o sərt ifadə ilə qaşlarını düyünləyib oturmuşdu.

Mən məcməyidəki xörəyi Elşadın önünə qoyanda onun gözü gözlərimə tuş gəldi. Baxışlarımı dərhal üzündən çəkib, İlkin üçün çəkib gətirdiyim xörəyi onun qarşısına qoydum. Bu anda Elşadın telefonuna zəng gəlməyə başladı. Baxışlarım qeyri-ixtiyari telefona yönəldi. Orada ESYA adını oxuyanda bütün bədənimə od-alov, istilik gəldi. Hər kim idisə, bu da yeni biri idi. Elşad zəng vuranın kimliyi ilə gözucu maraqlansa da cavab vermədi. Əlinin tini ilə telefonu masada irəli itələdi. Tamam sakit halda yeməyini yeməyə başladı. Zəng hələ də çalırdı.

İlkin mənim üzümdəki ifadəni və qardaşının rahatlığını görüb, narazılıqla Elşada göz-qaş işarəsi elədi. Elşad ona əhəmiyyət vermədi.

…Masanı yığışdırmaq üçün onların yanına getməyə məcbur idim. Özümü toplayıb yenidən həyətə endim.

Ayaqlarını ayaqlarının üstünə aşırıb stulda yayxanıb oturmuş Elşad, telefon əlində məşğul idi. Mən masanı yığışdırmağa başlayanda o, kiməsə zəng vurdu. Tezliklə xəttin o üzündən naz-qəmzə ilə, sözü uzada-uzada danışan qızın səsi doldu qulaqlarıma.

– Aloo…

– Zəng vurmusan… Kənardaydım, cavab verə bilmədim… Nolub? – Elşad nə məni, nə də qardaşını nəzərə almadan tamam sərbəst bir şəkildə qızla danışmağa başladı.

– Yaxşı ki, yadına düşdük… – Qız forslandı. – Hardasan?

Bütün bədənimdən cərəyan keçibmiş kimi gizildədim. İşimi görə-görə başımı qaldırıb, bir anlıq İlkinə baxdım. İlkin rəng verib, rəng aldı. Çünki bir az əvvəl mənə Elşadı ağızdolusu tərifləyib, onun mənə olan sevgisini yerə-göyə sığdıra bilməmişdi. Özümü zorla tox tutmuşdum. Halbuki əlim-ayağım əsirdi. Elşadın bir gözü məni, reaksiyamı izləyir, amma kifayətlənmirdi.

– İndi çatmışam… Dəqiq bilmirəm, nə vaxt…

– Pis oğlansan, Elik… Bilmiş ol…

– Bilirəm. Amma olanı budur.

Qız Elşadın bu sözünə bütün sinirlərimi oyadan bir ahənglə yastı-yastı güldü. Sonra da əlavə etdi:

– Off… Darıxdım, Elik.

– Hmm… – Elşad demək istədiyi sözü deyə bilmədiyi üçün saxta təbəssümlə dilinin ucundan geri qaytardı. Əliylə saçlarını daraqlayıb, sonra alnına yaydı. – Zəng vuraram sonra.

– Aha… Oldu. Gözləyəcəm. Öpdüm…

Mən bundan artıq dözüm nümayiş etdirə bilməyəcəyimi anlayıb, işimi yarıda saxlayaraq onlardan ayrıldım. Pillələri iti addımlarla yuxarı qalxdım. Özümü otağa güclə çatdırdım. Çünki hönkürtümü boğmağa məndə artıq taqət qalmamışdı.

***

Mələk yanlarından ayrılan kimi İlkin məzəmmətlə qardaşını süzdü:

– A kişi… Neynirsən sən?!

Elşad dinmədi.

– Qırıl da bunlardan! Rədd elə də başından, birdəfəlik! Nə uzadırsan axı…

– Öz işinlə məşğul ol!

– Bilirsən bu qıza necə zülm edirsən?

– Kimin kimə zülm elədiyi göz qabağındadır!

– Kiçik hərf yox idi? Yoxsa axtardın tapmadın? – İlkin istehza ilə qardaşını süzdü. – Bu nədir, a kişi, gözə girir e… Mən subay ola-ola bu qələti eləmirəm.

– Gözümdə bir az zəiflik var. İri hərflərlə yazmışam ki, aydın görünsün. – Elşad kinayə ilə dilləndi.

– Gözündə zəiflik olsaydı Mələyi seçməzdin! Gözün lap yaxşı görür! Özü də necə lazımdır! Amma ağlında zəiflik olduğu dəqiqdir! Sənin başın həqiqətən xarab olub! Düzgün iş görmürsən!

– Nə edib-etməyəcəyimi səndən soruşası deyiləm! Özüm bilərəm!

İlkin geri çəkilmədi.

– Başa düşmürəm, nömrəni silməyi bacarmırsan, yoxsa əngəlləmək problemdir sənə? Sil, rədd elə! Niyə şərait yaradırsan axı, bu qədər irəli getmələrinə? Kimdir axı onlar?

Elşad həmin andaca baxışlarını qaldırıb sərt tonda:

– Qoy telefonu yerə! Əliuzunluq eləmə! – deyib, qardaşına çəmkirdi. – Üz verəndə astar da istəyirsən… Sənin həddin deyil mənim telefonumu qurdalamaq! Nəyi nə vaxt silib, rədd edəcəyimə özüm qərar verəcəm!

– Özünü ancaq gözdən salırsan. Bunu deyim, bil.

– Boş şeydir. Quru zəngə kimdir fikir verən? Mənim istəyim, marağım olmayandan sonra yüz gün zəng vursun özüyçün.

– Ürək bulandırırsan da… Bu azdır?

– Əzab vermək və əzab çəkmək nə deməkdir, qoy bilsin! Mənim yerimdə kim olsaydı, çoxdan atıb getmişdi. Evə tərəf heç üz də tutmazdı. Mənim də səbrimin bir həddi var. Hər həftə eyni şəbeh! Burdan şəhərə yol boyu özünü söyə-söyə qayıt geri… Orada günləri birtəhər yola ver… Sonra yenə ürəyinə söz keçirə bilmə, suyu süzülə-süzülə sürün bunun dalınca rayona. Bunun dizinin dibində bir xoş sifət, sevgi-məhəbbət dilən. Mənim də özümə görə mənliyim, qürurum var. Nə vaxta qədər e… Nə vaxta qədər alçalacam bir qadının qarşısında? Qoy görsün ki, istəsəm hər şey edə bilərəm! Buna vaxtım da var, imkanım da! Yəni hələ ki, lazımsız biri deyiləm də. Kiməsə lazımam!

– Bu qız sənin ailəndir. Ailən üçün sürünməlisən də, yeri gəlsə, yalvarmalısan da… Onlar kimdir ki, sən təmiz qadınını elələrinə görə alçaldırsan?

– Əşi, hər kimdir… Nə isə! Başqa söhbət elə! – Elşad laqeyd görünməyə çalışdısa da, bir gözü evin pəncərəsində Mələyi aradı.

***

Mən mətbəxdə qabları yuyandan sonra geri çevriləndə onu görüb duruxdum. Elşad mətbəxin qapısı ağzında bütün diqqətiylə, ciddi görkəmdə mənə baxırdı. Nə vaxt gəldiyini və burada dayandığını hiss etməmişdim. Amma deyəsən çoxdan burada idi. Qapının tininə söykədiyi qolunun üstündən qaşlarını düyünləyib elə zəndlə baxırdı ki, sanki şikarını güdən bir yırtıcı idi. Baxışları o qədər zəhmli və öldürücü idi ki, iliyimə işlədi. Onu görməyimlə ürəyim şiddətlə vursa da zahirən son dərəcə soyuqqanlı və laqeyd görünməyə çalışdım. Mənə dikilən gözlərinə baxıb, üzümü dərhal çevirdim. Əslində istəmədim ağladığımı bilsin. Necə iztirab çəkdiyimi görsün. O, daha bir neçə saniyə burada yubandı və sonra qapının ağzından çəkildi. Uzaqlaşan addım səslərindən evdən çıxdığını hiss etdim.

Bütün gecəni evə gəlmədi. Səhərə az qalmış səs-küyə yuxudan oyanıb, çaşqınlıq içində başımı yastıqdan qaldırdım.

Qayınatam idi. Səsi salondan gəlirdi:

– Hardan gəlirsən bu vaxtı? Saatdan xəbərin var?

– Düzünü deyim, heç özüm də bilmirəm haradan… – Elşadın kefli səsi duyuldu.

Qayınatam özündən çıxdı. Yatanları nəzərə almadan səsini qaldırdı:

– Ay vicdansız, bu vaxtı nə işin var küçədə sənin, özü də bu vəziyyətdə? Heç utanırsan?!

– Yaxşı da… Sakit ol.

– Özünə söz dedizdirməyə xoşun gəlir bu yaşında?

Elşad nə isə dedi, amma anlamadım. Dili söz tutmurdu.

– Avaralanmağa gəlmisən bura? Yoxsa özünə bəla axtarırsan? Ürəyimi partlatmaq istəyirsiz mənim?!

– A kişi, get yat da… Sən neynirsən e, məni?

– Necə yatım, köpəyoğlu… Bilmirəm bu vaxta kimi harada veyillənirsən, kimlərləsən, hansı cəhənnəmdən gəlirsən! Biri evimi yıxıb onsuz da… İndi də sən başlamaq istəyisən? – Qayınatam yenə ağzından od tökdü. Elşadı qınadı.

Səsə qayınanam da otağından çıxdı. Yuxulu bir səslə soruşdu:

– Əli… Nolub? Səhərin gözü açılmamış bu nə səs-küydür?

– Canıma dərd olub mənim! Oğul olmadılar, bəla oldular canıma!

– Yaxşı da, ağsaqqal… Olmadı ki…

– Ayə, ağsaqqal sayan əclafsız siz? Heç olmasa bir abır-həya elə! Bir utan, qızar! Lül-atəş gəlib, utanmaz-arınmaz şəstlə qarşımda dayanma!..

– Bahoo… – Elşad daha gerisini dinləməyib, otağımızın qapısına doğru gəldi. O, qapını açanda mən özümü yuxululuğa vurdum. Nəfəsimi içərimə çəkib, bütün səyimlə oyaq olduğumu bəlli etdirməməyə çalışdım. Elşad otağa keçdikdən sonra ağır addımlarla gəlib taxtın kənarında əyləşdi. Və arxası üstə ölü kimi yerinə uzanıb qaldı. Tezliklə burnuma dolan içki qoxusu ürəyimi bulandırdı.

Bu zaman onun əsəbi bir ahənglə öz-özünə pıçıldadığını duydum:

– Mən belə həyatın… Belə yaşayışın… – sözünün arxası yəqin ki, söyüş idi, o, davamını gətirmədən gərginliklə fısıldadı.

Canımı qorxu aldı. Ürəyim quş kimi çırpınmağa başladı. İndi Allahdan bir istəyim vardı, tez yatıb yuxuya getsin.

Səhər yuxudan oyananda onu üzü üstə yatmış gördüm. Özü yuxuda olsa belə əlimi tutmuşdu. Bir neçə saniyə onu seyr edib, biləyimi ovcunun içindən güc-bəla ilə də olsa çəkib çıxartdım. Gecəni nə qədər içmişdisə, indi daş kimi düşüb qalmışdı. Hiss etmədi.

Bir də günorta yuxudan oyanan Elşad duşdan sonra geyinib evdən çıxdı. Mənimlə kəlmə də kəsmədi.

Bu gecə də dünənkinin təkrarı oldu. Elşad eyni vaxtda yenə sərxoş qayıtdı evə.

Artıq iki gün idi gəlmişdi. Amma üzünü düz-əməlli görməmişdim. Evdə tapılmırdı. Gecəni səhər etmək üçün sadəcə bir yatağı bölüşmüşdük.

Hər zaman hər fürsətdə mənimlə tək qalmaq istəyən Elşad indi bütün səyi ilə məndən qaçır, uzaq gəzirdi. Zaman-zaman onun oğrun baxışlarını öz üzərimdə hiss etsəm də, Elşad mənimlə üz-üzə gələndə gözümün içinə baxmırdı.

Anası oğlunun mənə soyuq münasibətini onun davranışlarından hiss etmişdi. Elə bil dünyanı arvada bağışlamışdılar. Üzü gülürdü.

Elşadın telefonuna gələn zənglərin ardı-arası kəsilmirdi. Artıq yaxşı bilirdim ki, o, məni görməyə deyil, mənə əzab verməyə gəlib. Və bunu çox gözəl bacarırdı. Daxilən talan olsam da, bütün səyimlə bunu üzə vurmamağa çalışırdım. Bütün fikrimi işimə yönəltmişdim. Elşadın mənə qarşı dəyişən münasibəti, müdhiş soyuqluğu məni heyrətə salmışdı. Baxmayaraq ki, əzab çəkirdim, amma bunda təəccüblü heç nə görmürdüm. Onun nələr çəkdiyini indi bilirdim. Çünki indi özüm onun yerində idim.

Günortadan sonra idi. Qəribə də olsa, Elşad hələ ki, evdə idi. Otağa keçəndə onu taxtda uzanıb, yenə də hansısa bir qızla şirin-şirin söhbət edən gördüm. Və artıq tab gətirmədim. Mənim gəldiyimi görən kimi qalxıb, telefon qulağında otaqdan çıxdı. O, qapıdan çıxar-çıxmaz əlimə keçən, gözümə görünən nə varsa yerə çırpdım. Səs-küyü eşidib yarı yoldan qayıdan Elşad qapını açıb içəri girdi. Və otağın vəziyyətinə tamaşa edib, mənə doğru gəldi. Kinayə ilə soruşdu:

– Nə isə sözün vardı?

İfadəsi canıma qorxu salsa da özümü sındırmayıb, qarşısında güclü dayanmaq istədim O, telefonu şalvarının arxa cibinə salıb, düyünlənmiş yumruğunu bir az da sıxdı. Məni vurmamaq üçün özünü zorla saxladı.

– Belə qudurmusan?

Gözlərinin içinə baxıb susdum.

– Sənləyəm! Bu nə hərəkətdir? Bəlkə şillə-yumruq istəyirsən?

Sükutumu görüb acıqla soruşdu:

– Nədir, xoşuna gəlmir? Yoxsa icazə almalıyam səndən?

Mən gözlərim dolmuş halda, titrəyə-titrəyə az qala yalvardım:

– Çıx get… Xahiş edirəm səndən, çıx get! Heç olmasa görməyim… Gəlmə, istəmirəm!

– Kefim istəyəndə gedəcəm, istəməsə qalacam! Mənə yol göstərmə! Sən mənim ancaq istəklərimə tabe ola bilərsən. Mənə əmr verə bilməzsən! Yığışdır buraları! Cəld! – Səsini qaldırdı. – İki dəqiqə vaxtın var! Nə qədər ki, əlim-ayağım dəyməyib, adam balası kimi əməl elə!

Mən qımıldanmadım.

– Vaxtın gedir! Tərpən!

– Bu qədər qiymətlidilər səninçün?

– Sənə verilən qiyməti bilmədin! Mən də qiymətsizləri qiymətə mindirirəm!

– Bağışla, mən bir-iki xoş sözə əriyib gedənlərdən deyiləm! Bir baxışına atıla bilmədim qollarına, üzrlü say! Sən, görünür, asan əldə etməyə vərdiş etmisən, buna görə də mən yorucu gəldim sənə.

Elşad məni dinləyə-dinləyə dodaqlarını gərginliklə bir-birinə sıxmışdı. Sözümü ağzımda qoyub, üstümə çəmkirdi:

– Çox danışırsan! Özü də mahiyyətinə varmadan, fikirləşmədən danışırsan! Sözü dilinə gətirməzdən əvvəl ağzında bişir çıxar! Nə qədər ki, şillə qulağının dibini qızdırmayıb, sakit işini gör!

– Sən rastıma çıxan günə lənət olsun!

– Vaxtın gedir! – O, sözlərimi eşitmirmiş kimi səsini bir də qaldırdı.

Çıxış yolumun olmadığını bilib, hirs məni boğa-boğa əyilib yerdən götürdüyüm ətir qabını termonun önünə çırpdım.

– Olmadı! – Elşad səsini bozartdı. Və əlinin tini ilə ətir qabını vurub yenidən yerə saldı. Əmr etdi. – Adam balası kimi! Forsla iş görmə!

Əllərini qoltuğuna vuraraq başımın üstə dayanıb məni gözlədi. Və otaqda dağıtdığım nə vardısa hamısını bir-bir mənə yerdən yığdırıb, sonra kinayə ilə:

– Ağıllı ol! – dedi. Çıxıb getdi.

Yerə çöküb, hönkür-hönkür ağladım. Xeyli sakitləşə bilmədim.

…Gecədən keçmişdi. Mən yatağa girməyimə baxmayaraq hələ də oyaq idim. Hələ də ağlayırdım. İzah edə bilmədiyim bir sıxıntı mənə hakim olub qəlbimi sıxır, yatmağa qoymurdu.

Elşad gəlib çıxmamışdı.

Daha iki saat keçdi. Artıq səhərə bir şey qalmamışdı. Göz qapaqlarım ağırlaşıb qapanırdı ki, qapı səsinə gözlərimi açdım. O, idi. Və deyəsən bu gün içməmişdi. Otağa keçdikdən bir neçə saniyə sonra dərin köks ötürdü. Və yanından ayırmadığı üç şeyi – telefonu, siqaret qutusunu və maşının açarını taxtın böyründəki tumbanın üstünə atıb, ləng bir hərəkətlə əynini soyunmağa başladı. Çox keçmədən gəlib öz yerinə uzandı. Daxili bir gərginliklə fısıldadı.

Mən həmişəki kimi yenə nəfəsimi içərimə çəkib, oyaq olduğumu bəlli etdirməməyə çalışırdım.

O, yerində çevrikib durur, tez-tez də fısıldayırdı. Yatmağa çalışırdısa da yata bilmirdi. Vurnuxurdu. Arxamı ona tərəf çevirdiyim üçün üzünü görməsəm də, hərəkətləri və fısıltısı əsəbimə toxunurdu. Birdən öz-özünə:

– Bu nə həyatdır mən yaşayıram, ilahi… – dedi. – Gecənin bu aləmi küçələrdə vaxt öldürürəm. Səhər açılsın, rədd olub çıxıb gedim burdan! Bir də buralara ayaq bassam…

Mən sözün bu yerində özüm də hiss etmədən köks ötürdüm. Və öz əməlimə özüm də peşman oldum. Yanlışlıqla özümü ələ verdim.

Elşad bunu duydu. Bir neçə saniyə səsini çıxarmasa da, sonda artıq səbir edə bilmədi. Uzaq davranmağa, laqeyd görünməyə çalışsa da, hissləri ağlına üstün gəldi. Özü ilə bacarmayıb, birdən qəfləti bir hərəkətlə qolumdan yapışıb məni hirslə özünə sarı çevirdi. Diksinib, təlaşla, qorxudan böyümüş gözlərimlə onun üzünə baxdım. Elşad mənim oyaq olduğumu görəndə daha da coşdu. Sinəsi təlatümlə qalxıb-enməyə, gərginliklə alıb-verdiyi nəfəsi üzümə vurmağa başladı. Dodaqları, sifətinin əzələləri titrəyə-titrəyə uzun, dərin baxışlarla əsəbi-əsəbi məni süzdü.

– Deməli, oyaqsan!

Qollarımı sıxan əllərinin altında tir-tir titrədim. Dinmədim.

– Səni öz əllərimlə boğaram, yenə sakit olmaram! Cəhənnəmi yaşatdın mənə bu dünyada! Cəhənnəmi! Elə əzablar vermisən ki, mənə, düşmənimə də arzu etmirəm!

Mənə çəkdirdiyi iztirab və acılara görə özümə hakim ola bilmədim. Bütün nifrətim və qəzəbimlə üsyankar bir səslə dedim:

– Nə durmusan? Get sənə cənnəti yaşadanların yanına! Zorla saxlamamışam yanımda! Onsuz da mələşirlər arxanca.

– İşinə yarayır?

Acıqla gözlərinin içinə baxıb, susdum. Elşad məni təbdən çıxarmaq, çəkdiyi əzabların ikiqatını mənə çəkdirmək üçün yandırıb yaxa-yaxa dedi:

– İş budur, yatağa girdiyim bütün qadınlarla belə səni düşünürəm. Sənin bu lənətə gəlmiş xəyalın onda da mənə rahatlıq vermir!

Bu an məni saran qısqanclıq hissi ilə onu yumruqlayıb, yastığı hirslə ona çırpdım. Məni ağlamaq tutdu. Ürəyim soyumadı. Təkrar onu vurmağa başladım.

– Murdar qadınlarla gün keçirib, o çirkli əllərinlə mənə toxunma!

– Hmm… O qadınların yanına məni sən göndərirsən. Xəbərin olsun. Mənə başqası lazım deyil. Sən istəyirsən bunu! Qadın kimi qadın olsan, sonra günahı məndə aramazssan!

Mən qəti bir səslə, inadkarcasına dedim:

– Ayrılacam səndən! Ayrılacam! Belə davam edə bilməz! Qayıdacam atam evinə! Rahat yaşayarsan özünçün! Sən öz həyat yolunu çoxdan seçmisən! Məni rahat burax! Əl çək yaxamdan!

Elşadın siması bu sözlərimdən sonra vahiməli bir ifadə aldı. Qanlı-qanlı məni süzüb, qəfildən sıçrayıb boğazımdan yapışdı. Məni burnu bərabərində saxlayıb, gözümün içinə baxa-baxa acığından dişlərini bir-birinə sıxdı.

– Çaşıb belə bir səhvə yol verərsən, elə atanın qapısındaca başını bədənindən ayıraram! İnan inandıqlarına ki, bunu edərəm! Eşidirsən məni? Həyatınla oynama!

Əslində belə bir fikrim yox idi. O öz sözləri ilə məni necə yandırıb-yaxmışdısa, bunun əvəzində əzab çəkməsini istəyirdim. Gözümün yaşını tökə-tökə əlini boğazımdan çəkmək istədim. Gücüm çatmadı.

– Sən bu evdən bir də kəfənlə çıxacaqsan! Mənimlə bir yerdə! Birgə girəcəyik məzara! Neçə dəfə təkrar etməliyəm?!

– Sən məni qaçırdığın gün öldürmüsən! Hər dəfə məcbur edəndə, onsuz da özümü məzarda hiss edirəm! Məni ölümlə qorxutma!

Elşad məndən bunu duyanda xirtdəyimi sıxan barmaqları boşaldı. Tutulub qaldı. Amma əl çəkmədi. Mən hıçqırıb ağlamaqda ikən o, üzümü iki əlinin arasına alıb, alnımı alnına sıxaraq gözlərimin içinə baxa-baxa, əsəbi bir ahənglə etiraf etdi:

– Səni… Səni öz gözlərimə də qısqanıram mən! Dərk edirsən bunu? Yatdığın yatağa… Udduğun havaya… Gözünün gördüyü hər şeyə, hər kəsə qısqanıram! Məni niyə danışdırırsan? Bacarmıram! Özümə cavabdeh deyiləm! Əlimdən sorğu-sualsız xəta çıxa bilər! Bir də bu sözü səndən eşitsəm…

– Buraxx! – İnadla əlindən çıxdım. Ehtirasla qəzəbi bir-birinə qarışmış Elşad çılğın bir hərəkətlə boynumun ardından yapışıb məni qəfil özünə doğru çəkdi. Dodağlarıyla dodaqlarımı qapayıb səsimi boğdu. Dəli bir istəklə öpməyə başladı. Nəfəsimin daraldığını hiss edib çapaladım, amma bu andan sonra mənim ondan qurtulmaq üçün daha əlimdən heç nə gəlmədi.

Dan yeri söküləndə o, nəhayət, məndən əl çəkib yuxuya getdi. Mən ayaqlarımı dalımca sürüyə sürüyə kimsə oyanmamış duşa girib, su şırnağının altında o ki var ağlayıb, ürəyimi boşaltdım. Mənə əzab verən hisslərdən qurtulmaq üçün için-için ağladım.

Bir qədər sonra təkrar otağa qayıdanda o, hələ də yatırdı. Yatağa uzanıb, üzü üstə bərk yuxuya getmiş Elşadı seyr etməyə başladım. Ayrı vaxt baxmağa çəkindiyim üzünə, indi yatdığını fürsət bilib diqqətlə, doya-doya baxmaqdaydım. Sifətinin hər cizgisini yaddaşıma həkk edib, o, getdikdən sonra xəyalımda canlandıra bilmək üçün hafizəmə hopdururdum.

Hissləri ilə bacarmayıb kobudluğa yol verən, hisslərinə qarşılıq görməyəndə az qala vəhşiyə dönən bu oğlan üçün hələ dünən gecə o, məni zorla öpüb ağuşuna alanda bərk darıxdığımı hiss etmişdim. Bunu təkrar düşünəndə göz yaşım yanağıma ixtiyarsız süzüldü.

Özüm-özümə mat qalmışdım. Bu fikri özümə yaxın buraxmaq istəməsəm də, bu, danılmaz bir gerçəkdi. Bir vaxtlar sinəmə döyüb, heç vaxt sevmərəm dediyim Elşad üçün indi leysan kimi göz yaşı tökürdüm. Boynuma almaq istəməsəm də, onu artıq başqa qadınlara qısqanırdım. Buna görə özümə bir az da acığım tutmuşdu. Üstəlik, o mənimlə soyuq davranıb başqa qadınların varlığı ilə mənə əzab verərkən, mən onun üçün iztirab çəkirdim.

Gözlərimi Elşaddan ayırmadan, qımıldanmadan ona baxırdım. Az qala nəfəsimi belə tutub, hıçqırıqlarımı içərimə vuraraq səssiz-sədasız ağlayırdım. Barmaqlarımı onun saçlarına, sifətinə toxundurmaq istədim. Ürək etmədim. Bunu etməmək üçün özümü var qüvvəmlə sıxıb durdum. Elə bu anda Elşad gözlərini açıb həmişəki nüfuzedici baxışlarıyla düz gözlərimin içinə baxdı. Və onu necə süzdüyümü gördü. Özümü necə itirdimsə, dolub yaşdan pərdələnmiş gözlərimi dərhal qapadım. Amma artıq gec idi. Sən demə, oyaq imiş.

Yaxalandığım üçün pərt halda yerimdə çevrikib arxamı ona çevirdim. Bir neçə saniyə sonra onun içərisini odlayan fısıltısı duyuldu və saçlarımda gəzən əli birdən belimi sıxdı. Səsimi çıxarmasam da, şiddətlə vuran ürəyim həyəcandan yerindən çıxacaq sandım.

Bir neçə saat sonra o, şəhərə qayıtmaq üzrə idi. Yola düşməzdən əvvəl otağın qapısını açıb mənə eşitdirdi:

– Çıxıb gedirəm, bəlkə yola salasan məni?

Bunu duyanda gözlərim doldu. Kövrəldiyimi görməsin deyə dönüb ona tərəf baxmadım belə.

– Ya səbir! – deyib, qapını örtüb getdi.

Dalınca getməməyi özümə söz versəm də, ürəyimə söz keçirə bilmədim. Bir qədər sonra otaqdan çıxıb salona keçdim. Pəncərəyə yaxınlaşdım. Tül pərdənin arxasından həyətə baxdım. Elşad hələ də həyətdə idi və yəqin ki, mənim gəlib çıxmağımı gözləyirdi.

Eyvan dirəyinə söykənib siqaret çəkirdi. Birdən siqareti hirslə yerə tulladı və maşına doğru getdi. Qapını açıb əyləşmək istəyəndə çevrilib evin pəncərəsinə baxdı. Və bu zaman məni gördü.

Bulud kimi dolub dursam da, özümü ələ almağa çalışırdım. Soyuqqanlı görünmək istəyirdim.

Elşad dodaqlarını bir-birinə sıxıb, bir anlıq qınaq dolu baxışlarla məni süzdü. Və sonra maşına əyləşdi. Maşın hərəkətə gəlib göz qırpımında sürətlə həyətdən çıxdı. Mərkəzi yola çıxıb, bir anda görünməz oldu. Getdiyi yola baxa-baxa kövrəldim. Bayaqdan tutmağa çalışdığım göz yaşlarım yanağıma süzüldü.

(Ardı var)
MüəllifFiruzə Davudqızı
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 5 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri