Həsrətindəyəm (15-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 9
Baxılıb: 5 260
Səs ver:
(səs: 0)
…Aradan bir aydan da çox vaxt keçdi. Bir gün Elşad 10 günlük məzuniyyət götürüb evə gəldi. Sevincinin həddi-hüdudu yox idi. 10 gün bir yerdə olacaqdıq. Üzünə deməsəm də, buna mən də sevinmişdim.

O, gəldiyi gün hava çox pis idi. Payız öz üzünü göstərir, külək əsir, şimşək çaxır, durmadan yağış yağırdı.

Həmin gecə qəfil çaxan şimşəyin səsinə diksinib, özümü onun üstünə necə atdığımı belə bilməmişdim. Titrəyə-titrəyə böyrünə qısılıb, üzümü köksünə sıxıb gizlətmişdim. Yatdığını sandığım halda o, sən demə, oyaq imiş. Qolunu gözlərinin üstündən götürüb, əlimi tutdu:

– Qorxdun?

– Hmm… – Mən bərk-bərk ona qısıldım. Hələ də ondan aralı yatdığım üçün o, buna ürəkdən sevinmiş bir halda fürsəti əldən vermədi. Məni qıcıqlandırmağa başladı. Sanki Allah-təala ilə danışdı.

– Çax da, qurban olum! Çax! Nəyi gözləyirsən? Mən də yazığam axı, qalmışam bu insafsızın əlində!

Tez ondan aralı durub:

– Sənə də söz lazımdır danışmağa! – deyib, incik-incik onu süzdüm.

Elşad məni qucaqlayıb, gülə-gülə sinəsinə sıxdı. Birdən təəccüblə mənə baxdı:

– Ağlayırsan?

Mən özüm də bilmədim bu sözü nə vaxt dilimə gətirdim:

– Uşaq vaxtı şimşəkdən qorxanda həmişə anamın üstünə qaçardım. Ona sarılardım. Bir ildir üzünü görmürəm… – deyib, daha da kövrəldim.

Elşad tutulub qaldı. Bunu eşidəcəyini heç gözləmirdi. Bu bir ildə içərimdə çəksəm də onun yanında heç vaxt ata-anam barədə söz açmamışdım. Elşad bir qədər sükutdan sonra:

– Gözləyirəm xəbər etsinlər ki, barışmağa razıyıq, barışıq olsun, – dedi. – Amma hələ xəbər yoxdur. Məndən olsa, səni çoxdan aparıb görüşdürərdim. İstəyirəm özləri razılıq versinlər. Onsuz da hər iki tərəf bilməlidir ki, daha əldən bir şey gəlməz. Bunu birdəfəlik qəbul etməlidirlər.

Mən bunu duyanda dözməyib hönkürdüm. O, bütün cəhd ilə məni sakitləşdirməyə çalışdı. Başımı köksünə dayayıb:

– Yaxşı olacaq hər şey, bax, görərsən, – dedi. – Müvəqqəti çətinlikdir, çəkirik. Bu da bir sınaqdır, ötüb keçəcək. – Barmaqlarının bir toxunuşuyla gözümün yaşını sildi.

Mən bir qədər toxtadıqdan sonra Elşad müqəssir baxışlarlarla üzümə baxıb:

– Dəqiq bilirəm ki, onların məni görməyə gözləri yoxdur. Lakin məndən asılı olan bir şey deyil. Qızlarını çox sevmişəm və sevdiyim qızın özgəsinin olmasına qətiyyən yol verə bilməzdim.

Qınaq dolu baxışlarla onu süzüb:

– Valideynlərimin səni görməyə gözü necə olsun? – dedim. – Bir oğlan ki qızın ata-anasına zəng vurub hədələyə, qızı özgəsinə versəniz qumbara ilə gələcəm, evi başınıza uçuracağam deyə. Bundan nə anlamaq olar səncə?

Elşadın dodağı qaçdı.

– Bu haradan yadına düşdü? Bir xəbərdarlıq idi də etmişdim.

– Var idi qumbaran bizim evi partlatmağa? – İstehza ilə onu süzdüm.

– Vəziyyət tələb etsəydi, əldə edəcəkdim! – Elşad yenə də özünə arxayın bir əda ilə dilləndi.

– Puahh… Şəxsi cəbhəxanan var deyəsən. Silah-sursatlı oğlansan da sən.

– Sənə görə tank da qaçıraram! Problem deyil!

– Tankı erməni üçün saxla! Lazım olacaq başlarını əzməyə!

– Onun söhbəti yoxdur! O, sözsüzdür! Dediyim odur, səni əlimdən bir Allah bəndəsi ala bilməz də. Əzib keçərəm hər kəsi! Fərqi yoxdur, kim olur-olsun!

– Həmin gün mən evdən bayıra çıxmasaydım, necə qaçırardın axı məni? Başa sal.

– Başa salım də… Hərtərəfli düşünüb daşınmışdım. Səhərə qədər yatmayıb, o barədə də plan cızmışdım. Amma görürsən də, qismət. Demək ki, yazan səni onsuz da yazıbmış taleyimə. Elə olmadı, belə oldu.

Onun özünə belə əminliyi, bu qədər arxayın danışığı məni odladı. Təzədən yerimə uzanıb arxamı ona çevirdim.

– Nə oldu, səsin çıxmadı? – Elşadın yarı güləş səsi eşidildi.

– Gecən xeyrə! – Əsəbi tonda dilləndim.

– Nə deyirəm ki… Xeyrə qarşı! Şirin yuxular.

Beləcə günlər öz axarı ilə keçməkdə idi. O, mənimlə bu günlər ərzində çox mehriban davranırdı. Xətrimə dəymir, nazımla oynayır, yanımdan ayrılmırdı. Amma mən nədənsə ürəyimdəki şübhəni heç cür qova bilmirdim. Bir gözüm telefonda idi ki, yenə hansısa qız zəng vuracaq. Çünki belə adət etmişdim.

Bir gün o, duşda ikən özümlə bacarmayıb telefonuna baxdım. Bütün şəkillər və qız nömrələri hamısı silinmişdi. Biri də yox idi.

Kənarda nə edirdi bilmirəm, amma telefonda onlarla bir əlaqəsinin olmadığını belə sübut edirdi. Bu mənə izah edə bilmədiyim bir rahatlıq gətirmişdi. Elşad mənim gözümdə öz etimadını doğrultmağa, ona olan zədə almış inamımı bərpa etməyə çalışırdı. Bu da bir irəliləyişdir, düşündüm. Amma özümü aldadırdım, ya ona inanmağa məcbur idim, bunu heç özüm də bilmirdim.

Belə günlərin birində bir səhər məni yuxudan qulağıma axıb dolan həzin mahnı səsi oyatdı. Qulağıma taxılmış qulaqlıqdan bu sözlər duyulmaqda idi.

Sevdim səni necə…
Eşqindən duman olur başım.

Sevdim səni necə…
Dolur gözümə sevinc yaşım.

Bir ömür gündüz-gecə
Ol həyat yoluma yoldaşım,
Yaşayaq beləcə…
Səninlə illər aşım.

Yarıyuxulu halda öz-özümə gülümsündüm. Bu, son zamanlar onun tez- tez dinlədiyi Talıb Talenin “Sevdim” mahnısı idi. Elşad bu mahnını çox sevirdi. Ürəyindən keçən sözləri mənə bu mahnıyla çatdırır, qəlbinin səsi kimi mənə dinlədirdi.

Yerimdə çevrikib onu aradım. Elşad yox idi. Hazırda mahnısını dinlədiyim telefonu yastığın üstündə idi. Keçirdiyim xoş hisslərin təsiri ilə xumarlandım. Kaş bu anlar heç bitməsin, düşündüm.

Günlərin bir günü mən özümdə cürət tapıb çoxdan ürəyimdə saxladığım sözü açıb Elşada dedim.

O, dostları ilə görüşüb yenicə gəlmişdi. Amma evə keçmədən maşında əyləşib musiqiyə qulaq asırdı. Yanına getdim. Qapını açıb maşında onunla yanaşı ön oturacaqda əyləşdim. Elşad yerində yayxanıb oturmuşdu. Başını oturacağın başlığına söykəyib, gözlərini yummuşdu. Öz aləmində idi. Səsucaldanlardan yenə həzin, lirik musiqi səslənirdi. O, həmişə belə musiqiləri sevirdi.

Maşına kiminsə əyləşdiyini hiss edib gözlərini açdı. Məni yanında görəndə üzünün ifadəsi bir anda dəyişdi. Qaşının biri mənalı bir əda ilə alnına qalxdı. Tez yerində qalxıb oturdu. Özünü topladı.

Mən onun bütün hərəkətlərini və davranışlarını təbəssümlə izləyib, dilləndim:

– Sənə deyiləsi sözüm var.

– Nə söz? – Maraqla üzümə baxdı. – Eşidirəm.

Mən dərin bir köks ötürüb əslində özümü topladım. O, dayanıb mənim nə deyəcəyimi gözləyirdi. Bu arada musiqinin səsini də azaltdı.

Dodağımı dişlərimin arasında sıxıb, bir qədər çəkinə-çəkinə dilləndim:

– Sənin anana qarşı belə kobud, belə sərt rəftarın xoşuma gəlmir. Özü də mənim yanımda. O, elə zənn edir mən yönəldirəm səni.

Elşadın üzündəki mülayim ifadə bir anda gərginliklə əvəz olundu. Qaşlarını düyünləyib, çəp-çəp məni süzdü:

– Bu idi mənə demək istədiyin söz? – Acı istehza ilə dodağı qaçdı. Təəssüflə başını buladı. O, deyəsən məndən tamam başqa bir xəbər alacağını umurdu. Amma yanıldığını anlayıb pərt oldu. Buna görə də əsəbiləşdi. Mən əlimi onun əlinin üstünə qoyub, yüngülcə sıxdım.

– Elşad…

Öz adını birinci dəfə mənim dilimdən eşitməsi onu həyəcanlandırsa da qaşlarının düyünü açılmadı. Gözucu əsəbi-əsəbi məni süzdü.

– Get üzr istə, barışın! Xahiş edirəm səndən, son qoy bu küsülülüyə! Sən kiçiksən, addımı sən atmalısan!

– Mənim belə bir fikrim yoxdur! İstəmə bunu məndən! – Elşad qəti səslə dedi. – Onlar məni başa düşmək istəmədilər!

Mən istəmirdim anayla balanın arasına girən bir günahkar kimi tanınım. Bu ittihamlardan artıq cana doymuşdum. Odur ki, Elşadı yola gətirməyincə geri çəkilmək istəmədim.

– Sizin ana-bala öz aranızda bir anlaşılmazlıq olub, məni buna qatmayın.

– Buna özləri şərait yaradıblar! Sənlik burda heç nə yoxdur!

– Yenə də bu sənə heç bir əsas vermir! Günahı dağlar boyda olsa da o, sənin anandır! Səni dünyaya gətirib.

Elşad dodaqlarını bir-birinə sıxıb, susdu.

Mən bunu fürsət bilib, davam etdim:

– Bilirsən nə var? Mən yorulmuşam artıq! Belə həyat olmaz e… Evdə heç kimin üzü gülmür. Hər gün gərginlik… Hər gün söz-söhbət… Mehribançılıq yoxdur. İlkin nə vaxta qədər yanımda oturub söhbət edəcək ki, başım qarışsın? Sən şəhərdə, ata-anan da ki, üzümə baxmaq istəmir. Nəinki mənimlə kəlmə kəsmək.

– Dilə gəldin axırda? – Elşad çevrilib acı təbəssüm etdi.

– Yox, yanılırsan. Mən düşünürəm ki, öz doğma anasına bu sifəti göstərən məni sabah küçəyə atar! Anasına dəyər verməyən oğlan mənə nə dəyər verəcək axı.

Elşaddan səs çıxmadı. Əlinin altındakı rulu əsəbiliklə sıxdı. Bunu görsəm də susmadım:

– Mən inciyib küsə bilərəm e, anandan, amma onu qınamıram. İstəməyib də məni. Məcburi deyil ki. Onun da sənin barəndə öz arzusu, öz niyyəti varmış.

– Bu mənim həyatımdır, anamın həyatı deyil, onun istəyinə uyğun yaşayım!

– Bilirəm, sənə xalan qızını almaq istəyirlərmiş…

– Nəhayət, bunu da çatdırdılar sənə? – Elşad pörtdü.

– Onlar deməyib, eşitmişəm.

Elşad mənim yanlış fikrə düşməməyim üçün izah etdi:

– Mənə dedilər, mən də hamısına açıq dedim ki, ya o qız olacaq, ya da heç kim! Kiminsə balasını bədbəxt eləməyin, mən onu saxlayan deyiləm! Başa düşməyiblər, özləri bilən işdir.

Mən qəti və son dərəcə ciddi bir səslə dedim:

– Əgər doğurdan da ürəyində mənə bir balaca istək varsa, bu addımı sən atacaqsan! Gedib barışacaqsan! Yoxsa nə sənə, nə sənin sevginə inanan deyiləm!

Elşad çıxılmaz vəziyyətdə qalan adam sayağı gərginliklə fısıldadı.

Mən maşından enib, onu fikirləşməsi üçün tək qoydum.

Evdə əmin-amanlıq olsun deyə yad oğluna ilan dili çıxarıb yalvarırdım ki, anasıyla barışsın. Halbuki qayınanam mənə elə yaralar vurmuşdu ki, qəbirə girib üstümə torpaq töküləndə də onun dil yarası qaysaq bağlamayacaqdı. Məni yandırıb sızladacaqdı.

Aradan iki gün keçmişdi, amma hələ də Elşaddan bir tərpəniş yox idi. Özünü sındırıb bunu etmək istəmirdi. Üzünə baxan kimi bilirdim çox fikir eləyir, amma anasının xətrinə də qürurundan keçə bilmirdi.

(Ardı var)
MüəllifFiruzə Davudqızıı
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 5 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri