Həsrətindəyəm (16-cı bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 13
Baxılıb: 5 234
Səs ver:
(səs: 0)
Ertəsi gün Əhməd əmi gəldi. Qayınatamla, qayınanamla ciddi söhbət elədi. Barışıq olmasını təklif etdi.

– Addımı sən atmalısan, Əli. Bir işdir olub. Geri dönüşü yoxdur. Nə vaxta kimi küsülü qalacaqsız? Qaynayıb qarışın. Qohum sayılırsız.

Bayaqdan səbirlə, təmkinlə qardaşını dinləyən qayınatam sükutunu nəhayət pozdu:

– Mən o qapıya nə üzlə gedim, Əhməd? Oğul olan kəs nə üz qoydu ki, məndə, gedib kiminləsə qabaq-qənşər oturum, deməyə də sözüm olsun? Nə səbəb gətirib, bəraət qazandırım bu vicdansızın əməlinə?

– Ya zəlzələdən, ya vəlvələdən. Olub da. Nə gəlir əldən? Axır bir gün o qapıya getməliyik. Üzümüzə söysə də getməliyik. Belə də, kişinin nə desə haqqı var. Qızını qaçırıb oğlumuz.

Qayınanam söhbətə qarışdı. Hikkəli-hikkəli dedi:

– Bir o qalmışdı gedib yalvaraq, gəlin barışaq. Mən kiminsə qapısına elçi gedib qız istəməmişəm ki, bu gün də ayağına gedəm. Elşad qohum olub, özü də gedib qohumluğunu eləsin. İstərsə, lap yerləşsin birdəfəlik qayınatasının evinə. Qayınatasına ata desin, qayınanasına ana. Onsuz da ona biz lazım deyilik. Bizə ehtiyacı yoxdur.

– Gəlinbacı, qulaq as…

– Sən sakit ol! – Qayınatam tərs-tərs arvadını süzdü.

– Sakit olmayacam, Əli! Mənim Elşad adında oğlum yoxdur! Silmişəm onu! O ki qaldı alıb gətirdiyi də mənimçün bir məna daşıya. Gözümün önündə dolananda onsuz da qanım qalxır iki yüzə.

– Gəlinbacı… – Əhməd əmi həmişəki səbri, təmkini ilə dilləndi. – Bir valideyn kimi səni başa düşürəm. Amma övlada görə bəzən istəməsək də əlimiz-qolumuz bağlanır. Qəbul etməkdən başqa çarə qalmır.

– Heç vaxt! – Qayınanam kəskin nifrətlə dedi. – Ölərəm, qəbrimin üstündə göy otlar bitər, yenə bağışlamaram, qəbul eləmərəm! Səni minnətçi salıb, hə? Əmi get, ata-anamı yola gətir, – deyə Elşadı yanıdı. – Əclaf!

– Elşad mənə bir kəlmə də deməyib. Mən o yaşda deyiləm ki, Elşad mənə yol göstərsin. Əlbət, götür-qoy etməyi bacaran yaşdayam.

Qayınatam məzəmmətlə arvadını süzdü. Əhməd əmi isə təkrar üzünü qardaşına tutub, sözünə davam elədi:

– Maraqlanmışam, soraqlamışam. Haqqında yaxşı sözlər çatdı qulağıma. Bildim kimdir qudan. Kimlərdəndir…

– Quda. – Qayınanam istehza ilə gözlərini süzüb fısıldadı.

Əhməd əmi ona əhəmiyyət vermədən davam etdi:

– Təmiz adamdır. Öz zəhməti ilə yaşayan ədəb-ərkanlı biridir. Əlbət, gedib otursaq, bir-iki kəlmə desək, söz başa düşəsi qanacaq sahibidir. Sözümüzü geri çevirib, ağsaqqala hörmətsizlik eləməz. Məsləhətim odur, çox uzatmaq lazım deyil bu işi. – Əhməd əmi sözün bu yerində səsini bir qədər qısıb astadan dedi. – Qızı da nəzərə alın. Bir il az müddət deyil. Biz əslində çoxdan gedib üzrxahlıq eləməli idik. Düzgün iş görmədik.

Qayınatam iki əlli başını tutub, bir xeyli sükut içində dayandı. Mən ürəyim çırpına-çırpına gözümü onun dodaqları arasından çıxacaq bir kəlmə sözə dikmişdim. O, nəhayət, bir qərara gəldi:

– Sən necə məsləhət bilirsən elə də olsun, Əhməd, – dedi. – Qardaşın oğlu özü də gəlsin, yoluna qoyarıq.

Əhməd əmi razılıqla qayınatamı süzdü. Elə bildim üstümdən ağır bir yük qalxdı. Bir yandan sevinsəm də, bir yandan həyəcanlandım. Elə bu anda qayınanamın səsinə diksindim.

– Əli! – O, heyrətlə gözlərini irilədib ərini süzdü. – İndi ki belə oldu, getsən, özün gedərsən. Mənim o qapıda işim yoxdur!

– Sakit ol! Başlama yenə!

– Nə deyirəm ki, indi görərik!

Qayınanamın kin-küdurətli danışığı, düşmən münasibəti bütün ümidlərimi puç etsə də sevincimi üstələyə bilmirdi.

Elşadın evə gəlib çıxmasını, atasının onunla danışmasını böyük sevinc içində, səbirsizliklə gözləyirdim. Həyəcandan ürəyim uçunurdu.

Nəhayət, bu qədər vaxtdan sonra ata-anamı, bacımı görəcəkdim. Lakin məni narahat edən bir məsələ vardı. Atam məni bağışlayacaqdımı? Günahım olmasa belə ailəmin, qohumlarımın gözündə mən qoşulub qaçan bir qız idim.

BİR GÜN KEÇDİ.

Həmin gün axşamüstü mətbəxə keçmək istəyirdim ki, Elşadın səsinə ayaq saxladım. Anasıyla danışırdı.

– Bəsdirin də. Bezmədiniz söz-söhbətdən? Mən bezmişəm! Yorulmuşam! Əziyyət çəkirəm! Barışın da birdəfəlik bu vəziyyətlə. Qəbul edin ki, o, sizin gəlininizdir, mənim də həyat yoldaşım.

– Sən qəbul elədiyini qəbul eləmisən də, bizə söz demək düşməz! – Qayınanamın kinayə dolu səsi eşidildi.

– Bahoo… – Elşad narazılıqla fısıldadı. – Bu nə tikanlı sözlərdir axı.

– Hmm… Mənim düz sözüm də daha sənə tikanlı görünəcək. Qınamıram səni.

– Ana… – Elşad son dərəcə mehriban bir səslə az qala yalvardı. – Qurban olum sənə! Gəl, bu düşmənçiliyi qoy bir kənara. Mənə görə keç! Neyləyim, sözünüzdən çıxası oldum da. Mən özümü onunla xoşbəxt bilirəm! Başqasını istəmirəm! Sən istəyərsən bəyəm oğlun bədbəxt olsun?

Dayana bilmədim, qapının tinindən gizlincə onlara baxmağa başladım. Elşad onu geri itələməsinə baxmayaraq anasını qucaqlayıb buraxmır, üzündən, gözlərindən öpürdü.

– Uzaq dur məndən! – Anasını gülmək tutsa da ona çəmkirdi. Yenə də sözündən qalmadı.

– Nədir, nə əl-ayağa düşmüsən? Xəbər çatıb qulağına?

– Nə xəbər?

– Mənsumə uşaq deyil e… Sən boş yerə şirin dili işə salmazsan.

– Yaxşı da, ay ana…

– Anan oldum daha? Heyif sənə çəkdiyim zəhmətdən! Kişi ol bir az! Kişi! Yad qızına görə mənə dil tökməyinə bir bax!

– Arvadağızam da, neyləyim? – Elşad əl çəkmədi. Yenidən anasının o üz-bu üzündən öpdü.

Məni gülmək tutsa da, səsimi boğdum. Elşadın gözü mənə sataşdı. Anasına bəlli etmədən mənə göz vurdu.
Elşadın anası ilə barışması evdəki ab-havaya da təsir etmişdi. Sakitlik idi. Bir-biri ilə mehriban davranırdılar. Anası Elşadın başına pərvanə kimi dolanmağa başlamışdı. Qulluğunda durur, qayğısına qalırdı. Elşadın da rəngi-ruhu açılmışdı. Buna görə özümdə izah olunmaz bir yüngüllük duyurdum. Düşünürdüm ki, Elşadın dediyi kimi çətinliklər, deyəsən, yavaş-yavaş arxada qalır. Amma sən demə, bu sakitlik fırtınadan öncəki səssizlik imiş…

Elşadın məzuniyyət vaxtı bitmək üzrə idi. Onun getməyinə beş gün qalmışdı.

Həmin axşam qayınanamla qayınatam hazırlanıb bacısıgilə getdilər. Ata- anasını maşınla İlkin apardı. Onlar hələ evdə ikən Elşada birdən-birə nə isə oldu. Əhval-ruhiyyəsi bir göz qırpımında dəyişdi.

O, mətbəxdəki masanın arxasında oturduğu kimi qalmışdı. Rəngi boğulmuşdu. Heç yaxşı görünmürdü. Sən demə, atasıgilin evdən çıxmasını gözləyirmiş…

Maşın səsi küçədə uzaqlaşan kimi Elşad ağır bir hərəkətlə yerindən qalxdı. Qolumdan yapışıb:

– Bura gəl! – deyə məni özü ilə otağımıza tərəf apardı.

Mən onun üzündəki ifadədən qorxmuş halda:

– Nə olub?! – deyə təəccüblə soruşdum.

– İndi biləcəksən! – dedi. Qapını açıb məni içəri itələdi. Özü də otağa keçib qapını içəridən bağladı. Mənə doğru çevriləndə bir baxışı vardı ki, yerimdə əsməyə başladım.

Elşad uzun, dərin bir baxışla məni süzüb, şübhəli-şübhəli soruşdu:

– Nə qələt eləmisən bu evdə?

– Nə etmişəm ki? – Çaşqın halda ona baxdım.

– Mən səndən soruşuram e! – Elşad əsəbi bir ahənglə üstümə çəmkirdi. Və ardınca məni yerimdə donduran suallar verib cavab tələb etdi. – Kimlə danışırsan? Kimdir hər gün bu evə zəng vuran?

– Nə?! – Mat-məəttəl Elşada baxdım.

– Özünü tülkülüyə vurma! – Üstümə bozarıb əlinin tərsi ilə mənə birini çəkdi.

Yerə sərildim. Üzümə dağılan saçlarımı kənar edib qalxmağa çalışanda burnumdan açılan qan əlimin üstünə düşdü. Amma bu Elşadı qane etmədi. Başımın üstünü alıb, hirslə saçlarımdan yapışdı. Qəzəbi coşub daşa-daşa bir şillə də çəkdi. Mən dözməyib, ağrıdan çığırdım. Elşadın canıma vəlvələ salan təlatümlü səsi mənim səsimi batırdı.

– Sən məni axmaq yerinə qoymusan?! Yoxsa özünü ağıllı hesab edirsən, küçüükk! – deyə səsinin tonunu bir az da qaldırdı. – Bu qədər qudurmusan ki, heç kimdən həya etmirsən? Heç kimdən qorxub çəkinmirsən?

Məni sarmış təlaşla dalın-dalın çəkilməyə başladım.

– Hara getmisən mən burda olmayanda? – O, bunu deyə-deyə üstümə gəlməyə başladı.

– Mən?! – Donub qaldım. Titrəyə-titrəyə gözlərinin içinə baxdım. Daha dillənməyə gücüm olmadı. Bir il idi bu evə gəlin gəlmişdim, bu günədək evdən bayıra çıxmamışdım. Eşitdiklərim məni şoka salırdı.

– Artistlik eləmə! – Elşad gərgin halda təkrar bağırdı. Hirs başına necə vurmuşdusa, daha qonşuların eşidəcəyindən belə çəkinmirdi. – Görüşün vardı?! Kimdir o qoduq? Mənə onun adını de! Adını de, gedib tapacam onu! Görüm ona kim verib bu cəsarəti, belə arxayın zəng vurur bu evə!

And-aman eləməyə başladım:

– Mən səndən başqasını tanımamışam! Belə alçaqlığı mən heç vaxt eləmərəm!

Elşad dediyim heç bir sözə inanmadı. Kinayə ilə üzümə baxdı:

– Hmm… Belə görürəm sən məni düz başa düşmədin. Eybi yox, indi düzünü deyərsən! – Bunu deyib belindəki dəri kəməri açdı. Bir ucunu əlinə dolayıb, məni vurmağa başladı.

Çığıra-çığıra taxtın böyrünə qısıldım. Əlindən qurtulmaq istədim, amma alınmadı. Kəmər dəydikcə çığırtım ərşə qalxırdı. Hər zərbədə bədənimin bir hissəsini tutub şırım açır, mənə od qoyurdu. Cızdağım çıxırdı. O, məni rəhm etmədən, gözümün yaşına baxmadan amansızcasına döyürdü. Hardan gəldi, necə gəldi kəməri çırpırdı. Əlindən qaçmağa heç cür imkanım yox idi.

Elşadı tanıya bilmirdim, gözlərini qan bürümüşdü. Sifətinin bütün əzələləri titrəyir, dodaqları əsirdi. O, məni bir neçə dəfə vurmuşdu, amma heç vaxt belə qəddar, belə əzazil davranmamışdı. Sadəcə vurmuşdu. İndi isə şəkk-şübhəsiz öldürürdü. Vura-vura eyni zamanda da bağırırdı:

– Sən məni rüsvay etmək istəyirsən? Heyif çıxırsan məndən? Heyif çıxırsan?! Tikə-tikə doğramaram səni mən?!

Mən dözməyib onun ayaqlarından yapışdım. Hönkürüb ağlaya-ağlaya yalvardım:

– Vurma! Elşad, vurma! Yalvarıram! Mənim heç bir günahım yoxdur! And içirəm!

– Kəs səsini! – O, qəzəblə bağırdı, məni özündən kənara itələdi. – Kəəsss! Səsini eşitməyim! Sənin səsin indən belə ancaq kəlmeyi-şəhadətini gətirəndə çıxa bilər, ona da əgər vaxtın qalsa! – Təzədən üstümə yeridi.

Mən diksinib vahimə içində bir az da geri çəkildim. Elşad üzümü ovcunun içinə alıb acıqla sıxdı:

– Qayıtmayacam şəhərə, yerin dibindən də olsa o oğraşı tapacam! İkinizi də yaşatmayacam! – Kəməri bu dəfə hiddətlə taxtın böyrünə çəkdi. Mənsə mənə dəyəcək qorxusuyla çığırıb, əllərimlə üzümü qapadım.

Elə bu vaxt arakəsmədə qaçaraq addım səsləri duyuldu. İlkin idi. Məni xilas edəcək deyə gözlərimə işıq gəldi.

İlkin evə keçən kimi səs-küyü eşidib, özünü bura çatdırmışdı. Qapının ağzında həyəcanla qardaşına səsləndi:

– Elşad! Nə olub?

– Sən qarışma! Çıx get! – Elşad hirslə qardaşına çəmkirdi.

– Necə qarışma e… Səsin heç bilirsən haradan eşidilir?

– Get dedim! – Elşad İlkinə bağırdı.

İlkin onu dinləməyib qapını açmaq istədi. Bağlı olduğunu görüb, təpiklə vurub qırdı. İçəri keçdi. Məni ağız-burnum qan içində görəndə İlkin dəhşətə gəldi. Qardaşına bozardı:

– Sənin başın xarab olub? Bu qızın halı nədir belə? Ayə, sən vəhşisən, ya nəsən, bu nə hərəkətdir? Almışdın ki, bu kökə salasan?!

– Bir səhvdir eləmişəm, atabaatamla! – Elşad səsini qaldırdı, acıqla mənə baxdı. – Cəzasını da çəkirəm!

İlkin məzəmmətlə qardaşına:

– Ayıbdır! Özünə gəl! – dedi. – Get bir az sakitləş, ağlın başına gəlsin!

İlkin mənə yaxınlaşıb vəziyyətimlə maraqlanmaq istədi, Elşad bunu görəndə barmağını mənə tuşlayıb hədələdi:

– Elə bilmə canın məndən qurtardı! Yoox! Səhər açılsın, mən bilirəm nə edəcəyimi! Sənin bu evdən meyitin çıxacaq, bilmiş ol!

Mən bunu duyanda qorxudan əsə-əsə hönkürdüm.

– Səsin gəlməsin dedim sənə! – Elşad qəzəblə üzümə baxdı. İrəli yeriyib məni vurmaq istədi, İlkin mane oldu. O, bütün cəhdi ilə Elşadın mənə yaxın gəlməsini əngəlləyirdi.

Elşad boyda hündür və ətli-canlı olduğu üçün İlkinin ona gücü çatmırdı. Onu tutsa da zorla saxlamışdı.

– Elşad! Bəsdir! Bəsdir, çıx get! – Səbri tükənmiş halda qardaşına səsini yüksəltdi. – Bizi millətə söydürmə!

Onu güc-bəla ilə otaqdan çıxarmağa nail olub, təkrar yanıma gəldi. Cib dəsmalını çıxarıb burnumun qanını silməyə başladı.

Mən tir-tir əsir, için-için ağlayırdım. Elə bil dərimi soyub, üstünə istiot səpmişdilər. Bütün bədənim göynəyib yanırdı.

Ağladığımı görən İlkin:

– Qorxma, – dedi. – Mən burdayam. İmkan vermərəm sənə bir də əl qaldıra. O, səni çox istəyir. Görəsən nə olub də… Beyni çönüb, dəliyə dönüb. Narahat olma, danışacam onunla.

Bir anlıq baxışlarımız toqquşdu. İlkin məyus-məyus gözlərimin içinə baxdı. Halıma acıyıb, təəssüf içində dodaqlarını bir-birinə sıxdı.

Bu anda salondan gələn səslər məni yenidən diksindirdi. Elşad əlinə nə keçdisə yerə çırpıb sındırırdı. İlkin yubanmadan iti addımlarla salona, onun yanına getdi.

Mən sarsılmış halda hələ də bu baş verənləri anlamağa çalışırdım. Sanki kabus dolu bir yuxu görürdüm. Qorxduğum başıma gəlmişdi.

İlkin Elşadı sakit edə bilmirdi. O, əşyaları vurub sındırmış, telefon aparatını belə götürüb pəncərədən həyətə atmışdı. Beton döşəməyə çırpılıb tikə-parça olan telefonun səsini öz otağımdan aydın eşitdim.

(Ardı var)
Müəllif Firuzə Davudqızı
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 5 234
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri